Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azxeber.com saytına müsahibə verib

Müsahibələr / 14.01.2015 / 17:20

Son zamanlar bütün dünyada, o cümlədən, Azərbaycanda da bir çox hallarda gündəmin əsas mövzusunu dinlə bağlı xəbərlər tutur. Dini fəaliyyətlər, müəyyən qrupların cəmiyyətdə apardığı təxribat yönümlü fəaliyyətlər təəssüf ki, islam dininin adı ilə hallandırılır.

Azərbaycan ərazisində olan dini qrupların, icmaların, radikal cərəyanların fəaliyyətləri, gənclərimizin Suriyaya, İraqa döyüşməyə getməsi və bir çox başqa məsələlərlə bağlı AZXEBER.COM saytının suallarını Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov cavablandırır.
 
- “Dini etiqad azadlığı haqqında” Qanuna və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə görə, ölkədə dini duruma nəzarət birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin funksiyası və əsas fəaliyyət istiqamətidir. Bura dini qurumlar və qrupların fəaliyyəti də daxildir. Sizcə, Komitə ölkədəki dini duruma yetərincə nəzarət edə bilirmi?

- Ölkədə dini vəziyyətə nəzarət etmək, dövlətin dinlə bağlı siyasətini həyata keçirmək, qanunvericiliyin tələblərindən irəli gələn vəzifə və funksiyaları yerinə yetirmək Dövlət Komitəsinin birbaşa fəaliyyət istiqamətlərini təşkil edir. Dini icmaların yaradılması və fəaliyyətinə nəzarət edilməsi də Komitənin fəaliyyət istiqamətlərindən biridir. Hesab edirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzərinə düşən bu vəzifələri layiqincə yerinə yetirir və ölkədə dini duruma nəzarət edə bilir.
 
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Diyanət İşləri Başqanlığı arasında olan ciddi əməkdaşlıq Azərbaycanda fəaliyyət göstərən nurçu, vəhhabi və digər radikal dini cərəyanların fəaliyyətinin qarşısının alınmasına nə dərəcədə töhfə verir?

- Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən, din sahəsində əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ilk növbədə təcrübə mübadiləsi, radikalizm və ekstremizmlə mübarizə, dini maarifləndirmə işinin təşkili, müəyyən məsələlərlə bağlı fikir mübadiləsi və s. üzərində qurulub. Düşünürəm ki, gələcəkdə təkcə Türkiyə deyil, digər ölkələrlə də əməkdaşlığımızı dərinləşdirə bilərik.Çünki bu cür əməkdaşlıq tərəflərə yalnız xeyir gətirir.
 
- Azərbaycanda son zamanlar Suriya, İraq və digər müharibə gedən müsəlman ölkələrinə gedən gənclərin sayı artır. Onların bir çoxu ailə üzvləri, xanımları, hətta kiçik yaşlı övladları ilə birlikdə gedirlər. Bu gənclərin Vətənlərində yaşadıqları zaman təsir altına düşdükləri, salındıqları fikirləri daha çox diqqəti cəlb edir. Bu halların qarşısının yetərincə alınmasına mane olan amillər hansılardır?

- Öncə onu qeyd edim ki, Suriya və İraqa başqa ölkələrdən gedənlərlə müqayisədə azərbaycanlıların sayı dəfələrlə azdır. Ümumiyyətlə, Azərbaycandan son zamanlar radikal qruplara qoşulan və Suriyaya gedən gənclərin sayı xeyli azalıb.
Dövlət Komitəsinin, o cümlədən, digər əlaqədar orqanların, şəhər və rayon İcra hakimiyyətlərinin nəzdində yaradılmış dini komissiyaların fəaliyyəti nəticəsində vəziyyət müsbətə doğru xeyli dəyişib. Bölgələrdən aldığımız məlumatlardan da görünür ki, radikal dini qruplara qoşulanların sayları tədricən azalır. Bununla bağlı qanunvericilikdə də müvafiq dəyişiklik olunub və hazırda tədbirlər davam etdirilir.
 
- Başqa ölkələrə döyüşməyə gedən gəncləri təsir altına salan şəxslər arasında bəzən əcnəbi vətəndaşlara da rast gəlinir. Bu şəxslərin Azərbaycana gələrək belə rahatca fəaliyyət göstərmələrinə Sizcə səbəb nədir?

- Azərbaycanda əcnəbi vətəndaşların dini təbliğatla məşğul olmaları qanunla qadağan edilib. Onların fəaliyyəti ölkəmizdə yox dərəcəsindədir. Gəncləri radikal dini qruplara qoşmaq üçün təsir altına salmağa, din pərdəsi altında özlərinin iqtisadi və digər maraqlarını təmin etməyə, bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik fəaliyyət göstərən şəxslərin qarşısı bütün qanuni vasitələrlə alınır və bundan sonra da alınacaq.
 
- Ölkədə din adı altında fəaliyyət göstərən radikal dini cərəyanlara qarşı aparılan mübarizə üsullarının dəyişdirilməsinə, daha da sərtləşdirilməsinə Sizcə bu gün ehtiyac yaranıbmı?

- Ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşının alınması, o cümlədən, dinlə, milli-mənəvi dəyərlərimizlə bağlı düzgün maarifləndirmə işi bir neçə istiqamətdə aparılır. Bildiyiniz kimi, Dövlət Komitəsi maarifləndirmə məqsədilə ölkənin, demək olar ki, bütün rayon və şəhərlərində ardıcıl olaraq dəyirmi masalar, konfranslar keçirir. Bu tədbirlərin əsas mövzusu dövlət-din münasibətləri, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsi, ənənəvi İslamın müasir cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması və sairdir. Bildiyiniz kimi, artıq Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiya yaradılıb və Komissiyaya aparıcı ilahiyyatçı alimlər cəlb edilib. Bütün bu çox şaxəli, geniş fəaliyyət dini maarifləndirmə və milli-mənəvi dəyərlərimiz, tolerantlıq ənənələrimizlə bağlı təbliğat işinin yüksək səviyyədə aparılmasına xidmət edir. Eyni zamanda, qeyd etdiyim kimi, qanunvericilkdə də radikal dini cərəyanlara qoşulanlar, ölkədən kənarda hərbi əməliyyatlarda iştirak edib sonra geri qayıdanlar üçün müəyyən cəzalar nəzərdə tutulub.
 
- Siz bildirmisiniz ki, Azərbaycanda olan nurçuların ikinci qolunun nümayəndələridir – onlar elmə, təhsilə, mədəniyyətə, maarifə daha çox diqqət göstərən təriqətinin müasir qoludur. Nurçu təriqətinin sahibləri Sizcə Azərbaycanda niyə məhz ikinci qolun yayılması yolunu seçiblər?

- Azərbaycanda qeyd olunan cərəyanın bir yox, hər iki qolu fəaliyyət göstərir.
 
- Azərbaycan radikal dini qruplaşmalara, cərəyanlara qarşı mübarizədə hansı ölkələrlə əməkdaşlıq edir?

- Radikalizmin qarşınının alınması, ölkədə sabitliyin təmin edilməsi bütün dövlətlər üçün prioritet məsələlərdən biridir. Azərbaycan da istər qonşu, istər müsəlman, istər qeyri-müsəlman ölkələrlə, o cümlədən, beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman hazırdır.
 
Mətanət Əliyeva
  

Son baxılan xəbərlər

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Press-relizlər
13.05.2020 / 10:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu

Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
20.11.2018 / 09:47
Ətraflı oxu

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

Abşeron rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 16:09
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

Press-relizlər
25.12.2018 / 13:39
Ətraflı oxu