Bakıda "Uşaq və gənclərin mənəvi inkişafı: necə və nə etməli?” mövzusunda konfrans keçirilib

Xəbərlər / 31.10.2018 / 17:16

Oktyabrın 31-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Uşaq və gənclərin mənəvi inkişafı: necə və nə etməli?” mövzusunda konfrans keçirilib.

Tədbirdə Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimləri və məktəb psixoloqları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi orqanın fəaliyyəti barədə məlumat verərək DQİDK-nın dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, eləcə də dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi kimi vəzifələrinin olduğunu bildirib. Vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət orqanları, o cümlədən Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. “Hazırda respublikamızda geniş maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. Bu tədbirlərin keçirilməsində məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin qorunması və daha da inkişaf etdirilməsidir.”- deyə G. İsmayılov əlavə edib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır. Dinin siyasiləşdirilməsi yol verilməzdir və bu, bizim qarşımıza qoyduğumuz hədəflərdən biri olmalıdır. G. İsmayılov təəssüflə onu da qeyd edib ki, bəzi dairələr tərəfindən məqsədli şəkildə milli kimliyimizlə dini kimliyimiz qarşı-qarşıya qoyulur.

DQİDK-nın sədr müavini zərərli dini təbliğatdan qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının önəminə də toxunub.

Daha sonra çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Mövzunun aktuallığından da danışan sektor müdiri bu cür müzakirələrin mütəmadi davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Təqdimatla çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov deyib ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir və ölkəmizdə müxtəlif dünyagörüşünə məxsus insanlar yaşayır. Hər kəsin hüquqi bərabərliyi, azadlığının təmin olunduğu belə bir cəmiyyətdə dini bilgilərin insanlara çatdırlması mühüm əhəmiyyət daşıyır.

Konfrans müzakirələrlə davam edib. 


 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Radikal qüvvələr din adı altında İslam dininə zərbə vurmağa çalışırlar”

Xəbərlər
11.02.2020 / 15:10
Ətraflı oxu

Yardımlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.10.2019 / 15:40
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Xəbərlər
16.04.2019 / 17:10
Ətraflı oxu

Şimal bölgəsində Xocalı faciəsi anılıb

Xəbərlər
23.02.2021 / 12:33
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmir”

Açıqlama
23.11.2015 / 14:30
Ətraflı oxu