Mingəçevirdə keçirilən regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər / 26.09.2018 / 15:16

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans sentyabrın 26-da işini panel formatında davam etdirib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavini İlham İsmayılov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, orta məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov bölgədəki dini durum haqqında məlumat verib. İ.İsmayılov mövzunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, dini maarifləndirmə sahəsinə böyük diqqət ayrılmalıdır. O, həmçinin vurğulayıb ki, gənclərin dini radikal qrupların təsiri altına düşməsinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır.
DQİDK sədrinin müavini Gündüz İsmayılov çıxışında dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dinə hüquq, vicdan azadlığı, milli-mənəvi dəyər prizması ilə yanaşı, həm də dövlətin və cəmiyyətin dini-ideoloji, ictimai təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Sədr müavini vurğulayıb ki, cəmiyyətin dini-ideoloji təhlükəsizliyinin pozulması milli və ictimai təhlükəsizliyə təhdiddir. Buna görə də dini kimliyin milli kimliyə qarşı qoyulmasına, dindar kontingent arasında dünyəviliyin və ənənəvi İslamın zəiflədilməsi cəhdlərinə və xurafatın güclənməsinə qarşı mübarizə aparmaq zəruridir.
G.İsmayılov dini radikalizm və ekstremizmlə mübarizədə görülən işlərdən də bəhs edib. O, bu istiqamətdə əsas vasitənin maarifləndirici və inzibati metod olduğunu bildirib. Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan sədr müavini dinin ənənəvi İslam kontekstindən təbliğinin cəmiyyətin dini və dünyəvi cəhətdən iki hissəyə ayrılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd edib.
Daha sonra çıxış edən Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov dini radikalizm və onun əsas təbliğat metodları haqqında danışıb. Radikal dini qrupların xüsusilə gəncləri təsir altına salmaq üçün müxtəlif metodlardan istifadə etdiklərini deyən natiq bu qrupların insanların müxtəlif mənbələrdən dini bilgilər almasını məhdudlaşdırmağa çalışdıqlarını vurğulayıb. Qeyd edib ki, radikal dini qrupların təsirinə düşməmək üçün dini biliklərlə yanaşı, dünyəvi elmlərin də mənimsənilməsi vacibdir. Bildirib ki, bu işdə şagirdlərlə mütəmadi təmasda olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür.
Konfransın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusu müzakirə olunub

Press-relizlər
29.08.2018 / 14:19
Ətraflı oxu

İmişlidə seminar-müşavirə: “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi”

Press-relizlər
09.04.2019 / 15:34
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.01.2018 / 14:59
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.09.2018 / 16:38
Ətraflı oxu

Prezident İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub

Xəbərlər
20.07.2018 / 17:37
Ətraflı oxu