Ağsuda “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar–müşavirə keçirilib

Press-relizlər / 18.10.2018 / 15:39

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağsu Rayon İcra Hakimiyyətində “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar –müşavirə  keçirilib. 

Tədbirin əvvəlində DQİDK-nın sifarişi əsasında çəkilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, eləcə də dini fanatizmin və radikalizmin qurbanına çevrilmiş, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərin ailə faciəsindən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağsu, Şamaxı, İsmayıllı, Göyçay və Qəbələ rayonlarının yerli strukturlarının rəhbərləri, bölgənin din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. RİH başçısı vurğulayıb ki, ölkəmizdəki tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.

Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, Azərbaycanın öz multikultural dəyərləri ilə dünyada islamofobiya adı altında müsəlman ölkələrinə yönəlmiş tənqid və etirazları puça çıxarması ölkəmizə qarşı təhdid və təzyiqlərin daha da artması ilə nəticələnib. “Olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir”-deyə, Səyavuş Heydərov əlavə edib.

Sədr müavininin sözlərinə görə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri məhz dini təhlükəsizlikdir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən danışmaq olar. Sistemləşdirərək deyə bilərik ki, dini təhlükəsizlik milli təhlükəsizliyin başlıca tərkib hissəsidir. Səyavuş Heydərov onu da deyib ki, respublikamız mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir.

Sədr müavini bildirib ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi ünsürlərlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verərək qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir. Onun sözlərinə görə, nə qədər dindən siyasi məqsədlər üçün istifadə olunsa, dini radikalizm də müəyyən formalarda özünü göstərəcək. Ona görə də dövlət orqanları və cəmiyyətimiz birlikdə dini radikalizmlə mübarizədə fəaliyyət göstərməlidir.

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov və Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oktay Tağıyev dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat veriblər. Natiqlər, eyni zamanda dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq mühafizə orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdikləri qurumların müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıblar. 

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev dövlətin daim din xadimlərinə qayğı göstərdiyini söyləyib. Natiq ölkə rəhbərliyinin diqqət və qayğısı ilə respublikamızda onlarla məscidin tikilib və əsaslı təmir edildiyini vurğulayıb. Din xadimlərinin daim öz fəaliyyətlərində dövlətçilik və Azərbaycançılıq prinsiplərini uca tutaraq ölkəmizdəki mövcud tolerantlıq və birgəyaşayış mühitinin, vəhdətin daha da möhkəmlənməsinə çalışdıqlarını və heç zaman xarici yad ideologiyaların ölkəmizdəki dini mühitə daxil olmasına imkan verməyəcəklərini bildirib.


Son baxılan xəbərlər

Kürdəmirdə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.12.2018 / 10:25
Ətraflı oxu

Səyyad Salahlı: "Gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir"

Xəbərlər
07.12.2018 / 15:11
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Dövlət Bayrağı Günü münasibətilə Cocuq Mərcanlıya səfər edib

Press-relizlər
12.11.2018 / 10:20
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu