Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər / 20.02.2018 / 17:32

Fevralın 20-də Horadiz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.
Hüquq-mühafizə orqanlarının rəhbərlərinin, YAP Füzuli rayon təşkilatının fəallarının, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi göstərilib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, konfransın keçirilməsinin və sənədli filmin nümayişinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli mənəvi dəyərlərin, ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasından danışıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi Füzuli rayonunda da dini durum sabitdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan İslam dünyasının bir parçasıdır. Cənubi Qafqazın ən qədim məscidləri Azərbaycan ərazisində inşa edilib. İslami dəyərlər Azərbaycan xalqının adət-ənənələrində, psixologiyasında, dünya görüşündə dərin iz buraxıb. Biz bu dəyərlərimizi qoruyaraq nəsildən nəslə ötürə bilmişik.
Mübariz Qurbanlı ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən yüksək diqqətdən danışarkən deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən 17 məscid fəaliyyət göstərirdisə, hazırda ölkədə 2200-dən çox məscid var. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, İslam bizim milli-mənəvi dəyərimizdir. Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizə xüsusi diqqətlə yanaşır. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa şəhərindəki Gövhər ağa məscidinin eynisinin tikilməsi Prezidentin dinə olan münasibətinin bariz nümunəsidir”.
Bildirib ki, İslam dünyası böyük bir coğrafi ərazini əhatə edir. Dünyanın quru hissəsinin 19 faizi islam ölkələrinin payına düşür. 57 İslam ölkəsi bu gün İslam Əməkdaşlıq Təşkilatında birləşib. Hazırda 160 ölkədə İslam icmaları fəaliyyət göstərir. Dünya əhalisinin 25 faizi İslam dininin daşıyıcısıdır. Bu gün də İslamın yayılmasından, güclənməsindən qorxuya düşən qüvvələr İslam ölkələri içərisində fitnə-fəsad törədir, islam dövlətlərini zəiflətməyə çalışırlar. Siyasi liderlərin, dövlət başçılarının ən böyük vəzifələrindən biri də məhz vacib məsələlərlə bağlı vaxtında qərarlar qəbul etməkdir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən ötən ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışına uyğun qərardır.
Komitə sədri dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də danışıb. Bildirib ki, dini siyasiləşdirmək, dindən sui-istifadə etmək istəyənlərə, İslam adı altında ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərənlərə, gəncləri dini-radikal qruplara cəlb edərək, onu ölkədən kənara aparıb silahlı dəstələrə qoşmağa cəhd göstərənlərə aramızda yer olmamalıdır. Bütün cəmiyyət bununla həm ideoloji, həm siyasi, həm də hüquqi baxımından mübarizə aparmalıdır.
“Dövlət-din münasibətlərində hər bir məsələni qanunlar tənzimləyib. Bu isə vətəndaşların təhlükəsizliyinin qorunmasına xidmət edir. İctimai-siyasi baxımdan Azərbaycanda vəziyyət sabitdir. Ölkəmizdə kənar qüvvələrin hər hansı fitnə-fəsad törətməsi imkanları məhduddur. Hüquq-mühafizə orqanları bununla əlaqədar səmərəli fəaliyyət göstərir. Biz kənardan kimlərinsə gəlib dinimizə müdaxilə etməsinə yol verməyəcəyik” – deyə, Komitə sədri bildirib.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam edib.
YAP-ın rayon Gənclər Təşkilatının üzvlərinin, orta məktəb direktorlarının təlim-tərbiyə üzrə müavinlərinin, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış ediblər. Çıxışlarda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması barədə müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi

Xəbərlər
29.11.2014 / 10:05
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Xəbərlər
15.11.2018 / 17:08
Ətraflı oxu

Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilib

Press-relizlər
04.07.2018 / 09:40
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.11.2019 / 14:22
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib

Press-relizlər
20.02.2019 / 17:56
Ətraflı oxu

Cəlilabadda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2018 / 15:40
Ətraflı oxu