
Press-relizlər / 02.03.2017 / 16:52
Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən Rayonu Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə “Məktəblilərin dini dünyagörüşü və təhsil” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Sənan Hacıyev, Balakən Rayonu Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sənan Hacıyev bildirib ki, ölkəmizdə hər bir vətəndaşımıza təhsil almaq üçün lazımi şərait yaradılır. Bizim də bir vətandaş kimi borcumuz savadımızı artırmaq və Vətənimizə lazımi şəkildə xidmət etməkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev tədbirdə çıxış edərək vurğulayıb ki, insanların dünyagörüşünün düzgün formalaşmasında təhsil zamanı əldə edilən biliklər həlledici rola malikdir. Çünki, bilik və elm bizim dünyaya baxış tərzimizi müəyyənləşdirir. İnsanların sağlam, humanist və radikallıqdan uzaq dini hisslərə malik olması yalnız, bilik və dünyagörüşünün inkişaf etdirilməsi ilə mümkündür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.