Prezident İlham Əliyev: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir”

Xəbərlər / 30.01.2019 / 11:26

“Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.” Bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı səsləndirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. “Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.

Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək.”

Biz bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir. Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir. İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.

Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir.

Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.

On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib.

Son baxılan xəbərlər

Lerikdə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.05.2018 / 16:20
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
23.08.2017 / 15:28
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Saatlıda dini maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.02.2018 / 12:47
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
18.01.2018 / 17:37
Ətraflı oxu

Astarada dini radikalizm və onun fəsadları mövzusu müzakirə olunub

Press-relizlər
14.02.2019 / 10:55
Ətraflı oxu