Rektor: İlahiyyat İnstitutunu bitirənlər həm müxtəlif qurumlarda işləmək, həm də din xadimi olmaq imkanı qazanacaqlar

Müsahibələr / 26.07.2018 / 15:30

Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu ilin mayında isə müvafiq Sərəncamla ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub. C.Məmmədov rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətləri, abituriyentlərin qəbul qaydaları barədə AZƏRTAC-ın suallarını cavablandırıb:

– Azərbaycan İlahiyyat İnstitutunun yaranmasını zəruri edən səbəblər hansılardır?

– Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir. Bildiyiniz kimi, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanmışdı. Azərbaycanda dini ənənənin zəiflədilməsi ilə müəyyən problemlər yaranmağa başladı. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda bu sahəyə diqqət daha da artdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən etibarən din sahəsinə xüsusi qayğı göstərildi. Məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Ancaq bu gün ölkəmizdə 2000–dən artıq məscid fəaliyyət göstərir. Bu məscidlərin savadlı, bilikli, zəngin dünyagörüşlü din xadimlərinə, müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində ilahiyyatçılara böyük ehtiyacı var.

- Tələbələr üçün Azərbaycan İlahiyyat İnstitutunda hansı imkanlar yaradılıb? Başqa sözlə, abituriyentlər İlahiyyat İnstitutunu seçməklə hansı üstünlüklər əldə edirlər?

- Əvvəlcə onu bildirim ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz əsaslarla olacaq. Bütün qəbul olan tələbələr təqaüdlə təmin ediləcək. Tələbələr beynəlxalq mübadilə proqramları vasitəsilə bir semestr və ya daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı əldə edəcəklər. Eyni zamanda, yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə bilərlər. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmasına, dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm veriləcək. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin din xadimi kimi işləmək imkanı qazanacaqlar. İnstitutun əsas fərqli cəhətlərindən biri dövlət təhsil müəssisəsi olması və dövlət tərəfindən maliyyələşdirilməsidir. Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Onların institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə işlər aparılır.

– Biz artıq qəbul ərəfəsindəyik. İnstituta qəbul hansı formada aparılacaq?

– Bu il artıq instituta qəbul üçün 60 yer ayrılıb. Onlardan 35-i islamşünaslıq ixtisası, 25-i isə dinşünaslıq ixtisası üzrədir. Üçüncü qrupa imtahan verənlər həmin ixtisasları seçə bilərlər. İslamşünaslar əlavə olaraq psixoloji testdən də keçəcəklər. Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat iyulun 29-dan 31-dək, boş qalan yerlərə qeydiyyat isə avqustun 15-də və 16-da, ilk imtahan avqustun 1-dən 6-dək, boş qalan yerlərə imtahan isə avqustun 17-dən 20-dək aparılacaq. Artıq burada komissiya yaradılıb. Komissiyada DİM-in, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və müəllimlərimiz təmsil olunacaq. Məqsəd və hədəfimiz ondan ibarətdir ki, islamşünaslıq ixtisasını bitirənlər öz sahələri üzrə çalışsınlar və müvafiq istiqamətdə maraqlı və hərcəhətli hazırlıqlı insanlar olsunlar.

– Abituriyentlər institutda hansı fakültə və ixtisasların olacağını bilmək istəyirlər. Bu ixtisaslar arasındakı fərqlər nədir?

– İnstitutda iki ixtisas üzrə tələbə qəbulu aparılacaq. İslamşünaslar İslam üzrə mütəxəssis olsalar da, digər dinlər üzrə də məlumatlara yiyələnəcəklər. Amma əsas istiqamət İslamı dərindən öyrənməkdir. Dinşünaslar isə bütün dinlər, xüsusilə də İslam, yəhudilik, xristianlıqla bağlı geniş bilgilərə sahiblənəcəklər. Onlar daha çox alim, din araşdırmaçıları kimi yetişəcəklər.

Bir sıra dövlət qurumlarında belə mütəxəssislərə zaman-zaman ehtiyac yaranır. Növbəti ildə dinşünas-pedaqoq ixtisası açmaq planımız da var. Bunlar artıq sırf təhsil müəssisələrində çalışmaq üçün yetişdiriləcəklər. Bu gün Azərbaycanın bir sıra təhsil müəssisələrində dinlərlə bağlı fənlər tədris olunur. Bununla dinşünas-pedaqoqlara olan ehtiyac təmin ediləcək. Eyni zamanda, yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də planlarımızda var.

– Təcrübə göstərir ki, digər ölkələrdə də spesifik ixtisaslara qəbul zamanı şəxsin ixtisasa uyğunluğu yoxlanılır və bu da böyük nəticələr verir. Komissiya sırf bu sahəyə meyilli şəxslərə üstünlük verəcəkmi?

– Biz hər iki ixtisas üzrə təhsil alan şəxslərin çox dərin biliklərə malik, eyni zamanda, nümunəvi şəxsiyyət kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq. Din sahəsi çox həssas bir istiqamətdir. Din xadimləri müəyyən kütləyə təsiretmə imkanına malikdirlər və əhalinin müəyyən qrupları ilə işləyirlər. Ona görə də onların hazırlığı, müəyyən xüsusiyyətlərə malik olmaları xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, komissiyanın işi olduqca vacibdir. Tələbələri seçərkən qeyd etdiyimiz həmin məqamlara xüsusi diqqət yetiriləcək.

– Yeni qurumun yaradılması, yeni çağırışlar, yeni tələblərin olduğunu da göstərir. İlahiyyat İnstitutunun fəaliyyətinin təşkili ilə bağlı hansı tədbirlər görülür? Tədris prosesinin hazırlanması üçün beynəlxalq təcrübədən istifadə olunacaqmı?

– İnstitutun fəaliyyətə başlanması üçün lazımi bütün addımlar atılır. Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir, təcrübələrindən yararlanırıq. Türkiyədə, İranda, Rusiyada, Malayziyada və İndoneziyada və s. ölkələrdə sırf bu sahədə ixtisaslaşmış təhsil müəssisələri mövcuddur. Türkiyənin bir sıra universitetlərində ilahiyyat fakültələri fəaliyyət göstərir. Çünki əhalinin sayı baxımından Türkiyədə bu sahəyə böyük tələbat var. Türkiyənin Diyanət İşlər Başkanlığı da bu işlərə çox ciddi diqqət yetirir. Türkiyə ilə yanaşı, Avropanın, Amerikanın müxtəlif universitetlərində də bu ixtisaslar üzrə təhsil verilir. Əlbəttə, biz bu dövlətlərin təcrübəsindən də faydalanacağıq.

Ümumiyyətlə, din bu gün dünyada ən həssas məsələlərdəndir. Hər hansı bir dövləti qarışdırmaq, təhlükəsizliyinə xələl gətirmək üçün din amilindən müasir dünyada istifadə olunur. Bu gün biz Yaxın Şərqdə görürük ki, müxtəlif dini təriqətlər, cərəyanlar yaranır. Bunlar arasındakı ixtilaflar, fikir ayrılıqları sonda münaqişələrə gətirib çıxarır. Bu baxımdan bu sahənin dövlət nəzarətində olması vacibdir. Əsas hədəflərdən biri də odur ki, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq, sevgi olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün olmamalıdır.

– Tədris prosesinə xarici mütəxəssislər cəlb olunacaq?

– Dünyada xaricdən bir semestrlik, yaxud birillik xarici mütəxəssislərin cəlb olunması təcrübəsi mövcuddur. Bizim də belə planlarımız var. Hazırda bütün ixtisaslar üzrə müəllimləri toplamışıq. Gələcəkdə xarici təhsil müəssisələri ilə həm müəllim, həm də tələbə mübadiləsini həyata keçirməyi nəzərdə tutmuşuq. Bu gün elə azərbaycanlı ilahiyyatçılar var ki, onlar Türkiyədə yaşayır və bu ölkənin oradakı təhsil müəssisələrində çalışırlar. Avropada işləyən, Amerikaya köçən mütəxəssislərimiz də var. Fəaliyyətimizdə beynəlxalq əlaqələr prioritet istiqamət olacaq. Bu gün Oksford Universitetində və Kembric Universitetində belə İslamla bağlı tədqiqatlar aparılır. Biz həmin mütəxəssislərlə mütləq əməkdaşlıq quracağıq. Onlar tədris prosesində, bizim konfranslarımızda iştirak edə bilərlər. Bir sözlə, xarici mütəxəssislərlə mütəmadi və sıx şəkildə işləməyi nəzərdə tutmuşuq. Təcrübə mübadiləsi olduqca vacib məsələdir. Onu da deyim ki, bu institut yaradılandan sonra xaricdən bizə yetərincə müraciətlər də daxil olub. Vaxtilə Azərbaycandan xaricə köçüb, indi gəlib burada işləmək istəyən və əməkdaşlıq etmək istəyənlər çoxluq təşkil edir.

– İnstitutda hansı dünyəvi fənlər tədris olunacaq?

- Hesab edirik ki, tələbələrimiz tarixi, ədəbiyyatı, incəsənəti, informatikanı, fəlsəfəni və xarici dilləri mütləq yaxşı bilməlidirlər. Tələbələrə ərəb, ingilis, rus və fars dillərini yaxşı öyrətmək hədəflərimizdəndir. Bunların bir hissəsi tədris prosesində, bir hissəsi isə əlavə kurslarda öyrədiləcək. Sosiologiya, psixologiya, fəlsəfə və şəraitdən asılı olaraq digər dünyəvi fənləri də tədris etməyi düşünürük. İnstitutu bitirənlər dini yaxşı bilməklə yanaşı, dünyəvi fənləri də dərindən mənimsəməlidirlər.

- Qeyd etdiyiniz kimi, bir sıra Şərq ölkələrində münaqişələr baş verir. Ölkəmizdə dini radikalizm, ekstremizmlə mübarizə yüksək səviyyədə aparılır. Bəs institut dini radikalizmlə mübarizə ilə bağlı hansı işləri görməyi düşünür?

- Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını görürük. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin milli mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisidir. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir. Din və terrorizm bir-birinə zidd anlayışdır. Radikal, ekstremist qruplaşmaların törətdikləri münaqişələr və qarşıdurmalar İslam dininə xələl gətirir. Bununla da onlar İslamı terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Radikalların öz əməllərini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı mübarizə aparmalıyıq. Əvvəl də qeyd etdiyim kimi, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün olmamalıdır. Bütün ölkə vətəndaşları dövlətimiz ətrafında sıx birləşməlidir.

Son baxılan xəbərlər

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

Qeyri-islam təmayüllü dini qurumların rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə ...

Bəyanat
06.06.2015 / 14:09
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
14.09.2018 / 11:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

Arxiv
15.12.2017 / 18:00
Ətraflı oxu

“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:29
Ətraflı oxu