
Press-relizlər / 03.06.2019 / 10:37
İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2019-cu il üçün birgə fəaliyyət planına əsasən Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə "N" saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Nuru İmanov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, zabit və əsgərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev hərbi hissələrdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən tədbir və seminarların əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov bildirib ki, istənilən şəraitdə Azərbaycan xalqının və dövlətinin təəssübünü hər bir vətəndaş çəkməlidir. Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin və maarifləndirmənin əvəzsiz rol oynadığı vurğulanıb.
Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov öz çıxışında dini radikalizm və ekstremizmin fəsadlarından qorunmaq üçün təhsilin zəruri olduğunu diqqətə çatdırıb.