Azərbaycan İlahiyyat İnstitutunda “Radikalizmlə mübarizənin metodoloji əsasları” mövzusunda seminar keçirilib

Press-relizlər / 21.07.2018 / 11:30

İyulun 20-də Azərbaycan İlahiyyat İnstitutunda “Radikalizmlə mübarizənin metodoloji əsasları” mövzusunda seminar keçirilib.
İnstitutun rektoru Ceyhun Məmmədov Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını qeyd edərək, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin ölkəmizin milli – mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisi olduğunu bildirib.
Ceyhun Məmmədov vurğulayıb ki, respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyllərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Rektor Ümummilli lider Heydər Əliyevin din sahəsinə daima qayğı göstərdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasəti uğurla davam etdirdiyini qeyd edib.
O bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışdır. Radikal, ekstremist qruplaşmaların törətdikləri münaqişələr və qarşıdurmalarla İslam dininə xələl gətirdiyini bildirən rektor, bununla da onların İslamı terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaratdıqlarını vurğulayıb.
Daha sonra AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Elvüsal Məmmədov geniş məruzə ilə çıxış edib. O, müsəlman dünyasında dini savadsızlıq və bir sıra xarici amillərin təsiri ilə meydana çıxan radikalizm və bu mənfi təmayülün İslam haqqında subyektiv fikirlərin yaranmasına səbəb olmasının müsəlman aləmini narahat etdiyini qeyd edib. “İslam tarixinin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, İslam mötədillik, dialoq və tolerantlıq dinidir. Lakin indiki dövrdə müsəlman dünyasında elə insanlar, qrup və cərəyanlar var ki, İslamın həqiqi mahiyyətindən uzaqlaşaraq radikal və sərt mövqe nümayiş etdirirlər” – deyə məruzəçi bildirib. 
O məruzəsində bildirib ki, dinindən asılı olmayaraq insan Allahın nəzərində şərəfli-izzətlidir; bir insanı öldürmək bütün insanlığı qətlə yetirməyə, bir insanı həyata qaytarmaq isə bütün bəşəriyyətə həyat verməyə bərabərdir. "Bu faktı radikal cəbhənin tərəfdarlarına xatırlatmaq lazımdır" - deyə Elvüsal Məmmədov qeyd edib.
Elvüsal Məmmədov dini maarifləndirmə ilə məşğul olanların mövcud reallığı və şəraiti, insanların problemlərini, bacarıqlarını, onlara təsir edən amilləri, əlverişli mühit yarananadək hansı dini öhdəliklərin təxirə salınacağını bilməli olduqlarını qeyd edib.  
O, məruzəsində: “Radikallıq və təəssübkeşliyin qarşısını almaq, ölkədəki müxtəlif “camaat” və məzhəblərin dinc birgə yaşayışını təmin etmək, dialoq və plüralizmə əsaslanan sağlam dini mühit yaratmaq üçün İslam dininin doğru şəkildə öyrənilməsi çox mühümdür. Bunun üçün metodoloji əsasları olan yanaşma modeli təqdim etmək lazım gələcəkdir” sözlərini söyləyib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
 


Son baxılan xəbərlər

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusu müzakirə olunub

Press-relizlər
29.08.2018 / 14:19
Ətraflı oxu

Ağcabədidə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
11.07.2017 / 16:00
Ətraflı oxu

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər

Xəbərlər
19.01.2021 / 10:20
Ətraflı oxu

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Hərbi hissədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2020 / 16:01
Ətraflı oxu