Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun Moderator.az saytına müsahibəsi (ÜÇÜNCÜ HİSSƏ)

Müsahibələr / 25.11.2016 / 16:10

 
“Əsas hədəfimiz dini ekstremizmin fəsadlarıyla yanaşı, onun səbəblərini də ilkin mərhələdə aradan qaldırmaqdır...”
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovla geniş söhbətimizin yekun hissəsində yas məclislərində israfçılıq, orta məktəblərdə dinin ayrıca fənn kimi tədris edilə bilməsi ehtimalı, vətəndaşların radikal dini qrupların təsirindən qorunmasının metodları, Azərbaycanda müasir milli-dini modelin formalaşdırılması və s. mövzularda mükalimə etdik. Eləcə də müsahibimizin İslam ibadətinə özəl münasibəti ilə maraqlandıq.
 
Yas məclislərində israfçılığa qarşı mübarizə davam etdiriləcəkmi?
 
-Səyavuş müəllim, 2014-cü ildə DQİDK yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı tövsiyə verdi. Bu, əksəriyyət tərəfindən müsbət qarşılandı. Amma bundan sonra bəzi rayonlarda icra hakimiyyətlərinin və polisin qanunsuz olaraq yas məclislərinə müdaxiləsi, ehsan süfrələrini yığışdırması halları insanlarda neqativ emosiyalar yaratdı. Nəticədə,  bu gün,demək olar ki, yas məclislərinin inzibati qaydalarla tənzimləndiyi Naxçıvan MR istisna olmaqla, Bakıda,  digər şəhər və bölgələrdə israfçılıq halları davam edir. Hətta vəzifəli şəxslərin, deputatların da keçirtdiyi yas mərasimlərində təmtəraqlı süfrələr açılır. Bu istiqamətdə hansısa yeni tədbirlər görülür, yoxsa?.. 
 
-Ehsan məclisi hamının həyatında labüd şəkildə qarşılaşdığı bir məsələdir. Hər hansımızı qəflətən yaxalayan yas hadisəsi onsuz da bizi psixoloji baxımdan çətinliyə salır. Digər tərəfdən, yasa gələn qonaqları artıq qəbul olunmuş “adətlərə” uyğun qarşılamaq problemi yarananda vəziyyət daha da qəlizləşir. Odur ki, Komitəmiz tərəfindən qaldırılmış bu təşəbbüs ictimai zərurətdən yaranmış, cəmiyyətin istəyindən irəli gələrək atılmış bir addım oldu. Və hesab edirəm ki, bugünədək ehsan məclislərində israfçılığın qarşısının alınması üçün xeyli irəliləyişlər olub. Əslində, belə problemləri birdən-birə nizamlamaq çətin məsələdir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin müvafiq fətvası olub və dindarlar da öz tövsiyələrini veriblər. Şəriət qaydalarının nizamlanması QMİ tərəfindən həyata keçirildiyindən Komitəmiz əsasən tövsiyələrini veribdir. Bilirsiniz, həm də bu məsələdə məcburiyyət olmaz. Sadəcə, burada müəyyən zamana ehtiyac var. Əsas odur ki, ictimaiyyət bu təşəbbüsü müsbət qaşılayıb. Güman edirəm ki, proseslər getdikcə daha da müsbət məcrada davam edəcək...
 
“Biz istəyirik ki, vətəndaşlarımız məktəbli çağlarından dini biliklərə yiyələnsinlər”
 
-Ötən onilliklərdə bir neçə dəfə orta məktəblərdə dinin ayrıca bir fənn çərçivəsində tədris olunması barədə təşəbbüslər oldu. Ancaq sonradan bu məsələ dayandı. Bu gün Rusiyanın bir sıra regionlarında, eləcə də Avropanın bəzi ölkələrində İslam xüsusi formada tədris olunur. Bu günlərdə Finlandiyada da belə bir qərarın verilməsi haqqında xəbərlər yayıldı. Sizcə, Azərbaycanda da vətəndaşların vaxtında maariflənlənməsi və bununla da gələcəkdə xristian, yaxud İslam təmayüllü hansısa radikal qruplaşmaların “tor”una düşməkdən sığorta olunması üçün təhsil ocaqlarında dinin ayrıca tədris olunması məqbul deyilmi?
 
-Bəli, bu məsələ dəfələrlə gündəmə gəlib. Bizim də qənaətimiz belədir ki, insanların radikal dini qrupların “tor”una düşməsinin başlıca səbəblərindən biri də dini bilgilərinin olmaması və yaxud zəif olmasıdır. Bununla bağlı hazırda da müzakirələr gedir. Biz də istəyirik ki, vətəndaşlarımız gənc yaşlarından, lap məktəbli çağlarından dini biliklərə yiyələnsinlər. Bu gün orta məktəblərin müxtəlif siniflərində “Həyat bilgisi” adlı fənn çərçivəsində şagirdlərə İslam, eləcə də digər dinlər barəsində bilgilər verilir. Bir neçə ay öncə isə Komitəmiz həmin fənn proqramlarına dini mövzuların daha geniş formada daxil edilməsi ilə bağlı müvafiq qurumlara təkliflər təqdim edib. Məqsəd ondan ibarətdir ki, şagirdlərimiz müxtəlif dinlər haqqında daha dolğun məlumatlara malik olsunlar.  
Yeniyetmə və gənclərimizin dini yönümdə maariflənməsi üçün digər vasitə Komitəmizin mütəmadi olaraq paytaxt və bölgələrdəki orta və ali təhsil ocaqlarında keçirdiyi tədbirlərdir. Belə görüşlərdə biz gənclərə dini radikalizm və onun mahiyyəti haqqında geniş məlumat verir, bu mövzuda filmlər nümayiş etdiririk. Bundan əlavə, Təhsil Nazirliyi, yerli icra strukturları, QHT-lər və s. ilə əlaqəli formada vaxtaşırı seminar və konfranslar da keçiririk.
 
“Radikal dini qrupların daxildəki və xaricdəki maliyyə qaynaqları aşkar edilməlidir...”
 
-Təəssüf ki, valideynlərin xeyli hissəsi sovet dövründə təhsil aldığından, İslamın da, digər dinlərin də mahiyyətindən məlumatlı deyil. Odur ki, hər hansı bir dini qruplaşmaya qoşulan övladının yanlış yolda olduğunu vaxtında müəyyən edə bilmir. Bu baxımdan valideynlər üçün ayrıca maarifləndirici seminarlar keçirilməsi, hətta məlumatlandırıcı çap vəsaitləri hazırlanması mümkündürmü?
 
-Söhbətimizin əvvəlində dediyim kimi, son illər Azərbaycan cəmiyyətinin çox hissəsi artıq radikal vəhhabi qrupların mahiyyətini anlamaqdadır. Bizim maarifləndirmə tədbirlərimiz də insanlara öz təsirini göstərir. Gənclərlə yanaşı, onların valideynləri də məlumatlanır. Hesab edirik ki, daha geniş formada kütləvi maarifləndirmə tədbirlərinə hələlik ehtiyac yoxdur. Son müşahidələr də onu göstərir ki, bu gün ölkəmizdə ötən illərə nisbətən istər radikal şiə, istər vəhhabi yönümlü cərəyanların zərərli təsirlərinə məruz qalan vətəndaşların sayı azalmaqdadır. Buna da bizim Komitənin maarifləndirmə və inzibati tədbirləri ilə yanaşı, digər dövlət qurumlarının keçirdiyi müvafiq tədbirlərin nəticəsində nail olunub. Bu tədbirlər əsasən 3 xətt üzrə aparılır. Birinci xətt kompleks maarifləndirmə tədbirləridir ki, bu haqda biz xeyli danışdıq. Digər xətt hüquq-mühafizə orqanları ilə birgə keçirilən müvafiq inzibati tədbirlərdir. Son günlər dini ədəbiyyyatların satışı ilə bağlı keçirdiyimiz reydlər də bu silsilədəndir. Nəhayət, 3-cü istiqamət isə radikal dini qrupların daxildə və xaricdəki maliyyə qaynaqlarının aşkar edilərək qarşısının alınması ilə bağlıdır. Bu yöndə əlaqədar dövlət qurumları ilə birgə müvafiq tədbirlər görürük. Və bütün bu istiqamətlərdə görülən tədbirlərdə əsas hədəfimiz dini ekstremizmin fəsadları ilə yanaşı, onun köklü səbəblərini də vaxtında müəyyən edərək ilkin mərhələdə aradan qaldırmaqdır...
 
“Bəziləri hətta valideynlərinə kafir deməkdən çəkinmirlər...”
 
- Səyavuş müəllim, 2015-ci ildəki müsahibələrinizdən birində Azərbaycanda yeni milli-dini model formalaşdırılması təşəbbüsü ilə çıxış etmişdiniz. Vacib və maraqlı təşəbbüsdü. Amma bilirsiz ki, İslamda bidət anlayışı var. Yəni dində olmayan şeyi qanun kimi dinə daxil etmək. Bu da dinimizdə böyük günahlardan biri sayılır. Və bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Ehtiyat etmirsiniz ki, daxildəki və xaricdəki radikal və ya mühafizəkar dini dairələr müsəlman ölkəsində yeni milli-dini model yaratmaq təşəbbüsünü “bidət cəhdi” kimi təqdim edərək bundan öz siyasi məqsədləri üçün yararlansınlar? 
 
-Bilirsiniz, Ulu Öndərin vurğuladığı kimi, dinimiz bizim milli-mənəvi sərvətimizdir. Və biz bu sərvətimizi qorumalıyıq. Bu məqsədlə dövlət-din münasibətlərinin formalaşdırılması da məhz həmin prinsiplərdən qaynaqlanır. Biz diqqət yetirsək, görərik ki, bir sıra müsəlman ölkələrində dövlət-din münasibətləri və dini ideologiyalar fərqlidir. Biz dünyəvi dövlətik. Biz digər ölkələrin dini ideologiyalarının ölkəmizə daxil olmasına imkan verməməliyik. Müstəqilliyimizin ilk illərindən belə cəhdlər davam etməkdədir. Hazırda bəzi ölkələrdə sünnilik, bəzilərində şiəlik, digərlərində şiəliyin, yaxud sünniliyin müxtəlif qolları üstünlük təşkil edir. Təsəvvür edin ki, biz bütün müsəlman ölkələrinin öz dini ideologiyalarını Azərbaycana ixrac etməsinə şərait yaradaq. Və ölkəmizdə həmin cərəyanlar arasında kimin daha çox Azərbaycan vətəndaşını öz təsiri altına salması uğrunda bir yarış getsin. O halda nə baş verəcəyi, hansı xaosun, təlatümlərin baş qaldıracağını göz önünə gətirin. Bəs bizim öz milli-mənəvi dəyərlərimiz, azərbaycançılığımız? Hər hansı xarici ölkədə dini təhsil alıb vətənə qayıdanların bəzilərinə diqqət etsək, onların davranışlarının, salam vermək tərzlərinin, geyimlərinin və bütövlükdə dünyagörüşlərinin dəyişdiyinin şahidi olarıq. Bəziləri hətta öz valideynlərinə kafir deməkdən də çəkinmirlər. Odur ki, normal dövlət bu proseslərin qarşısını almalıdır. Və biz milli-dini model dedikdə belə qeyri-ənənəvi, radikal təsirlərdən qorunma və dinindən, milliyyətindən asılı olmayaraq, vətəndaşların birgə dinc şəraitdə yaşaması mexanizmini nəzərdə tuturuq. Bu modelin formalaşması bizim qədim tariximizdən gəlir. Ölkəmizdə formalaşmış milli-mənəvi dəyərlər, xüsusilə tolerantlıq və multikultural ənənələr, dünyəvilik və azərbaycançılıq prinsipləri məhz bu modelin tərkib hissəsidir. Bütün bunlar özlüyündə bizim milli-dini modelimizi formalaşdırır. Bu gün də dünyadakı gerçək prosesləri müşahidə edəndə görürük ki, bəzi müsəlman ölkələrindəki hazırkı xaotik durumun, dini zəmində qarşıdurmaların, vətəndaş müharibələrinin əsas səbəbkarlarından biri İslam adı altında formalaşdırılmış qeyri-ənənəvi, radikal cərəyan və təriqətlərdir. Ona görə də biz yüz illər boyunca tarixin süzgəcindən süzülərək formalaşmış milli-mənəvi dəyərlərimizi, özünəməxsus dövlət-din münasibətlərini qoruyub saxlamağa borcluyuq. Və öncə də dediyim kimi, hər hansı bir dinə, yaxud cərəyana mənsubluğu qəbul edən zaman azərbaycanlı olduğumuzu unutmamalıyıq. Bu məsələlərə biz azərbaycançılıq konsepsiyasından, azərbaycançılıq fəlsəfəsindən yanaşmalıyıq. Qədimlərdən bu günədək İslam dəyərləri bizim milli dəyərlərimizə töhfə verdiyi kimi, qeyd olunan ənənələr, o cümlədən azərbaycançılığımız və vəhdətimiz də İslam dəyərlərinə töhfə verməkdədir. Bu gün dünya ölkələrində nümunə çəkilən azərbaycansayağı tolerantlıq, multikulturalizm kiminsə sifarişi ilə, bir gecədə yaranmayıb. Bu, bayaq dediyimiz kimi, tarixi ənənələrimizdən, milli xüsusiyyətlərimizdən qaynaqlanır. Milli-dini modelimiz də məhz mövcud dövlət-din münasibətlərimiz, vurğuladığım dəyərlərimiz üzərində formalaşmaqdadır.  
Mən demirəm ki, Azərbaycanda yeni din yaradaq, yaxud Qurana əsaslanan klassik İslama hansısa yeniliklər gətirəcək təzə bir dini cərəyan formalaşdıraq. Bu gün bəziləri ölkəmizdə sünni-şiə ayrı-seçkiliyini qabartmağa çalışır. Bunlar yolverilməzdir. Biz deyirik ki, gəlin özümüzə baza kimi müqəddəs Qurani-Kərimi götürək. Bu kitabda sünni-şiə ayırımı yoxdur. Qurani-Kərim o dərəcədə ali, uca bir məqamdadır ki, bunu təsvir etməyə söz tapa bilmirəm. Bu Kitab başdan-ayağa yüksək əxlaq, mənəviyyat və elm mənbəyidir. Bir sıra xarici ölkələrin, o cümlədən Qərbin, Amerikanın dünya şöhrətli elm adamları Quranı diqqətlə dönə-dönə mütaliə edib araşdıraraq yeni-yeni kəşflər edirlər. Təəssüf ki, bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda bəzi dindarlar Allahın sonuncu Kitabının elmi, əxlaqi yöndəki proqramlarını kənarda qoyub onun ayələrini öz bildikləri kimi yozaraq insanları xurafata, radikallığa yönləndirir. Və bu minvalla dini siyasiləşdirməyə və müəyyən məqsədlər üçün vasitə, alət kimi istifadə etməyə çalışırlar. Biri qalxıb deyir ki, biz bütün mənalarda İslamın ilkin dövrünə qayıdış etməliyik. Onda gərək elmi-texniki baxımdan da 1400 il əvvələ qayıdaq. Yəni, internetdən, mobil telefondan, elektrik lampasından, avtomobildən, təyyarədən və s. istifadə etməyək. Əgər Yaradan məsləhət görməsəydi, insan bütün bunları əldə edə bilərdimi? Quran ayələrinə görə, Yerin altı da, üstü də Allaha məxsusdur. Biz canlılar da Ona məxsusuq. Ancaq digər canlılardan fərqli olaraq, Tanrı bizə şüur və ağıl bəxş edibdir. Bunu nə üçün verib? Düşünək, quraq, yaradaq, tikək, həyatımızın müxtəlif sahələrini inkişaf etdirək. 
 
“Bütün müsəlman ölkələri öz dini ideologiyalarını sırf Quran əsasları üzərində qurarsa...”
 
İslam qətiyyən inkişafın əleyhinə deyil. İslam başdan-ayağa inkişafdır, modernləşmədir. Odur ki, bütün müsəlman ölkələri öz dini ideologiyalarını sırf Quran əsasları üzərində qursa, İslam dünyasında daim inkişaf, tərəqqi və birlik olar. Onda bəzi qüvvələrin İslamı qaragüruhçu, terrorçu din kimi qələmə vermək cəhdləri də puça çıxar. Bir sözlə, bizlərə İslamı olduğu kimi öyrənmək, mahiyyətini başa düşmək və bu dini düzgün təbliğ etmək gərəkdir, onun siyasiləşdirilməsi, iqtisadi, siyasi və s. məqsədlər üçün istifadəsi yolverilməzdir.  
Bir daha təkrar edirəm ki, bizim bütün fəaliyyətimizin hədəfi milli və islami dəyərlərimizin qorunmasına yönəlib. Kimsə gəlib göstərsin ki, bizim hansısa addımımız milli mənəviyyatımıza, dinimizə ləkə gətirib. Dövlət-din münasibətlərini qorumaqla biz həm dövlətimizin təhlükəsizliyini təmin edirik, həm də ölkəmizin sabitliyinə və inkişafına töhfə veririk. Eyni zamanda da dinimizi qorumuş oluruq. Bu istiqamətdə bütün cəmiyyət çalışmalıdır. Hazırkı dövrdə İslam dünyasında baş verən təhlükəli tendensiyaları, prosesləri nəzərə alaraq deyə bilərik ki, biz düz yoldayıq və dövlət-din münasibətlərimiz də nümunəvidir. Buna görə də mövcud modelimizi qorumalı, daha da möhkəmləndirməli və inkişaf etdirməliyik. Bununla da, bu sahədə milli təhlükəsizliyimizə yönələ biləcək mümkün təhdidlərin qarşısını vaxtında alarıq, o cümlədən dünyada dini zəmində baş qaldırmış qlobal xarakterli təhlükəsizlik problemlərinin həllinə böyük töhfə verərik.
 
“Gərək ilk növbədə qəlbin və əməlinlə Allaha xidmət edəsən...”
 
-Maraqlıdır, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş müəllim ibadətlə məşğuldurmu?
 
-Ümumiyyətlə, özüm həmişə Allahı tanımışam, özümü müsəlman kimi tanımışam və bununla fəxr etmişəm. Ömrüm boyu da müsəlman kimi yaşamışam.  Ailəm də bu gün bir müsəlman ailəsi kimi İslamın əxlaq normaları əsasında yaşamaqdadır. Bəziləri Həccə və yaxud digər ziyarətlərə gedir, qayıdıb bunu reklam edir; bu gün filan yerdə namaz qıldım, sabah oruc tutacağam və s. Məncə, bunu elan etməyə ehtiyac yoxdur. Gərək, ilk növbədə, qəlbin və əməlinlə Allaha, Onun dininə xidmət edəsən. Sən get bir küncdə namaz qıl, sonra da get özünü günahsız insan kütləsinin arasında partlat. Bəs o ölənlərin günahı nə idi? Buna ibadət demək olarmı? Dinimizdə də qeyd olunub ki, Allaha ibadətlə yanaşı, Vətənə, xalqa, ata-anaya, övlada xidmət də ən gözəl ibadətlərdəndir. Sən bütün bunları edirsənsə, sənin ibadətin də qəbul olunar... 
 
“Hər bir əməlimdə milli  və dini dəyərlərimizi göz önünə gətirmişəm...”
 
-Səyavuş müəllim, həyat və fəaliyyətiniz boyu çox suallara cavab vermisiniz; ata-ananın, müəllimin, hərbi xidmətdə komandirin, işdə rəhbərin, jurnalistlərin və s. Gözəl bilirsiniz ki, digər səmavi dini kitablar kimi, Qurani-Kərimin də məntiqinə görə, Axirət günü mütləq gələcək və hər birimizin Allah qarşısında bu dünyadakı əməllərimizlə bağlı suallara cavab verəcəyik. Elə bir sual varmı ki, o Gündə Yaradan qarşısında həmin suala cavab verməkdən ehtiyat edəsiniz?
 
-Mən bütün əsas İslam ziyarətgahlarında, o cümlədən Həcc səfərində olmuşam. İslamın dəyərlərini gözəl anlayıram. Hər bir əməlimdə, hər bir xidməti fəaliyyətimdə daim bu dəyərləri gözümün önünə gətirmişəm. Xüsusən İslamın vacib prinsiplərindən biri olan ədalət anlayışını həmişə öndə tutmuşam. Bu günədək bir neçə dövlət qurumunda çalışmışam. Və hər yerdə dini dəyərlərimizi də yad təsirlərdən, çirkinliklərdən qorumağa çalışmışam -istər terrorçuluqla, istərsə də radikallarla və ekstremistlərlə mübarizə sahəsində. Bu baxımdan, özümü xeyli rahat hiss edirəm ki, mən də Allaha, dövlətə, xalqa xidmət yolunda nəsə etmişəm. 
 
Sultan Laçın 
moderator.az
 

Son baxılan xəbərlər

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
10.09.2019 / 17:53
Ətraflı oxu

Paytaxt məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
22.05.2019 / 16:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Press-relizlər
22.02.2019 / 12:38
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

Lerikdə Aşura mərasimlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
01.09.2019 / 09:23
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
24.01.2018 / 12:42
Ətraflı oxu