Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun Moderator.az saytına müsahibəsi (İKİNCİ HİSSƏ)

Müsahibələr / 18.11.2016 / 10:33

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovla söhbətimizin bu hissəsində Azərbaycanda islamyönümlü radikal qurumların mümkün fəaliyyəti, İŞİD-in paytaxt və bölgələrdə öz hücrələrini formalaşdırması ehtimalı, son günlər guya vəhabilərin rayonlardan Bakıya axışması barədə informasiyanın nə dərəcədə gerçək olması, ziddiyyətli dini təqvimlərin hansı qüvvələr tərəfindən yayılması və s. kimi inanclı kəsimi maraqlandıran mövzularda danışdıq. 
 
(Müsahibənin ilk hissəsini bu linkdən oxuya bilərsiniz: http://scwra.gov.az/vnews/2364/?)
 
“Hazırda Azərbaycanda hər hansı radikal dini qruplaşma yoxdur...”
 
 - Səyavuş müəllim, söhbətimizin ilk hissəsində Azərbaycanda fəaliyyət göstərən bir neçə qeyri-ənənəvi xristianyönümlü təriqətin fəaliyyəti barədə bizi xeyli məlumatlandırdınız. İcazə verin, indi də İslamyönümlü radikal qrupların ölkəmizdəki mövcudluğundan bəhs edək. 2014-cü ildən bəri onlarla Azərbaycan vətəndaşının Suriya və İraqda müxtəlif radikal və terrorçu qruplaşmaların, xüsusən İŞİD-in tərkibində vuruşması, hətta həlak olması barədə faktlar ortaya çıxdı. Eyni zamanda ayrı-ayrı vaxtlarda onlardan bir neçə qrup həbs edilərək mühakimə edildi. Bütün bunlardan sonra Azərbaycanda da İŞİD kimi terrorçu qruplaşmaların hücrələşməsi, özəklər yaratması haqda informasiyalar ortalığa atıldı. Sizcə, bunlar nə dərəcədə həqiqətə uyğundur?  
 
- Ümumiyyətlə, bu gün Azərbaycanda hər hansı radikal dini qruplaşma yoxdur. Əlbəttə, ötən illərdə, xüsusilə, xaricdən belə qruplaşmalar formalaşdırmağa cəhdlər olubdu. Yəni çalışıblar ki, müəyyən təsirlərə  məruz qalmış şəxslər vasitəsilə yerlərdə radikal təşkilatların özəkləri, hücrələri yaradılsın. Lakin dövlətimizin belə proseslərin qarşısını almaqla məşğul olan qurumları var. Və həmin qurumlar mütəmadi olaraq radikal təsirlərə məruz qalmış şəxsləri aşkarlayaraq neytrallaşdırır. Bilirsiniz ki, son günlər DTX tərəfindən növbəti belə bir uğurlu tədbir həyata keçirilib. Bu proseslərə ciddi nəzarət və müvafiq tədbirlər davam etdiriləcək. Amma yenə təkrar edirəm: hazırda Azərbaycanda hər hansı radikal qruplaşma, yaxud onların sosial bazası yoxdur. Bildiyiniz kimi, artıq son bir ildə Azərbaycandan Suriyaya hansısa radikal qruplaşmaya qoşulmaq məqsədilə getmə halları qeydə alınmayıb. Əksinə, vaxtilə oraya gedib İŞİD-ə qoşulanların geriyə dönüşü prosesi başlayıb. Həmin qruplaşmaların mahiyyətini az-çox anlayaraq yanlış yola düşdüklərini dərk edənlər terrorçu dəstələrdən bacardıqca canlarını qurtarmağa çalışırlar. Bütün bunlara rəğmən biz, bir dəqiqə də olsun, arxayınlaşmamalıyıq. Çünki  Azərbaycan da İslam dünyasının bir parçası, bir region ölkəsi kimi baş verən neqativ hadisə və proseslərdən sığortalanmayıb. Bu gün İslam adı altında gerçək İslama qarşı aparılan təxribatları aydın görürük. Və  üstəlik, ölkəmizin geostrateji mövqeyi, yeraltı və yerüstü sərvətləri, ümumiyyətlə, potensialı, keçmişdə olduğu kimi, bu gün də bir çox xarici güclərin diqqətini cəlb edir. Biz də Komitə rəhbərliyi olaraq bunları yaxşı bilirik. Odur ki, istənilən yönümlü radikallığın vaxtında qarşısının alınması üçün daim lazımi işlər həyata keçiririk.
 
- Deməli, hesab edirsiz ki, Azərbaycandakı radikallığa meyilli, vəhabi adlanan cərəyan nümayəndələrinin də ölkəmizin dini və milli təhlükəsizliyinə zərbə vurmaq təhlükəsi yoxdur? Axı sön günlər onların fəallaşması haqqında məlumatlar yayılır...
 
- Bir daha təkrar edirəm ki, bizdə, ümumiyyətlə, radikal yönümlü qruplaşmalar yox səviyyəsindədir. Yayılan məlumatların da heç bir əsası yoxdur. Bilirsiniz, artıq ölkədə elə durum yaranıb ki, ictimaiyyət hər hansı radikallaşmanın əleyhinədir. Yəni, yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, təhlükəsizlik və hüquq-mühafizə orqanları deyil, bütövlükdə cəmiyyət dini ekstremizmə qarşı səfərbər olunmaqdadır. Bizim  hədəflərimizdən biri də məhz radikalizmə qarşı mübarizəni profilaktik baxımdan həm ümumdövlət, həm də ümumxalq işinə çevirməkdir. Yəni bu məsələdə hər bir vətəndaşın fəallığına ehtiyac var. Və heç kəs düşünməsin ki, bu gün oğlu, qızı, hər hansı yaxın qohumu radikal dəstələrə qoşulmayıbsa, ölkədə radikallığa meyilliliyin artmasının ona heç bir dəxli yoxdur. Bilmək lazımdır ki, bu gün yaşadığınız şəhərə, qəsəbəyə, kəndə düşən ekstremizm toxumu sabah sizin bilavasitə evinizə, ailənizə daxil olacaq. Odur ki, hər kəs bu mənada ayıq və mübariz olmalıdır. Komitəmizin də bu istiqamətdə fəallığı qat-qat artırılıb. Maarifləndirmə işlərinə əksər dövlət strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatları da cəlb edilib. Qeyd edim ki, bu işdə bizə KİV-in də xeyli dəstəyi vardır. Tədbirlərimiz, müvafiq bəyanat və açıqlamalarımız mütəmadi olaraq qəzet, televiziya və internet resurslarında işıqlandırılır.
 
“Vəhabilərin guya rayonlardan Bakıya toplaşması barədə yayılan məlumatlar düşmən qüvvələrin dezinformasiyasıdır...”
 
- Builki məhərrəmilik əyyamının başlanmasından bir neçə gün sonra - oktyabrın 4-də vəhabi hesab edilən bir qrup Moskvada Cümə məscidində namaz qılan azərbaycanlı dindarlara hücum etdi. Oktyabrın 26-da DTX tərəfindən Bakı-İstanbul avtobusunu partlatmağa cəhd edən “Qafqaz camaatı” adlı qruplaşmanın üzvü olan terrorçu zərərsizləşdirildi. Və ardınca həmin qruplaşma ilə bağlı daha iki nəfər həbs edildi. Noyabrın əvvəllərində isə Rusiya mətbuatında vəhabilərin rayonlardan ailələri ilə birgə Bakıya axışması və teraktlar planlaşdırması barədə informasiyalar yayıldı. Sizcə, bu olaylar arasında əlaqə və sözügedən informasiyada həqiqət payı varmı? Yalandırsa belə, bu cür informasiyaların yayılmasında kimlər, nə məqsəd güdür?
 
- Qeyd etdiyiniz birinci məsələ ilə bağlı Komitəyə hər hansı təsdiqləyici məlumat daxil olmamışdır. O ki, qaldı Bakı-İstanbul avtobusunu partlatmağa cəhd edən şəxslərin neytrallaşdırılması məsələsinə, qeyd edilməlidir ki, hüquq-mühafizə orqanları yüksək peşəkarlıq göstərərək uğurlu əməliyyat keçirmişlər. Əməliyyat barədə həm televiziya, həm də digər kütləvi informasiya vasitələrində məlumat işıqlandırılmışdır. Sonuncu məsələ ilə bağlı isə onu deyə bilərəm ki, guya hər hansı cərəyan mənsublarının məqsədli şəkildə paytaxta axışmasının müşahidə edilməsi barədəki məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə, bəzən məqsədli şəkildə ictimai çaşqınlıq, ajiotaj yaratmaq məqsədi ilə istər qonşu, istərsə də digər xarici ölkələrin bəzi mətbuat qurumlarında Azərbaycandakı dini durumla bağlı həqiqəti əks etdirməyən informasiyalar yaymağa cəhdlər olunur. Təbii ki, belə dezinformasiyaları yayanlar Azərbaycana düşmən mövqeyi bəsləyən, mövcud ictimai sabitliyimizi gözü götürməyən qüvvələrdir və hətta bir çox halda burada erməni faktorunun olması da istisna edilmir. Bu baxımdan daha məqsədəuyğun olardı ki, bizim mətbuat orqanları da belə həssas məsələlərlə bağlı xarici KİV-ə istinad etməzdən əvvəl, müəyyən araşdırma apararaq məlumatın düzgünlüyünə əmin olduqdan sonra onu işıqlandırıb ictimailəşdirsinlər...
 
“Vətəndaşlarımız mənbəyi məlum olmayan dini təqvimlərdən uzaq dursalar, yaxşıdır...”
 
- Səyavuş müəllim, hər il əlamətdar dini tədbir və bayramlar, xüsusən Ramazan ayı ərəfəsində ölkəmizdə dini təqvimlərdə ziddiyyətlər məsələsi gündəmə gəlir. Vahid təqvimin tərəfdarları olduğu kimi, buna qarşı çıxanlar da vardır. Bununla bağlı nə deyərdiniz?
 
- Bəli, müşahidələr deməyə əsas verir ki, dindən müəyyən maraqlar üçün istifadə edən bəzi qruplar ölkəmizdəki dindarlar arasında fikirayrılığı yaratmaqla, məzhəblərarası vəhdət və həmrəyliyə xələl gətirən tədbirlər görməklə öz məkrli məqsədlərinə nail olmaq istəyirlər. Bunlardan biri, bəlkə də birincisi müxtəlif “dini təqvimlər” yayıb çaşqınlıq yaratmaqdır. Bunun özü də radikallıq nümunəsidir. Məlumdur ki,  əhalisinin 96%-ni müsəlmanlar təşkil edən Azərbaycan Respublikasında bütün İslam icmaları dini mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. Ona görə də mərkəzləri və havadarları xaricdə yerləşən bəzi müsəlman dini qrupların bu və ya digər şəkildə Azərbaycan vətəndaşlarına dini-ideoloji konteksdə müdaxiləsi qəbuledilməzdir. Məsələn, hər il Ramazan ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verir, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayır ki, məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanmışdır. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi həmin təqvimi Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər. Lakin təəssüf ki, vətəndaşlarımız arasında müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə əsaslananlar da vardır. Qeyd edək ki, “xarici təqvimlər”də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan, dindar vətəndaşlarımız arasında çaşqınlıq yaranır və nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır. Hətta bəzi dindarlar Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün deyil, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur. Düzdür, bəziləri bilgisizlikdən, savadsızlıqdan belə hərəkətlərə yol verirlər, lakin məqsədli şəkildə bu əməlləri törədənlər də vardır ki, belə olan təqdirdə qanunvericiliyin tələbləri ilə adekvat addımlar atılır, həmin şəxslər məsuliyyətə cəlb edilirlər. Ona görə də bir daha vurğulayırıq ki, vətəndaşlarımız öz qurumlarımızın birgə hazırladığı təqvimdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. Çünki bu həssas məsələ təkcə dini deyil, elə vahid cəmiyyət kimi milli vəhdətimiz və həmrəyliyimiz üçün də vacibdir.
 
“Goranboy rayonunun Dəliməmmədl kəndindəki məscidin tikintisi 7 ildir niyə yarımçıq qalıb?”
 
- Bəzən yerlərdə hansısa qurumun və ya məmurun vəzifəsinin  icrasına düzgün yanaşmaması ucbatından vətəndaşların sərbəst ibadət hüququna da əngəl yaradan hallar baş verir. İllərlə həllini tapmayan problemlər yaranır. Belə olaylar da müəyyən radikalmeyilli qrupların əlində etiraz fəaliyyətləri üçün əsasa çevrilir. Məsələn, redaksiyamıza Goranboy rayonunun Dəliməmmədli kənd sakinlərinin 2009-cu ildən yol kənarında tikintisinə başlanmış bir məscidin bugünədək yarımçıq qalması, eyni zamanda həmin ibadətgahı tikdirən sahibkarın guya təqib edilməsi barədə şifahi şikayət daxil olub. Bu barədə hansı məlumatınızın olduğunu bilmək istərdik.
 
- Açığı, o barədə konkret məlumatım  yoxdur. Ancaq öncə onu qeyd edim ki, əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün 2 mindən artıq məscidimiz var. Və hazırda müsəlman ibadətgahları insanların dini ayinləri icra etməsi üçün kifayət edir. İslam qaydalarına görə, məscidlər müəyyən məsafələrdə olmalıdır. Yəni hər kənddə məscid olması vacib deyil, bu məsələdə də müəyyən şərtlər var. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycanda məscidlərimiz kifayət qədər dolmur ki, əlavə məscidlər tikməyə ehtiyac olsun. Amma əgər hardasa tikintisi yarımçıq qalmış məscid varsa, məsələni aydınlaşdırmaq və əsaslandırmaq lazımdır. Əgər orada, doğrudan da, məscidə ehtiyac varsa, onun tkintisinin davam etdirilməsi məsələsinə baxıla bilər.
 
- İstənilən halda, bir ibadətgahın tikintisinin 7 il müddətində yarımçıq qalması müəmmalıdır. Eyni zamanda sakinlər müsəlman ibadətgahının yarımçıq qalmasının onların dini hisslərinə toxunduğunu da ifadə edirlər. Maraqlıdır, əgər həmin məscidin tikintisində qanunsuzluq varsa, niyə birdəfəlik sökülmür?
 
- Yəqin ki, orada hansısa texniki problem olub. Belə hallar olur; bina tikilir, sonradan məlum olur ki, məsələn, onun özülü texniki standartlara cavab vermir. O halda, əlbəttə, obyektin tikintisi dayandırılmalıdır. Axı tikildikdən sonra oraya insanlar yığışacaqlar. Onların həyatına təhlükə yarana bilər. O cümlədən məscid tikmək üçün müvafiq standartlara uyğun texniki sənədlər olmalıdır, bina arxitektura tələblərinə cavab verməlidir. Burada diqqət yetirilməsi vacib olan digər məsələ məscidi tikdirən şəxslərin kimliyi və tikintiyə ayrılan vəsaitini haradan gəlməsidir. İstənilən halda, məscidi tikdirənlər lazımi yerli qurumlara, icra strukturlarına müraciət etməlidirlər. Bu haqda bizə rəsmi məlumat verilərsə, məsələyə baxa bilərik. 
 
“Mənzilində qadağan olunmuş dini ədəbiyyat tapılmış vətəndaş hansı halda məsuliyyətə cəlb edilə bilər?”
 
- Hər hansı radikalmeyilli qruplaşma üzvləri ilə bağlı aparılan axtarış tədbirləri zamanı onların mənzilindən ötən illərdə çap olunmuş və bu gün də çoxumuzun kitab rəfində olan, amma hazırda DQİDK tərəfindən qadağan olunmuş ədəbiyyatlar sırasına aid edilən kitablara rast gəlirik. Məsələn, hərdən telekanallarda axtarışlarla bağlı nümayiş etdirilən reportajlarda 1997-ci ildə Türkiyədə Diyanət İşləri Başqanlığı tərəfindən nəşr olunmuş “Həzrəti Məhəmməd və həyatı” adlı kitabı görürük. Tutaq ki, məlumat üçün istifadə etdiyim həmin kitabdan mənim mənzilimdə və yaxud iş yerimdə var. Sabah kiminsə məqsədli xəbərçiliyi ilə polisin axtarış keçirib həmin kitaba görə məni nurçuluqda, FETÖ-çüllükdə-filanda ittiham edib başımı ağrıtması nə dərəcədə ədalətli olar?
- Qanunvericiliyə görə, vətəndaş yalnız qadağan olunmuş ədəbiyyatı yaymağa, istehsalına, idxalına görə məsuliyyət daşıya bilər. Əgər sən belə bir ədəbiyyatı haradansa almısan və yalnız özün mütaliə üçün istifadə edirsənsə, buna görə hər hansı məsuliyyət yoxdur. Amma sən həmin kitabı kimlərəsə verib, o insanların əqidəsini zəhərləyirsənsə, bu, artıq məsuliyyət yaradır. Bilirsiniiz, heç kim anadan ekstremist kimi doğulmur və eləcə də bir gecəyə ekstremist olmur. Bizim araşdırmalarımız göstərir ki, insanların yad, radikal düşüncələrin təsiri altına düşməsində həlledici rol oynayan amillərdən biri də belə ədəbiyyatlardır. Komitəmizdə xüsusi şöbə var və həmin şöbə ölkədə çap olunan, yaxud xaricdən idxal olunan hər hansı dini təyinatlı ədəbiyyat haqda ekspertiza rəyi verir. Və təbii ki, dini zəmində təfriqəçilik, düşmənçilik yayan, cəmiyyəti qarşıdurmaya sövq edən  kitabların yayımına icazə verilmir. Eyni zamanda biz bununla dini ədəbiyyatın çapı  və satışı ilə məşğul olan sahibkarların da hüquqlarını müəyyən mənada qoruyuruq. Bu necə baş verir? Deyək ki, kimsə zəhmət çəkib hər hansı dini ədəbiyyat hazırlayır və Komitə tərəfindən ona 1000 ədəd çap olunması və satışına icazə verilir. Kimsə əziyyət çəkmədən həmin kitabı çoxaldaraq satıb qazanc əldə edə və bununla da, müəllifin hüququnu poza bilər. Buna görə də, Komitə tərəfindən icazə verilmiş ədəbiyyata vurulması üçün nəzarət markası verilir və bununla biz müəllifin də, sahibkarın da hüquqlarını qorumuş oluruq.
 
“Sıravi vətəndaş haradan bilsin ki, hansısa kitab qadağan olunub?”
 
- Bəs sıravi vətəndaş, məsələn, dinlə maraqlanan şəxs evindəki  10-15 il öncə aldığı hər hansı kitabın qadağan olduğunu haradan bilsin ki, sabah problemlə üzləşməsin?    
 
- Bilirsiniz, burada da fərdi yanaşma lazımdır. Bəzən görürsən ki, 90-cı illərdə çap edilmiş bir kitabın nəşrinə icazə verilib. Həmin ədəbiyyat məzmunca sağlam olub. Lakin sonradan kimsə həmin kitaba istədiyi əlavələri edərək çap etdirib çoxaldır. Məhz bunların qarşısını almaq üçün 2015-ci ildən nəzarət markası tətbiq etməyə başladıq. Əgər sahibkar  kitabları markasız yayarsa, yaxud həmin marka ilə başqa kitab çap edərsə, məsuliyyət daşıyır. Eyni zmanda biz dini ədəbiyyatlar çap edən nəşriyyat rəhbərləri ilə də maarifləndirici söhbətlər aparmışıq. Qanunun tələblərini onlara çatdırmışıq, izah etmişik ki, burada hüquqi məsələ ilə yanaşı, ölkənin milli təhlükəsizlik məsələsi də var. Yəni əgər kimlərsə razılaşmadan qadağan olunmuş ədəbiyyat çap edərsə, ciddi məsuliyyət daşıyacaq. Amma bu gün belə ədəbiyyatları xaricdə çap etdirib gizli formada, az miqdarda da olsa, ölkəyə keçirə bilərlər. Odur ki, bu gün o dediyiniz evdə olan ədəbiyyatlara baxmaq lazımdır. Çünki bilmirik, onlar ölkəyə kim tərəfindən və haradan gətirilib. Bu, vacib məsələdir. Ona görə də, sualınıza görə təşəkkür edirəm. Və fürsətdən yararlanaraq vətəndaşlarımıza müraciət edirəm ki, əgər kiminsə evində DİQDK-da qeydiyyatdan keçməmiş dini kitab varsa, onu oxumamışdan, kiməsə verməmişdən öncə Komitəyə təqdim etsinlər. Biz həmin ədəbiyyata baxaq, ekspertizaya göndərək. Əgər o kitabda hər hansı pozuntu yoxdursa, oxuya, yaxud kiməsə bağışlaya bilər...
 
- Bəlkə vətəndaşları qadağan olunmuş ədəbiyyat barədə KİV, o cümlədən televiziya vasitəsilə mütəmadi məlumatlandırmaq lazımdır?
 
- Bilirsiniz, belə kitablar çoxdur. Eyni zamanda bu siyahı dəyişir. Belə ki, yeni müraciətlər əsasında rəylər verilir, bəzilərinin nəşrinə icazə verilmir. Ancaq 2015-ci ilədək nəşrinə icazə verilmiş kitabların üz qabığının iç tərəfində və yaxud ilk səhifəsində mütləq “DQİDK-nın icazəsi əsasında nəşr olunur” yazılmalı və icazənin qeyd nömrəsi göstərilməldir. Əgər bunlardan heç biri, yəni icazə haqqında qeyd, o cümlədən nəzarət markası yoxdursa, belə ədəbiyyatlar bizdə şübhə doğurur.
 
“Bakının 7 rayonunda keçirilmiş reydlər zamanı nələr aşkarlandı?”
 
- Mətbuatda yayılan məlumatlara görə, son günlər də Komitəniz dini ədəbiyyat satan mağazalarda reydlər keçirib. Bu tədbirlər zamanı hansısa neqativ hallar aşkar edilibmi?
 
- Bayaq qeyd etdiyim kimi, dini radikalizmlə mübarizənin əsas predmetlərindən biri də qanunsuz dini ədəbiyyat və materialların ölkə vətəndaşları arasında yayılmasının qarşısının alınmasıdır. Qanunvericiliyə əsasən, dini ədəbiyyatlar, yaxud dini məzmunlu başqa materiallar müvafiq icra hakimiyyəti orqanının, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrində satılmalıdır. Həmin materialların kənar yerlərdə satılması hüquqi məsuliyyət yaradır. Ümumiyyətlə, tələbatdan irəli gələrək son illər bu sahədə qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi istiqamətində xeyli işlər görülmüş, həm İnzibati Xətalar, həm Cinayət, həm də Vergi Məcəlləsinə müvafiq əlavələr edilmişdir. Ötən aydan başlayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhərinin Sabunçu, Nizami, Xətai, Nəsimi, Suraxanı, Qaradağ (“Sədərək” Ticarət Mərkəzində), Yasamal, eləcə də Masallı və Lənkəran rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan mağazalarda reydlər keçirilmişdir. Reydin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin yoxlanılması, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olmuşdur. Baxış keçirilən mağazaların əksəriyyətində ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanmışdır. Bununla yanaşı, xeyli sayda müvafiq razılığının olmadığı, nəzarət markası ilə markalanmamış dini təyinatlı ədəbiyyat, DVD, CD müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülmüşdür. Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilmişdir. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir. Ümumiyyətlə, analoji reydlərin respublikanın bütün bölgələrində keçirilməsi planlaşdırılmışdır.
 
 
 
Ehsan məclislərində israfçılığa qarşı aparılan mübarizə dayandırıldımı?  Azərbaycanda  orta məktəblərdə dini dərslərin keçirilməsi mümkündürmü?
Bu və digər suallara cavab tapmaq üçün DQİDK-nin sədr müavini Səyavuş Heydərovla müsahibənin ardını oxuyun.
 
Sultan Laçın

Son baxılan xəbərlər

“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
05.09.2018 / 11:44
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində ...

Xəbərlər
13.09.2018 / 17:47
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Press-relizlər
27.12.2018 / 16:11
Ətraflı oxu

Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü olub

Press-relizlər
28.09.2018 / 10:34
Ətraflı oxu

“Milli -mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.

Press-relizlər
26.12.2014 / 15:03
Ətraflı oxu