
Press-relizlər / 29.03.2019 / 17:38
Martın 29-da Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Göyçay rayon Polis şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Göyçay şəhər 7 saylı tam orta məktəbdə keçirilən tədbirdə Göyçay RİH başçısının müavini, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisiyanın sədri Zivər Zeynalova, rayon polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon təhsil şöbəsinin, rayon prokurorluğunun, rayon mərkəzi xəstəxanasının əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə zərərli vərdişlərdən biri olan narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib, dini radikalizmin dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biri olması və ona qarşı mübarizədə bu və buna bənzər maarifləndirici tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə eyni zamanda erkən nikahların qarşısının alınması və bu sahədə görülən işlərdən də ətraflı məlumat verilib.