Bakıda “Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Press-relizlər / 01.05.2018 / 17:46

Mayın 1-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
Konfransı açan DQİDK-nın sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlət başçısının milli mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut edir. Qloballaşma prosesinə baxmayaraq, xalqların milli xüsusiyyətlərinin, mədəniyyətinin, milli özünəməxsusluğunun qorunub saxlanılmalı olduğunu deyən Mübariz Qurbanlı Fondun milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəslə çatdırılması istiqamətində işlər apardığını deyib. O, milli mənəvi dəyərlərimizin mühafizəsində Qafqaz Müsəlmanları İdarəsinin də böyük xidmətlərinin olduğunu bildirib.
“Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfransın materiallarından ibarət kitabın nəşr edildiyini bildirən Dövlət Komitəsinin sədri nəşrdə Ümummilli Liderin milli mənəvi dəyərlərimizə göstərdiyi qayğı, dini etiqad azadlığının təmin olunması sahəsində Azərbaycan təcrübəsi, eyni zamanda, İslam həmrəyliyi ideyası və ölkəmizdə tarixən mövcud olan tolerantlıq mühiti barədə dolğun məlumatların əks olunduğunu deyib.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda 90-cı illərin əvvəllərində müəyyən dini təşkilatlar öz planlarını həyata keçirmək üçün müxtəlif üsul və metodlardan istifadə etməyə cəhdlər ediblər. Məhz ulu öndər Heydər Əliyevin dövlətin din siyasətinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar, onun təşəbbüsü ilə Azərbaycanın müstəqillik illərinin ilk vaxtlarında qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsi bu prosesin qarşısını aldı.
Azərbaycanda dinə göstərilən dövlət qayğısı barədə məlumat verən C.Məmmədov deyib ki, Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur. Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının problemləri ilə maraqlanırdı. 1998-ci ildə Azərbaycanda “Qafqazda İslam sivilizasiyası” adlı böyük konfransda Ümummilli Liderin İslam dünyasına verdiyi dəyər özünü açıq şəkildə göstərirdi. Ulu Öndərin kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən İslam həmrəyliyinə yönələn siyasətin aparıldığını deyən C.Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə də diqqət və qayğı göstərilir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı çıxış edərək bildirib ki, milli mənəvi dəyərlər sisteminin formalaşması ideyasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dinin milli mənəvi dəyərlərin əsasını təşkil etdiyini deyən QMİ sədrinin müavini vurğulayıb ki, dövlətimiz tərəfindən müsəlmanlarla yanaşı, xristianlar və yəhudilər üçün də hər cür imkan yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, konfransda bu gün aktual olan milli mənəvi dəyərlər mövzusunun müzakirəyə çıxarılması təqdirəlayiqdir. O deyib ki, 90-cı illərdə müxtəlif qüvvələr Azərbaycanı ciddi böhranla üz-üzə qoymuşdu. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan xalqı bu çətinlikdən çıxdı və bu gün milli mənəvi dəyərlərimizin yaşaması bu siyasətin nəticəsidir. Bu gün hər bir Azərbaycan ailəsində bu dəyərlərimiz qorunub saxlanılır və olduğu kimi gələcək nəsillərə ötürüləcək.
Daha sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, “SƏS” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Prezident yanında Bilik Fondunun nümayəndəsi Hacı Abdulla və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durub. Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirib. Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini icmalar arasında keçirilən yazı müsabiqəsi haqqında məlumat verdi. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq olunub. Sözügedən Tədbirlər Planında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Həmin müsabiqənin yekunlarına əsasən 6 nəfər dini icma nümayəndəsi münsiflər heyəti tərəfindən qalib seçilib.
Sonra məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin nəticələrinə görə Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva I yerə, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Ənvər Əliyev II yerə, Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri Murad Əzizov III yerə layiq görülüblər. Zaqatala rayon Çobankol kənd “Cümə” məscidi dini icmasının sədri Məhəmməd Nurullayev, Lənkəran rayon Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev və Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının üzvü Mehman Nəsirov isə həvəsləndirici mükafatlarla təltif ediliblər.

    


Son baxılan xəbərlər

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar
30.07.2015 / 12:58
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

İmişlidə seminar-müşavirə: “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi”

Press-relizlər
09.04.2019 / 15:34
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində ...

Xəbərlər
13.09.2018 / 17:47
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı: "ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanla bağlı hesabatı həqiqətə uyğun deyil"

Press-relizlər
24.05.2018 / 16:29
Ətraflı oxu