“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər / 20.06.2019 / 17:02

İyunun 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Polis Akademiyasının təmsilçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan DQİDK-nın sədr müavini Səyavuş Heydərov torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual məsələlərdən biri olduğunu deyib. Qeyd edib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması hər zaman prioritet olub. Vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu deyən sədr müavini Vətən təəssübünün, vətəndaşlıq və dövlətçilik mövqeyinin üstün tutulması baxımından ziyalılarımızla, təhsil müəssisələrimizlə yanaşı, dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

S.Heydərov inteqrasiya meyillərinin və mobilliyin güclənməsi, əxlaqi dəyərlərə və mədəniyyətlərə müxtəlif yanaşma və baxışların yaranması ilə müşayiət olunan qloballaşma təzahürlərinin getdikcə daha geniş vüsət aldığı indiki şəraitdə ölkəmizin istər siyasi, istər müdafiə, istərsə də təhlükəsizlik baxımından etibarlı əllərdə olduğunu bildirib. Diqqətə çatdırıb ki, hüquq mühafizə və təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda sabitlik və əmin-amanlıq yüksək səviyyədə təmin edilir. Müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik və dini-ideoloji sabitliyin prioritet məsələ olduğunu nəzərə çatdıran sədr müavini DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, ölkədəki bütün hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirildiyini deyib.  Komitənin sifarişi ilə vətənpərvərlik mövzusunda çəkilən “Şəhadət” sənədli filminin hərbi vətənpərvərliyin təbliği baxımından önəmini vurğulayan natiq filmdəki hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqlarının gənclərimiz üçün bir nümunə olduğunu deyib.

Sonra məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, işğal olunmuş ərazilərimizdə dini ibadətgahlar vandalizm aktlarına məruz qalıb. Şuşada, Ağdamda olan məscidlər fəaliyyət göstərmir, dağıdılıb və təhqir olunub. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri təkcə bu ölkənin ərazi bütövlüyünü, Azərbaycan xalqını qorumur, həm də bölgədə dini tolerantlığın qarantıdır. Ermənilər işğal altında olan alban kilsələrini qriqoryanlaşdırdığı kimi, bu torpaqlarda olan kilsələri də qriqoryanlaşdırarlar. G.İsmayılov vurğulayıb ki, tolerantlığın mühafizəçisi Azərbaycan Ordusudur. Onlar olmasa, bu torpaqlarda nə İslam, nə tolerantlıq olar.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə qeyd edib ki, bugünkü Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə olunması olduqca vacib məsələdir və bu sahədə qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. F.Nurullayev təkcə müvafiq qurumların deyil, eləcə də dini icmaların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müəyyən tədbirlərin keçirdiyini diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinin rəisi Bünyad Qaralov çıxışlarında bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda son illərdə çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini veribdir. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Natiqlər vurğulayıblar ki, Milli Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. O da qeyd olunub ki, 2016-ci ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərmiş oldu. Vurğulanıb ki, Azərbaycan Ordusu istər silah, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov təmsil etdikləri qurumların hərbi vətənpərvərliyin gücləndirilməsi sahəsində gördüyü işlərdən danışıblar. Natiqlər deyiblər ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun  tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Qeyd olunub ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində  məqsədəuyğun və sistemli iş aparılmaqdadır.

Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Svechnikov, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dini radikalizmə qarşı mübarizədə, o cümlədən milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər.

 

 


Son baxılan xəbərlər

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu müzakirə olunub

Press-relizlər
26.04.2017 / 17:12
Ətraflı oxu

Azərbaycandakı dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara MÜRACİƏTİ

Press-relizlər
28.03.2018 / 14:24
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

Şəkidə dini radikalizm və onun fəsadlarına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
31.05.2017 / 14:37
Ətraflı oxu

Nəsimi rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
09.02.2017 / 10:13
Ətraflı oxu

Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib

Press-relizlər
10.11.2016 / 17:37
Ətraflı oxu