Gəncədə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib

Press-relizlər / 14.03.2018 / 17:42

Martın 14-də Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK-nın və şəhər icra hakimiyyətinin məsul işçiləri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Dini işlər üzrə Komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konfransı açan DQİDK-nın sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını deyib.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Din pərdəsi altında insanlar arasında təfriqə salmaqla xaos yaratmaq xoşagəlməz reallığa çevrilib. Radikal dini təşkilat yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkirli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan ərazilərdə hegemonluğa cəhd göstərirlər. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
Komitə sədri çıxışında istər qeyri-səmavi, istərsə də səmavi dinlərin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, dinlərin daxilindəki məzhəb və təriqət ayrılıqlarını, eləcə də ayrı-ayrı dinlər arasındakı mövcud münasibətləri şərh edib.
İştirakçılara İslam tarixi və coğrafiyası haqqında maraqlı məlumatlar verilib. Eyni zamanda, bu gün İslam aləmində baş verən siyasi proseslər, böyük siyasi-ideoloji və hərbi güc mərkəzləri tərəfindən İslam ölkələrində yaradılmış süni münaqişələr, bu cür hadisələrin İslam dininə mənsub xalqların tarixi irsinə, maddi-mədəni və mənəvi dəyərlərinə, eləcə də müasir inkişafına vurmuş olduğu böyük ziyanlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
“Ölkəmizdə yaşayan hər bir vətəndaşın etiqad azadlığı Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyada təsbit edilib. Din dövlətdən ayrı olsa da, dövlət-din münasibətləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla və ölkəmizin mövcud qanunvericiliyi ilə tənzimlənir. Bununla yanaşı, Azərbaycan dövləti və Prezident İlham Əliyev İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır və bu cür yerlərin təmir edilməsinə, mənəvi dəyərlərin isə geniş təbliğinə daim dəstək verir” – deyə M.Qurbanlı qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov regionlarda keçirilən bu cür konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasından, dini mühitdə radikallığa meylin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi və onun qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılmasından, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, son illərdə respublikamızın bütün bölgələri kimi, Gəncə şəhəri də hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin bu şəhərə diqqət və qayğısı nəticəsində Gəncənin bütün dini-tarixi memarlıq abidələri əsaslı şəkildə yenidən qurulub.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam edib.
Orta məktəb direktorlarının təlim-tərbiyə üzrə müavinlərinin, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ayxan Babayev çıxış ediblər.
Dövlət Komitəsinin sədr müavini radikalizmə qarşı mübarizədə dini maarifləndirmənin önəminə toxunub. Vurğulayıb ki, radikal qrupların zərərli ideyalarının yayılması cəhdlərinin qarşısının alınmasında gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği mühüm rola malikdir. Bu məqsədlə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Digər çıxışlarda ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşının alınması, dinlə, milli-mənəvi dəyərlərimizlə bağlı düzgün maarifləndirmə işinin aparılması və təbliğ edilməsi barədə müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Qubada 20 Yanvar faciəsinə həsr edilən onlayn formatda tədbir keçirilib

Press-relizlər
15.01.2021 / 16:07
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.04.2018 / 17:28
Ətraflı oxu

Balakəndə “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusu müzakirə edilib

Press-relizlər
11.04.2019 / 17:15
Ətraflı oxu

Qubada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
21.01.2021 / 10:56
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilib

Press-relizlər
15.05.2020 / 15:22
Ətraflı oxu