
Press-relizlər / 21.02.2019 / 09:28
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Bərdə rayon Uğurbəyli kənd məscidində 26 Fevral Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, dini icma sədrləri, din xadimləri, dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov ermənilər tərəfindən tarix boyu xalqımızın başına gətirilən müsibətləri qeyd edərək azərbaycanlıların öz əzəli torpaqlarından zorla köçürüldüyünü vurğulayıb. O, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq şəhid adının ölkəmizdə hər zaman uca tutulduğunu bildirib.
Daha sonra çıxış edən Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov Xocalı faciəsi zamanı çoxlu sayda günahsız insanın şəhid olduğunu, əsir və itkin düşdüyünü bildirib. Qeyd edib ki, bu gün dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bu qanlı faciəni rəsmi olaraq tanıyır.
Tədbirdə çıxış edən Bərdə şəhər Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev, şəhid atası Bərxudar Rüstəmov Xocalı faciəsi qurbanlarının əziz xatirəsinın xalqımız tərəfindən hər zaman uca tutulduğunu qeyd edərək, ölkə rəhbərliyinin şəhid ailələrinə, Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğını vurğulayıblar.