İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər / 15.10.2018 / 10:19

Prezidentin təşəbbüsü ilə yaradılan İlahiyyat İnstitutu peşəkar, intellektual dini mütəxəssislərformalaşdırmaqla yanaşı, ölkəmizin qlobal miqyasda islam həmrəyliyini möhkəmləndirməyə yönələn fəaliyyətinə də əməli dəstək olacaq
Son illərdə Qərbdə geniş yayılan irqçilik, islamofobiya kimi zərərli meyillər, Yaxın Şərqdə isə islam adına aparılan müharibələr, "Allahu əkbər” şüarı ilə həyata keçirilən terror dünyada islamın imicinə böyük zərbə vurur.
Təəssüf ki, dünyada islam dedikdə Mövlana Cəlaləddin Ruminin, Nəsirəddin Tusinin, Bektaş Vəlinin, Yəhya Bakuvinin adlarından daha çox Bin Laden, əl-Bağdadi, Molla Ömər və başqa terror təşkilatlarının rəhbərləri xatırlanır. Eyni zamanda, islam dinini dünyada artıq terror, müharibə ilə assosiasiya etməyə çalışan məlum şəbəkə də fəallaşıb. Bəlkə də İŞİD və başqa "islamçı” qruplaşmaları yaradanların da məqsədi elə budur: dünyadan islamı təcrid etmək və dini savaşlar üçün alətə çevirmək...
Lakin islamı terrorizmlə eyniləşdirənlər yaxşı bilirlər ki, bunlar yanlış, yanlış olduğu qədər də absurddur. Halbuki islam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir. Tarix boyunca islam müxtəlif dini etiqadlara malik olan insanların sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamasını dəstəkləmişdir.
Tolerantlıq və multikulturalizm məkanı
Əhalisinin böyük əksəriyyətinin islam dininə mənsub olmasına baxmayaraq, Azərbaycan da o ölkələrdəndir ki, burada digər dinlərə münasibət hörmətə əsaslanır, insanların tolerantlıq və multikulturalizm şəraitində yaşamasına hər cür şərait yaradılıb.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik yaşam normasına çevrilib.
Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Elə Prezident İlham Əliyevin bu ilin fevral ayının 9-da imzaladığı sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində İlahiyyat İnstitutunun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını, inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Məzhəblərüstü, xurafatdan uzaq tədris sistemi qurmaq istəyirik
Bu günlərdə yeni yaradılan bu təhsil müəssisəsində dərs prosesi ilə tanış olduq, müəllimlərlə, tələbələrlə söhbətləşdik. İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirdi ki, təhsil ocağının əsas məqsədlərindən biri bu sahədə olan kadr ehtiyacını ödəmək, Azərbaycan üçün din xadimləri, eyni zamanda, dinşünas mütəxəssislər yetişdirməkdir. Rektorun məlumatına əsasən, indiyə qədər Azərbaycandan təxminən 3 min nəfər xaricdə dini təhsil alıb. Onlardan bir hissəsi Azərbaycana dönüb müxtəlif sahələrdə çalışsalar da, ümumi araşdırmalar göstərir ki, bir qismi o ölkələrdəki zərərli dini-ideoloji təsirlərə məruz qalıb, yaxud həmin dövlətlərdəki dini adət-ənənələri Azərbaycana qayıtdıqdan sonra tətbiq etməyə çalışıblar: "Hazırda dinlə bağlı problemlər bir çox müsəlman ölkələrində mövcuddur. Radikal, ekstremist təriqətlər var, zaman-zaman onlar da çalışıb ki, Azərbaycana gəlsinlər, amma dövlət qurumları bunun qarşısını alıb. Eyni zamanda, dinə xurafat, mövhumat elementlərinin daxil edilməsi kimi hallar da zamanla müşahidə edilib. Biz bunu xüsusilə vurğulamalıyıq ki, Azərbaycan tarixən dinlərin, mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı məkan olub. Bizim də məqsədimiz odur ki, məzhəblərüstü, mövhümatdan, xurafatdan uzaq tədris sistemi quraq. İstəyirik ki, yüksək dini, dünyəvi biliklərə, intellektual səviyyəyə malik, Azərbaycanı sevən, dövlətinin mövqeyində olan din xadimləri, mütəxəssislər yetişdirək. Həm də bu mütəxəssislər Azərbaycanın mədəniyyəti, tarixi, mənəviyyatı ilə bağlı insanlar olmalıdırlar”.
Məscidlərin din xadimləri ilə təmin edilməsinə böyük ehtiyac var
Ceyhun Məmmədov qeyd etdi ki, Azərbaycanda indiyə qədər iki məktəbdə ali dini təhsil tədris edilib: Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində və Bakı İslam Universitetində. Hər iki təhsil müəssisəsindən xeyli sayda mütəxəssis yetişsə də, bu sahədə ciddi kadr çatışmazlığı vardı. Nəzərə alaq ki, Azərbaycan yeni müstəqillik əldə etdikdə ölkədə 18 məscid var idisə, hazırda onların sayı 2250-dir və hamısının din xadimləri ilə təmin edilməsinə böyük ehtiyac var: "Bu gün məscidlərdə, ibadət ocaqlarında, təhsil müəssisələrində, Milli Elmlər Akademiyasında, müəyyən institutlarda dinşünas mütəxəssislərə ehtiyac var. Onu da vurğulamaq istəyirəm ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahəyə qayğı artdı və dini təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli işlər görüldü. 1993-cü ilin əvvəllərində ölkəmizdə din sahəsində çox ciddi çətinliklər var idi, zərərli təriqətləri, təlimləri Azərbaycanda yaymağa çalışırdılar. Amma ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan öz dini və milli təhlükəsizliyini təmin etdi. Həmçinin cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu təhsil müəssisəsi də diqqət mərkəzindədir və dövlətin qayğısı ilə əhatə olunub”.
Rektor deyir ki, İlahiyyat İnstitutunda təhsil beynəlxalq standartlara uyğun qurulub: "Biz təhsil standartlarını, tədris planlarını hazırlayarkən Avropanın, Amerikanın və digər dünya ölkələrinin təcrübələrini ciddi şəkildə araşdırmışıq. Buranı bitirən tələbələrin gələcəkdə xarici ölkələrdə təhsillərini müxtəlif istiqamətdə davam etdirmələri, xarici dil biliklərini yüksək səviyyədə inkişaf etdirmələri nəzərdə tutulur. Bizim yüksək səviyyəli dil bilən ilahiyyatçılara da ehtiyacımız var ki, onlar bizi xaricdə layiqincə təmsil etsinlər”.
Tələbələrin hər biri işlə təmin olunacaq
"Bu təhsil müəssisəsini bitirən tələbələr gələcəkdə işlə təmin olunacaqlar və bununla bağlı dövlətin müəyyən planları var”- deyən Ceyhun Məmmədov məlumat verir ki, bütün dini ibadət ocaqlarında, dini qurumlarda bilikli, savadlı mütəxəssislərə ehtiyac yaranıb: "Elə qurumlar var ki, hətta indidən bizə müraciət edərək işə götürmək üçün tələbələri səbirsizliklə gözlədiklərini deyirlər. Prezidentin göstərişi ilə institutda təhsil tam ödənişsizdir və bütün təhsil prosesi, tələbələrin ehtiyacı dövlət tərəfindən təmin olunur. Həmçinin pulsuz yemək, yataqxana, geyim kimi məsələlərin də həll olunması qarşıya hədəf kimi qoyulub”.
Rektorun sözlərinə görə, indi fəaliyyət göstərdikləri bina əvvəllər BDU-nun İlahiyyat fakültəsinə aid imiş. Amma indi onlar üçün yeni bina ayrılıb və təmir işləri gedir. Hazırda institutda 103 tələbə təhsil alır və dinşünaslıq ixtisasını seçən tələbələr test yolu ilə qəbul olunurlar, islamşünaslıq ixtisasını seçənlər testdən əlavə, psixologiya üzrə komissiya tərəfindən dinə, ənənələrə olan münasibətlər və sair məsələlər barədə müsahibədən də keçirlər: "Ola bilər ki, növbəti ildə tələbə qəbulunun sayı artırılsın və bu, daha çox mütəxəssisə olan ehtiyaca görə tənzimlənəcək. Qarşıda duran əsas hədəflərdən biri, növbəti ildə dinşünas-pedaqoq ixtisasının açılmasıdır. Həmçinin istəyirik ki, beynəlxalq universitetlərlə əməkdaşlıq edək, onların təcrübələrindən yararlanaq və Azərbaycan üçün uyğun olan variantı burada da tətbiq edək. İnstitut təhsil müəssisəsi olmaqla yanaşı, qarşısına məqsəd qoyub ki, araşdırmalar aparsın, elmi-tədqiqat müəssisəsi rolunu oynasın”.
İlahiyyat İnstitutu yeni təhsilin güclü ünvanıdır
İlahiyyat üzrə fəlsəfə doktoru, institutun elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov bizimlə söhbətində bildirir ki, bu institut böyük zərurətdən yaranıb: "Çünki din boşluq qəbul etməyən sahədir. Dünyaya, xüsusilə də Orta və Yaxın Şərqə diqqət etsək görərik ki, din sahəsi boş buraxılanda hansı fəsadlara yol açır. Bu fəsadların da səbəblərindən biri dinin doğru və obyektiv bir şəkildə insanlara çatdırılmamasıdır. Bəzən görürsünüz ki, burada məzhəbçilik, radikalizm, fanatizm amilləri rol oynayır. İslam dünyasının müxtəlif yerlərində mədrəsələrdə baxırıq ki, tamamilə məzhəbçi və dini müasir standartlarda təqdim etməyən bir sistem var. Belə bir sistemin tətbiqi çox mühümdür və İlahiyyat İnstitutu da tək bizim dinimizi deyil, digər ibrani dinləri, xristianlığı, yəhudiliyi tədris edir”.
İlahiyyat elmləri üzrə fəlsəfə doktoru, İslamşünaslıq kafedrasında müdir vəzifəsini icra edən Əhməd Niyazov deyir ki, din və inanc cəmiyyətin ən böyük tələblərindən biridir və bu gün insanların dini tələbatı daha da artıb: "Buna görə də əslinə uyğun, saf əqidəni davam etdirəcək mükəmməl kadrlara ehtiyac var və yeni təhsilin güclü ünvanı İlahiyyat İnstitutu bu gözləntini təmin edəcək. Müqəddəs kitabımız Quranın sülh təklifini ictimaiyyətdə bərqərar etmək gücünə malik layiqli kadrlar yetişməsini arzu edirik”.
Azərbaycan dünyəvi dövlət olduğu üçün burada tədris də dünyəvi mahiyyətdədir
Fəlsəfə üzrə fəlsəfə doktoru, Dillər və ictimai fənlər kafedrasında müdir vəzifəsini icra edən İlkin Əlmuradov məlumat verir ki, institutda bir fakultə, üç kafedra və iki ixtisas - dinşünaslıq və islamşünaslıq var. Burada tələbələrə ingilis və ərəb dillərindən də təhsil verilir: "Biz ənənəvi üsullarla yanaşı, dövrün tələblərinə uyğun olaraq daha müasir metodlarla tələbələrə dərs deməyə səy göstəririk. Məsələn, İlahiyyat İnstitutunun hazırkı binasında bütün əksər otaqlarda proyeksiya qurğusu mövcuddur, müəllimlər dərslərini slaydlar vasitəsilə tədris edirlər. Biz dinlərə elmi nöqteyi-nəzərdən yanaşırıq. Hazırda institutda təhsil alan tələbələrin hamısı islam dininə mənsub olanlardır, qeyri-dinlərin təmsilçiləri yoxdur, amma maraqlıyıq ki, növbəti illərdə digər dinlərin mənsubları da bizim tələbə heyətimizin arasında təmsil olunsunlar”.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Camalov qeyd edir ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün burada tədris də dünyəvi mahiyyətdədir: "Məqsədimiz yüksək ixtisaslı kadrlar yetişdirməkdir. Dini elmi cəhətdən, elmi əsaslarla, dünya təcrübəsinə əsaslanaraq tətbiq edirik. Biz burada din fəlsəfəsi, dinin psixologiyası, sosiologiyası, müqəddəs mətnlər, hind-Çin dinləri, xristianlıq, yəhudilik, müqəddəs kitabların hermenevtikası kimi geniş səpkidə bir tədris həyata keçiririk”.
Yüzlərlə gəncin dini təhsil alma arzusu gerçəkləşdi
Dinşünaslıq fakültəsinin 1-ci kurs tələbəsi Fərid Qasımzadə uşaqlıqdan ilahiyyatçı olmaq istəyib: "Lakin indiyə qədər ilahiyyat təhsili ödənişli olduğu üçün mənim ilahiyyatçı olmaq arzum sual altında idi. Bu institutun yaradılması ilə mənim kimi yüzlərlə gəncin dini təhsil alma arzusu, istəyi gerçəkləşdi. İlahiyyatçı olmaq arzumun səbəbi isə mükəmməl dini təhsilə yiyələnməklə dövlətimə xidmət etmək istəyidir. İnstitut yeni yaranmasına baxmayaraq hər bir şəraiti var və tələbələr qayğı ilə əhatə olunub. Tələbələrin isə üzərinə düşən vəzifə odur ki, təhsili yüksək səviyyədə davam etdirərək ixtisaslı kadra çevrilsinlər”.
"İxtisas seçimimdə İlahiyyat İnstitutunu ilk sıralarda göstərmişdim” - deyən institutun 1-ci kurs tələbəsi Toğrul Nadirov isə vurğulayır ki, hələ məktəb illərindən dinlərə böyük marağı olub. Təkcə islam dini deyil, digər dinlər haqqında da öyrənməyə çalışıb və istəyib ki, bununla bağlı daha geniş təcrübəsi olsun.
İnstitutun kitabxanasında 13 min ədəbiyyat mövcuddur
İnstitutda 13 min ədəd kitabın olduğunu deyən kitabxanaçı Emin Orucov söyləyir ki, burada əsasən Azərbaycan, ərəb, rus, ingilis, türk dillərində olan kitablar var.
Kitabxanada açıq rəf sistemidir və tələbələr özləri istədikləri kitabları götürərək istifadə edirlər. Burada dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya və digər elmlərə aid kitablar da mövcuddur.
Adı çəkilən təhsil müəssisəsində olarkən müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dünya standartlarına uyğun yeni bir təhsil ocağının əsası qoyulub və burada yüksək dini savada, intellektə malik mütəxəssislər yetişəcək.
Ümid edirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan İlahiyyat İnstitutu nəinki Azərbaycanda, Qafqazda, hətta dünyada sayılıb-seçilən dini təhsil müəssisəsinə çevriləcək.
 
Yasəmən MUSAYEVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan” qəzeti


Son baxılan xəbərlər

Masallıda Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib

Xəbərlər
29.08.2019 / 13:46
Ətraflı oxu

Kürdəmirdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.03.2018 / 15:33
Ətraflı oxu

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

Xəbərlər
26.02.2020 / 11:20
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu