Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Xəbərlər / 21.04.2018 / 11:51

11 aprel - xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir. Məlum olduğu kimi, bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və növbəti dəfə dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə yüksək etimad nümayiş etdirildi. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin etdi. 
Prezident seçkiləri, səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutdu. Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə etdilər. Bu ümummilli etimad günündə Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, dövlət başçısı cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı.
Seçkilərin nəticələri isə Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa səs verməsinin əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.
Azərbaycanda keçirilmiş seçkiləri bir neçə aspektdən təsnifatlandırmaq olar. Bu sırada seçkilərin yüksək fəallıq şəraitində keçirilməsini, Azərbaycan vətəndaşlarının öz siyasi iradəsini azad və demokratik şəraitdə ifadə etməsini, seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini qeyd etmək lazımdır. Eyni zamanda, bu seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin xalqımız tərəfindən birmənalı şəkildə müdafiə olunduğu bir daha bariz şəkildə əyani təsdiqini tapdı.
Bu seçkilərdə Azərbaycan xalqı “İlhamla irəli!” konsepsiyasının davamlı olmasına səs verdi. Aprelin 11-də Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın son 15 ildə keçdiyi yolu geniş təhlil edərək bu yolda əldə olunmuş uğurları vurğuladı və hər bir sahədə ölkəmizin nailiyyətlər qazandığını, inkişaf etdiyini qeyd etdi. Bir məqam xüsusi qeyd olunmalıdır ki, xalq cənab Prezidentin verdiyi vədlərin tam şəkildə yerinə yetirildiyinin şahididir.
Dövlətimizin başçısı Azərbaycan xalqına müraciətində qeyd edib: “Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.
Həmin tarixi müraciətində Prezidentimiz bu seçkilər, onun əhəmiyyəti, bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət, qarşımızda duran vəzifələr barədə çox dəyərli fikirlər səsləndirdi. Bizim qarşımızda xalq olaraq, həqiqətən də, çox böyük vəzifələr dayanır. Bu vəzifələri həyata keçirmək üçün ölkəmizdə dünya siyasətini daha dolğun, daha praqmatik qəbul edərək onu Azərbaycanın maraqlarına uyğunlaşdırmağa layiq liderin olması vacibdir. Belə bir lider cənab İlham Əliyevdir və xalq da bunu daha aydın şəkildə gördüyündən bu seçkilərdə Ona böyük dəstək verdi. Digər bir keyfiyyət isə dövlət başçısının qətiyyətli olmasıdır. Prezident İlham Əliyev 15 illik rəhbərliyi dövründə çox ciddi addımlar atıb və atdığı bu addımlarda həmişə milli maraqlarımızı öndə tutub. Prezident İlham Əliyev hansısa böyük dövlətin, beynəlxalq təşkilatın təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib. Prezidentimiz qərar qəbul edərkən Onun üçün bir prinsip önəmli olub, bu da Azərbaycanın milli və dövlət maraqlarıdır. 
Ümumiyyətlə, hər bir seçki xalqın bu və ya digər siyasətə, proqrama münasibəti deməkdir. Cənab İlham Əliyevin seçki proqramı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası əsasında yeni dövrdə yeni keyfiyyətlə daha da təkmilləşdirilərək tətbiq olunmaqdadır. Prezident İlham Əliyev beynəlxalq miqyasda dünya liderləri içərisində böyük nüfuza sahib olan şəxsdir. Azərbaycan ərazisinin və əhalisinin sayı baxımından kiçik dövlətdir. Amma bu dövlətin başçısı siyasi çəkisinə və nüfuzuna görə beynəlxalq miqyasda kifayət qədər güclü liderlər sırasındadır. Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və regionla bağlı baş verən hadisələrdə, qlobal layihələrlə bağlı məsələlərdə əsas söz sahibi Prezidentimiz İlham Əliyevdir.
11 aprel prezident seçkilərinin nəticəsi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qələbəsidir. Bu, bir daha onu göstərir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətimiz tərəfindən yüksək inam və etimadla dəstəklənir. 
Geniş siyasi infrastrukturu olan Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazır partiya kimi dəyərləndirilir. Partiyamızın ərazi ilk partiya və rayon təşkilatları ölkədaxili ictimai-siyasi proseslər zamanı yüksək aktivlik nümayiş etdirirlər ki, bu da onun işinin səmərəliliyini təmin edən mühüm amil kimi çıxış edir. Digər tərəfdən, regionun ən güclü siyasi təşkilatı üzvlərinin sayına və intellektual səviyyəsinə görə cəmiyyətimizdə fəaliyyət göstərən digər partiyalardan ciddi surətdə fərqlənir. Parlamentdə də say çoxluğuna görə üstün siyasi qüvvə kimi çıxış edən partiya qanunların hazırlanması və qəbul edilməsində, ölkəmizin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsində, eyni zamanda, dövlətimizin xarici siyasət hədəflərinin gerçəkləşdirilməsində, ölkəmizin beynəlxalq arenada maraqlarının qorunmasında xüsusi rol oynayır. Beləliklə, bütün bu sadalananlar Ümummilli liderin bizə ərməğanı olan partiyanın cəmiyyətimizdə güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul edilməsini şərtləndirir və bu gün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına yüksək inam və etimad bəsləyir.
Bu, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə göstərilən dəstəyin ifadəsidir. Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilmiş dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını ifadə edir. Azərbaycan iqtisadiyyatı liberal əsaslara söykənir, iqtisadi tərəqqimiz dinamik xarakterlidir, dövlətimiz sosialyönümlü fəaliyyətə malikdir və bütün bunlar uzunmüddətli inkişafı təmin edən faktorlar kimi çıxış edir. Azərbaycan dövləti hər bir vətəndaşın və ailənin, bütövlükdə cəmiyyətin himayəçisi qismində çıxış edir, hər bir vətəndaş və ailə öz həyatında dövlətin dəstəyini, diqqət və qayğısını hiss edir. 
Bütün bunlar 11 apreldə keçirilən prezident seçkilərində də öz əksini tapdı və Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, bu gün Azərbaycan dinamik iqtisadi inkişaf tempinə malikdir, ölkəmiz beynəlxalq münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji tərəfdaş, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi, tolerant dövlət kimi tanınır. 
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Şübhəsiz ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir.
Dəfələrlə Prezident İlham Əliyev ən yüksək səviyyələrdə belə, Azərbaycana hansısa təzyiqlər olduqda qətiyyətli şəkildə Öz mövqeyini nümayiş etdirib. Ona görə də 11 aprel prezident seçkilərinin nəticələri tamamilə gözlənilən, məntiqli və siyasi zərurətdən doğan nəticədir. Bu nəticə xalqımızın maraqlarına uyğundur və burada siyasi hakimiyyətin müəyyən etdiyi xəttin davamlı olması, Ulu öndər Heydər Əliyevdən başlamış böyük siyasətin davam etməsi hər bir azərbaycanlının marağındadır. Bu səbəbdən seçkilərin nəticələri faktiki olaraq milli maraqlarımızın göstəricisidir.
Son 15 ildə Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib. Əminliklə vurğulamaq istəyirəm ki, bütün bu uğurlarımız bundan sonra da davam edəcək. Bölgənin ən güclü dövləti olan Azərbaycanın iqtisadiyyatı bu gün Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. Prezident seçkilərinin nəticəsi də göstərdi ki, xalq ölkəmizi irəli aparan siyasi xətti birmənalı müdafiə edir və bundan sonra da edəcək. Azərbaycanda vətəndaş həmrəyliyinə, iqtisadi-maliyyə təhlükəsizliyinə tam nail olunması, güclü dövlət idarəçiliyinin mövcudluğu ölkənin daxilində modernləşmə siyasətinin daha da dərinləşməsinə əlverişli mühit yaradıb. Dövlət başçısının vurğuladığı kimi, müxtəlif sferalardakı islahatlar bundan sonra da davam edəcək, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcəkdir.
Bir neçə ildir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərinə təsir göstərsə də, cənab Prezidentin siyasəti nəticəsində sosial-iqtisadi inkişaf proqramları, qeyri-neft sektorunun inkişafı yönündə görülən işlər yüksək nəticələr verməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələləri vurğuladı: “Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır və bu istiqamətdə birinci rübün yekunları çox müsbətdir. Mən keçən ilin sonlarında demişdim ki, 2017-ci il sabitləşmə ili olubdur. Hətta 2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə, şübhəsiz, qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir”.
Mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq möhtərəm Prezidentimiz İlham Əliyevin, həqiqətən də, görkəmli dövlət xadimi, qətiyyətli və qüdrətli lider olduğuna əyani sübutdur.
Dövləti layiqincə idarə etmək məharətinə malik olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənilməsinə yönəltmək, siyasi sələfindən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər yalnız həqiqi liderə xasdır. Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Bununla da Öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir.
 
Mübariz Qurbanlı
YAP İcra katibinin müavini,
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədr əvəzi 

"Yeni Azərbaycan" qəzeti, 21 aprel 2018-ci il


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Gülənçilərlə bağlı məlumatı lazımi qurumlara çatdırmışıq”

Açıqlama
19.08.2016 / 12:57
Ətraflı oxu

Avropa İttifaqının nümayəndə heyəti Heydər məscidi, sinaqoq və kilsə ilə tanış olub

Press-relizlər
29.10.2018 / 16:26
Ətraflı oxu

Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
09.04.2019 / 15:25
Ətraflı oxu

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Xəbərlər
09.03.2019 / 10:28
Ətraflı oxu

20 Yanvar - Ümumxalq Hüzn Günü

Xəbərlər
19.01.2019 / 11:12
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu