
Press-relizlər / 19.05.2017 / 13:31
Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru Piralı Əliyev və rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Mübariz İsmayılov çıxış edərək mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.
Çıxış edən natiqlər vurğulayıblar ki, maarifçilik mövhumat, cəhalət və radikalizm dərdinin ən böyük dərmanıdır. Məhz əsl maarifçilik gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya çıxara bilər.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib.