(1)(1).jpg&w=1200)
Açıqlama / 08.05.2017 / 18:00
Dağıdıcı müxalifət partiyalarının, xüsusilə də AXCP və Müsavat rəhbərliyinin İslam Həmrəyliyi Oyunları ərəfəsində cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə nəzarətlərində olan mətbu orqanlar vasitəsilə təxribatçı məlumatlar yaymasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı münasibət bildirib.
Komitə sədri SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədədir: "Hüquq-mühafizə orqanlarımız təhlükəsizliyimizi qorumaq üçün kifayət qədər qabaqlayıcı tədbirlər həyata keçirirlər. Azərbaycanda hansısa qrupların, dairələrin ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri heç bir nəticə verə bilməz. İctimaiyyət də dövlət qurumları ilə həmrəylik nümayiş etdirir. Mediamız da təbliğatı yüksək səviyyədə qurub. Bədxah, bədbin niyyətli adamların bu cür məlumatlar ətrafında ajiotaj yaratmaq cəhdləri qəbuledilməzdir. Azərbaycanda İslam Həmrəyliyi Oyunları ilə bağlı ən yüksək səviyyədə hazırlıqlar həyata keçirilib. Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin toplantısında çıxışlar oldu, məruzələr dinlənildi. Oradan da göründüyü kimi həm təşkilatı, həm təhlükəsizlik, həm də təminat baxımından hər şey yüksək səviyyədədir. Azərbaycanda pis niyyətli məlumatlar yayanları qınayıram. İstər xarici, istərsə də, bu tip xarici qüvvələr ölkəmizdə öz bədxah niyyətlərini həyata keçirmək istəsələr, hüquq-mühafizə orqanları onların qarşısını qətiyyətlə alacaq".
Mübariz Qurbanlı dağıdıcı müxalifətin nəzarətində olan təxribatçı xəbər saytlarının fəaliyyətinin ölkəmizdə məhdudlaşdırılması ilə bağlı məsələyə də münasibət bildirərkən qeyd edib ki, bu məsələlər hüquqi müstəvidə həllini tapacaq: "Kimlərinsə bunu siyasiləşdirməsi doğru deyil. Onların informasiya ilə əlaqədar qanunvericilikdə tələb olunan halları pozması ilə bağlı məhkəmə gedir. Hesab edirəm ki hər bir media qurumu milli maraqları, dövlət maraqlarını hər şeydən öndə tutmalıdır. İnformasiya yayılarkən ölkənin taleyüklü məsələləri nəzərə alınmalıdır. Hər hansı bir informasiya qurumunun xüsusi olaraq qanunvericilik çərçivəsində məhdudlaşdırılması hər bir ölkədə ola bilər, o cümlədən də Azərbaycanda ".