Mehman İsmayılov: “Mənəvi dəyərlərin qorunması xalqımızın gələcəyi üçün vacibdir"

Müsahibələr / 26.01.2018 / 17:41

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov SİA-ya müsahibə verib:
 
- Mehman müəllim, əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması zərurəti barədə məlumat verməyinizi xahiş edirik.
 
- Mənəvi Dəyərlərin Təbliği Fondu cənab Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Həmin fərmanla Fondun Nizamnaməsi də təsdiq olunub. Bildiyiniz kimi mədəniyyətin iki yönü var - maddi və mənəvi. Təbii ki, bunlar bir-birini tamamlayırlar. Azərbaycan xalqının mədəniyyəti tariximizin müxtəlif mərhələlərindən keçib. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur və həmin o dəyərlərin qorunması məsələsi çox vacibdir. Azərbaycan dövlətinin, Prezidentinin də bu sahəyə ayırdığı diqqət onu göstərir ki, mənəvi dəyərlərin inkişafı, qorunması bizim cəmiyyət, xalqımızın gələcəyi üçün nə qədər vacibdir.
Ümumiyyətlə, mənəvi dəyərlər dedikdə nə nəzərdə tutulur? Dəyər xalqın və cəmiyyətin əksəriyyətinin qəbul etdiyi, hörmət etdiyi, qoruduğu və nəsildən-nəsilə ötürdüyü bir amildir. Bir dəyərin dəyərə çevrilməsi üçün ən az üç nəslin dəyişməsi lazımdır. Əlbəttə ki, bizim də dəyərlərimiz müəyyən dövrlərdə nəsildən-nəsilə ötürülüb və bizə gəlib çatan dəyərdir. Bəzən mənəvi dəyər dedikdə, sadəcə, dini dəyərlər və yaxud da əxlaqi dəyərlər başa düşülür. Amma əslində mənəvi dəyərlərin əhatə dairəsi çox genişdir. Yəni dil, din, mədəniyyət, bayraq, marş, adət-ənənə hamısı mənəvi dəyər hesab olunur. İctimai, əxlaqi, dini dəyərlər, adət-ənənələr, hətta deyərdim ki, beynəlmiləl dəyərlər hamısı birləşərək bir xalqın mənəvi dəyərlər sistemini meydana gətirir. Ona görə də mənəvi dəyərlər həm də bir xalqın mədəniyyətinin təməlidir. Məhz Azərbaycan dövlətinin də Mənəvi Dəyərlərin Təbliği Fondunu yaratmaqda məqsədi bizim mədəniyyətimizin təməl daşını daha da sağlamlaşdırmaqdır. Biz bu gün çalışacağık ki, dövlətin bu siyasətini həyata keçirək və bu sahənin inkişafına əlimizdən gələni əsirgəməyək.
 
- Fondun fəaliyyətinə ümumi nəzarəti hansı orqan həyata keçirir?
 
- Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi təsdiq olunub. Nizamnamədə göstərilir ki, Fondun fəaliyyətinə ümumi nəzarəti beş nəfərdən ibarət Himayəçilər Şurası həyata keçirəcək. Bu üzvlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri tərəfindən beş il müddətinə ora təyin olunur. Beş ildən sonra isə təkrar bu müddət uzadıla bilər. Himayəçilər Şurasının Mənəvi Dəyərlərin Təbliği Fonduna əsas nəzarəti nədən ibarətdir. Hər şeydən öncə Himayəçilər Şurası Fondun fəaliyyət istiqamətlərini təyin edir. Hətta Fondun fəaliyyəti ilə bağlı müxtəlif təkliflərlə çıxış edə bilir. Ümumilikdə isə Fondun hesabatlarına rəy verir və ildə ən az iki dəfə toplanır.
 
- Mehman müəllim, Mənəvi Dəyərlərin Təbliği Fondu tam gücü ilə nə vaxtdan fəaliyyətə başlayacaq və strukturu necə formalaşacaq?
 
- Fondun fəaliyyəti üçün artıq hazırlıq işləri tamamlanmaq üzrədir. Düşünürəm ki, 2018-ci ilin fevral ayının sonlarından etibarən Fond tam gücü ilə fəaliyyətə başlayacaq. Fondun işçilərinin sayı 15 nəfərdən ibarətdir. Bura icraçı direktor, icraçı direktorun müavini və digər işçilər daxildir. Bildiyiniz kimi Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Fondun icraçı direktorunu və direktor müavinlərini DQİDK-nın sədri təyin edir. Digər işçilər isə icraçı direktor tərəfindən təyin olunur.
 
- Fond fəaliyyətə başladığı dövrdə onun fəaliyyət sferası hansı sahələri əhatə edəcək?
 
- Qeyd edim ki, Fondun Nizamnaməsi çox genişdir. Lakin bilmək lazımdır ki, yeni qurulan Fondun Nizamnaməsini ilk dövrdən əhatəli şəkildə qurmaq bir qədər çətindir. Amma gələcəkdə Nizamnaməni tam əhatə edəcək şəkildə Fondun fəaliyyəti planlaşdırılır. Biz çalışacağıq ki, bu Nizamnaməyə uyğun olaraq tamamilə geniş şəkildə fəaliyyət göstərək. Hər şeydən əvvəl Nizamnamədə göstərildiyi kimi Fond milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına, dini qurumların və vətəndaşların dini etiqad azadlığının təmin olunmasına dövlət dəstəyi verən bir qurumdur. Fond bu sahələri əhatə edəcək. Bu sahələrlə bağlı gələcəkdə müəyyən seminarların, konfransların, sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa aztəminatlı ailələrin dəfn xərcləri, müəyyən qisim olmaqla onların təhsil haqqlarının ödənilməsi, məscidlərin təmiri və bərpasına yardımçı olacaq. Həmçinin gələcəkdə "Dini Etiqad Azadlığı" Qanununa uyğun olaraq dini ədəbiyyatın, video və audio materialların hazırlanmasına dəstək verilməsi kimi amillər də nəzərdə tutulur.
 

Son baxılan xəbərlər

Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları ...

Açıqlama
01.08.2018 / 14:39
Ətraflı oxu

Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər

Xəbərlər
14.01.2016 / 17:39
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi koronavirus xəstəliyi ilə bağlı tövsiyələrini açıqlayıb

Xəbərlər
05.03.2020 / 17:06
Ətraflı oxu

Terrora qarşı İslam həmrəyliyi

İSLAM HƏMRƏYLİYİ İLİ
22.06.2017 / 11:47
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu