Press-relizlər / 26.02.2018 / 09:54
Fevralın 24-də Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı və Qobustan Rayon İcra Hakimiyyətləri (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
Əvvəlcə rayondakı Şəhidlər Xiyabanı ziyarət edilib. Daha sonra tədbir Şamaxı şəhər “Cümə” məscidində davam etdirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin səlahiyyətli nümayədələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, eləcə də Şamaxı və Qobustan rayonundan olan dini icma sədrləri, imamlar və mütəvəllilər iştirak ediblər.
Tədbir Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlar zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu söylənilib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi siyasət, erməni vandalizminin ifşası istiqamətində atılan addımlar bəhrəsini verməkdədir.
Sonda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.