Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama / 24.07.2018 / 09:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev  Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində həyata keçirdiyi tədbirlər barədə danışıb.
Bildirib ki, dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin qorunması və təşviqi istiqamətində maarifləndirmə işinin aparılmasına və təşkilinə xüsusi diqqət yetirilir:
“Bu məqsədlə Dövlət Komitəsi aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir. Ölkə əhalisinin təqribən 96 faizi müsəlmanlardan ibarətdir və Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dini maarifləndirmə işi aparmaq məqsədilə silsilə tədbirlər həyata keçirir. Eyni zamanda din xadimlərinə maddi dəstək göstərilir.
S.Mirzəyev vurğulayıb ki, ötən illərdə olduğu kimi cari ildə də dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir. Dövlət Komitəsi sədrinin əmrinə əsasən, təkcə bu ilin yeddi ayı ərzində Bakı şəhərində 8 konfrans, 1 respublika müşavirəsi, bölgələrdə isə 8 regional konfrans, 11 seminar-müşavirə və 9 seminar-treninq keçirilib. Həmçinin maarifləndirmə istiqamətində işlər KİV, o cümlədən televiziya kanalları və sosial media vasitəsilə də aparılır. Məsələn, həftədə bir dəfə İctimai TV-də “Din və Cəmiyyət” verilişi, Space TV-də isə “İnam” verilişi efirə çıxır. Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi, İslam dininin sülhsevərliyindən, tolerantlığından bəhs edən “Üfüqdəki gələcək” filmi mütəmadi nümayiş etdirilir. Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu, “Cəmiyyət və Din” qəzeti, nəşr olunan kitab, broşür və digər maarifləndirmə vasitələri ilə də həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə, təhsil müəssisələrində, cəzaçəkmə müəssisələrində, ayrı-ayrı müəssisələrin kollektivləri arasına dini maarifləndirmə xarakterli tədbirlər baş tutur. İlin əvvəlindən indiyədək Dövlət Komitəsi digər qurumlarla birgə 350-dən artıq tədbir keçirib. Məsələn, Dövlət Komitəsi və Təhsil Nazirliyinin yerli strukturları tərəfindən bu ilin altı ayı ərzində təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi məqsədilə 160-dan artıq birgə tədbir təşkil edilib. Bu qəbildən olan tədbirlərin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur”.
Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdirinin sözlərinə görə, ölkəmizdə milli-mənəvi dəyərlərimizə yad, zərərli dini qrupların olması narahatlıq doğurur: “Bu cür cərəyanların ölkəmizə ayaq açması Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk dövrlərə təsadüf edir. Həmin dövrdə Azərbaycanda əhalinin böyük hissəsinin dini bilikləri, demək olar ki, yox səviyyəsində idi, eyni zamanda dini təhsil sahəsində kifayət qədər boşluqlar vardı. Üstəlik, din sahəsində mütəxəssislərin sayı çox az idi, yerli müəlliflərin əsərləri tələbatı ödəmirdi. Bütün bunlar dini dəyərlərimizə yad, radikal cərəyanların yayılması üçün münbit şərait yaratmışdı. Lakin sonrakı dövrlərdə dövlət-din münasibətləri sahəsində görülən işlər bu proseslərin qarşısını əhəmiyyətli dərəcədə aldı. Xalqımızın milli-mənəvi, o cümlədən dini dəyərlərinə qayğı göstərilməsi, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu bu siyasət onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, həmçinin ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun və bu ilin fevral ayında Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətimizin dinimizə böyük dəyər verdiyinin bariz göstəricisidir.  Təkcə ötən il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 600-dən artıq dini maarifləndirmə sahəsində tədbir keçirilib. Görülən çoxsaylı işlərə baxmayaraq, bu sahədə olan təhdidlərlə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac hələ də qalmaqdadır”.
Sadiq Mirzəyev hesab edir ki, Gəncə hadisələri də göstərdi ki, radikal və ekstremist qrupların Azərbaycanda sosial bazası yoxdur: “Xaricdən idarə olunan və din pərdəsi altında gizlənmiş bir qrup ekstremist tərəfindən planlı şəkildə həyata keçirilmiş bu terror aktı cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə dindar kəsim tərəfindən ciddi etirazla qarşılandı. Bu baxımdan baş vermiş hadisələri birbaşa dinlə əlaqələndirmək yanlışdır. Ona görə də bu hadisələrlə dini maarifləndirmə arasında hansısa əlaqənin aparılması doğru deyil. Bu, daha çox bəzi dairələrin dindən sui-istifadə edərək öz geopolitik maraqlarını həyata keçirmək cəhdləridir. Yaxın Şərqdə baş vermiş hadisələr buna bariz nümunədir. Lakin bu sahədə maarifləndirmə işi davam etdirilməlidir. Bu baxımdan Dövlət Komitəsi qeyd olunan tədbirlərlə yanaşı, kütləvi informasiya vasitələri ilə işini daha sıx qurmağı və yeni televiziya proqramları açmağı, eyni zamanda yeni kitabların çapını planlaşdırır. Dini sahədə baş verən proseslərin dinamikliyi dini maarifləndirmə ilə bağlı yeni yanaşmaların ortaya çıxmasını, xüsusilə onların keyfiyyət baxımından gücləndirilməsini şərtləndirir. Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun dini maarifləndirmə işinin keyfiyyət baxımından daha da yüksəldilməsinə böyük töhfə verəcəyini düşünürük. Xüsusilə dini radikalizmə qarşı ideoloji müstəvidə aparılan mübarizədə dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən qoparılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlinir. Bu baxımdan həm Dövlət Komitəsi, həm də onun tabeliyində olan qurumlar tərəfindən müxtəlif formatlarda elmi-praktiki konfrans, seminar, “dəyirmi masa” və s. tipli tədbirlər daha da genişləndirilir”.
 
Musavat.com


Son baxılan xəbərlər

Qeyri-islam təmayüllü dini qurumların rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə ...

Bəyanat
06.06.2015 / 14:09
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
14.09.2018 / 11:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

Arxiv
15.12.2017 / 18:00
Ətraflı oxu

Rektor: İlahiyyat İnstitutunu bitirənlər həm müxtəlif qurumlarda işləmək, həm də din xadimi olmaq imkanı ...

Müsahibələr
26.07.2018 / 15:30
Ətraflı oxu

“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:29
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu