Tolerantlığın Azərbaycan nümunəsi

Press-relizlər / 16.11.2016 / 09:01

Bu, dünyada artıq ən mükəmməl modellərdən biri kimi qəbul edilir

Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, islam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmişdir.
Yəhudilərin ölkəyə gəlişi bəzi tarixçilərə görə, eramızdan əvvələ - 586-cı ildə Babil hökmdarının Yerusəlimi zəbt etdiyi dövrə gedib çıxır. Həmin dövrdə İudeya çarlığından qaçan yəhudilər ölkəmizdə özlərinə sığınacaq tapmışlar. Azərbaycanda yəhudilər üç icma - dağ yəhudiləri, aşkenazilər və gürcü yəhudiləri ilə təmsil olunurlar.
Xristianlıq isə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə bu torpaqlarda yayılmışdır. Ölkəmizdə xristianlığın bu gün pravoslavlıq, katoliklik və protestantlıq məzhəbləri, həmçinin müxtəlif sektant icmaları mövcuddur. 
Azərbaycanda islamın yayılması erkən islam fütuhatı dövrünə təsadüf edir. İslam dininin bu ərazilərdə yayılmasından sonra əhali arasında dözümlülük, birgəyaşayış mühiti daha da güclənmişdir. Çünki mərhəmət və sevgi dini olan islamda başqalarının düşüncələrinə hörmətlə yanaşmaq anlayışı yüksək mənəvi dəyər və mədəniyyət kimi dəyərləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla bərabər, digər dinlərin mənsubları da regionda dinc yanaşı yaşamışlar. Lakin bu birgəyaşayışa tarixin müxtəlif dövrlərində, xüsusən də XIX əsrin əvvəllərində Rusiya imperiyası ilə Qacar İran dövləti arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra xələl gətirilməyə çalışılmışdır. Belə ki, çar Rusiyası Şimali Azərbaycan ərazisinə sahib olduqdan sonra əhalini milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq üçün ölkədə yad mənəviyyatın və mədəniyyətin təbliğini prioritet məsələyə çevirmişdi. Azərbaycan 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etdikdən sonra ölkədə çar Rusiyasının mənfur siyasəti olan din və məzhəb ayrı-seçkiliyinə son qoyuldu, dini dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qəbul edildi. İstiqlal Bəyannaməsində milli, dini, ictimai vəziyyətindən, cinsindən, məzhəbindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verildiyi bəyan olundu. Ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığının təmin olunması xüsusi yer tuturdu. 
1920-ci ilin aprel ayında Azərbaycanın müstəqilliyinə son qoymaqla SSRİ xalqımızın milli-dini dəyərlərinə düşmən kəsildi. Doğrudur, işğalın ilk illərində bolşevik-kommunist ideoloqlar bütün dinlərin, o cümlədən də islamın özünəməxsusluğunu və dindarların milli heysiyyətini nəzərə almaq məcburiyyətində qalmışdılar. Hökumət dindarları ələ almaq məqsədilə müxtəlif gedişlərə əl atırdı. Məsələn, Qurban və Ramazan bayramları dövlət səviyyəsində qeyd edilirdi. Lakin ötən əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvəllərində, SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da dinə qarşı hücumlar başlanıldı. İllər keçdikcə dinlə mübarizə daha geniş vüsət aldı, məscidlər və mədrəsələr bağlandı, o cümlədən din xadimləri repressiya qurbanına çevrildilər. Qurani-Kərim zərərli kitab hesab olunaraq qadağan edildi. Azərbaycanın bütün ərazisində məscidlər dağıdılaraq anbar, kitabxana, yaxud da muzeyə çevrildi. Beləliklə, ötən əsrin 20-ci illərinin əvvəllərində Sovet hakimiyyətinin elan etdiyi vicdan, din azadlığı heçə endirildi və bu, İkinci Dünya müharibəsinədək davam etdi. 1943-cü ildə müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra Sovet hökuməti Qərb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq üçün müəyyən siyasi gedişlər etdi, onlarla əməkdaşlıq üçün müəyyən islahatlar həyata keçirməyə məcbur oldu. 
Ötən əsrin sonlarına yaxın Sovet imperiyasının süquta uğraması dünyanın mövcud siyasi xəritəsinin dəyişməsinə, bir sıra qlobal problemlərin yaranmasına gətirib çıxardı. Həmin dövrdə dünya iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, mənəviyyat sahəsində də böyük böhran yaşayırdı. Bundan başqa, bəzi siyasi dairələr tərəfindən mədəniyyətlər və dinlər arasında fərqlərin qabardılması “sivilizasiyaların toqquşması” nəzəriyyəsini meydana çıxarmışdı. Məqsəd isə bu yolla xalqlara, millətlərə, dövlətlərə təsir göstərib özlərinin “arzuları”nı reallaşdırmaq idi.
Dünya düzənini yenidən qurmağa cəhd göstərildiyi belə bir zamanda Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Sovetlər Birliyinin süquta uğraması nəticəsində yeni eranın başlaması, başqa sözlə, ateizmə əsaslanan cəmiyyətdən milli-dini dəyərlərə hörmətlə yanaşılan cəmiyyətə keçid heç də asan olmadı. Həmin dövrdə ölkənin müharibə şəraitində olması, ağır iqtisadi-sosial vəziyyətlə yanaşı, hakimiyyət kürsüsü uğrunda gedən daxili mübarizə onu parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu vəziyyət, şübhəsiz ki, dini duruma da təsirsiz ötüşmürdü. Daxili qarışıqlıqdan, yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən istifadə edən bəzi radikal dini cərəyanların nümayəndələri “xeyriyyəçilik” adı altında Azərbaycanda fəaliyyətə başladılar. Əslində, əksəriyyətinin niyyətinin saf olmadığı, şəxsi və ya qrup maraqlarına hesablandığı bir müddət sonra aydın oldu. Çox keçmədi ki, ölkədə dövlət-din münasibətlərinin hüquqi əsasları formalaşdırıldı. Vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şərait yarandı. Eyni zamanda, dövlətin din siyasəti respublikamızın milli maraqlarını, onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ümumiyyətlə, cəmiyyətdə sabit vəziyyət yaratmaq üzərində kökləndi. Ölkəmiz dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla yanaşı, həm də öz milli-mənəvi dəyərlərinə söykənən dövlətə çevrildi. Uzun illər ibadət ocaqlarının fəaliyyətinə, dini ayinlərin icrasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Bu sahədə yerli milli kadrların hazırlanmasına, dini maarifləndirmə işində əsasən daxili potensialdan istifadə olunmasına diqqət yetirilməsi vacib faktora çevrildi. 
Təbii ki, bütün bunlar Azərbaycan müstəqilliyini bərpa etdikdən bir müddət sonra xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsindəki uğurlarının nəticəsi idi. Bu uğurların əsas səbəbi hər sahədə olduğu kimi, dinlə bağlı siyasətin də təməlindən sağlam, düzgün istiqamətdə qurulmasında idi. Məhz ümummilli liderin sayəsində din sahəsində sabitlik təmin edildi, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanıldı. Dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimləndi, xalqımız öz milli, dini bayramlarını azad və sərbəst şəkildə qeyd etmək hüququ qazandı. Uzun illər baxımsız qaldığına görə dağılmış ibadət ocaqları yenidən bərpa edilib xalqın istifadəsinə verildi. Dini konfessiyalar arasında dözümlülük mühiti daha da inkişaf etdirildi. Ulu öndər milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, Azərbaycanda məskunlaşan hər kəsin bütün sahələrdə hüquq bərabərliyinin dövlət tərəfindən təmin edilməsini prinsipial məsələ kimi bəyan etdi: “...Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik”.
1992-ci ildə qəbul olunan, sonrakı illərdə zamanın tələbinə uyğun olaraq bir sıra ciddi dəyişikliklər edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə vicdan azadlığının təmin edilməsi, dini qurumların statusu, onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi. Həmin dövrdə respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qanunvericiliyin icrası, bu sahədə müəyyən bir idarəetmə orqanının yaradılmasına ehtiyac duyulurdu. Beləliklə, 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-din münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyuldu. Dövlət Komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafında, din haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsində, müvafiq qanunvericiliyin icrasına nəzarətin, eyni zamanda, dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların həyata keçirilməsində böyük rol oynayır.
Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasət onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə müstəqillik illərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovetlər Birliyi dağılan dövrdə Azərbaycanda cəmi bir neçə dini icma və 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-dən çoxdur. Təkcə son 10 il ərzində ölkədə 140-a yaxın məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına onlarca məscid tikilib, yaxud əsaslı bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük məscidi olan Heydər məscidinin 26 dekabr 2014-cü ildə açılışı olub.
Eyni zamanda, hazırda ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşlarının böyük əksəriyyəti müsəlmanlar olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Hələ 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. 1999-cu ildə məbəddə bərpa işləri başlanılmış, 2001-ci ildə isə başa çatdırılmışdır. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Kilsənin tərkibində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün “Bazar günü” məktəbi, böyüklərin katexizasiyası üzrə məktəb, həmçinin yeməkxana fəaliyyət göstərir.
2002-ci il mayın 22-23-də Roma papası II İohann Pavelin Azərbaycana səfərindən sonra ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Bakının mərkəzində Roma-katolik kilsəsi üçün yer ayrılmış, 2005-ci ildə məbədin tikintisinə başlanmışdır. Sevindirici haldır ki, kilsənin tikintisinə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların nümayəndələri maddi yardım göstərmişlər. Tikinti işləri 2006-cı ildə başa çatdırılmış, rəsmi açılış mərasimi 2008-ci il martın 7-də keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın Dövlət katibi Tarçizio Bertone iştirak etmişlər.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ yəhudiləri üçün yeni ibadət ocağı inşa edilmiş, 5 aprel 2011-ci ildə sinaqoqun rəsmi açılış mərasimi keçirilmişdir. Avropada ən böyük sinaqoqlardan biri hesab edilən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılmışdır. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra buradakı yəhudi icması beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar. 
Bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlıq Azərbaycan xalqının min illiklər boyu formalaşmış xarakterik xüsusiyyətidir. Xalqımız tolerantlığa təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır. Belə olmasa idi, müxtəlif tarixi dövrlərdə fərqli dinlərin mənsubları və etnik qruplar burada özlərinə sığınacaq tapa bilməzdilər.
Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu sübut etmək üçün geniş tədqiqat aparılmasına ehtiyac yoxdur. Çünki əsrlər boyu kilsələr və sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərmiş, nəticədə Vətənimiz tolerantlıq mərkəzlərindən birinə çevrilmişdir. 
Tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də gələcək inkişafının və sabitliyinin təminatıdır. Deməli, Azərbaycan xalqının gələcəyi üçün bu uğuru həm təbliğ etməli, qoruyub saxlamalı, həm də möhkəmləndirməliyik. 
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində təkcə ölkədə yeni məscidlər inşa etməyib, həm də bu torpaqlarda yüz illiklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib. Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu layihə çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Eyni zamanda, layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib və s. 
Ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət Müşavirinin Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun yaradılması dövlət başçısının azərbaycançılıq ideologiyasının inkişafını, milli-mənəvi dəyərlərin qorunmasını, dözümlülük siyasətimizin təbliğini daim diqqət mərkəzində saxladığının göstəricisidir. Bu işlərin ən zirvə nöqtəsi və ölkədəki müxtəlif mədəniyyətlər, dinlər, məzhəblər arasındakı dözümlülük ənənəsinə dövlətin verdiyi dəstək 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam idi. Bu sərəncamdan irəli gələrək görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı dünyagörüşünə, intellektual səviyyəsinə, bütövlükdə mentalitetinə görə həm tolerant, həm də multikultural xalqdır. Əslində, multikulturalizm termini bu gün istifadə edilsə də, tarixən Azərbaycan cəmiyyətinin multikultural olması faktı ortadadır. Ölkəmiz əsrlər boyu müxtəlif dinlərin, xalqların, etnosların birliyini təcəssüm edib. Bu baxımdan da bu gün Azərbaycanın multikultural dəyərləri dünyaya bir nümunə kimi göstərilməkdədir. Hazırda Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var və bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışmalıyıq. Prezident İlham Əliyev bu yaxınlarda ölkəmizdə keçirilmiş V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində dövlətimizin multikulturalizmə verdiyi əhəmiyyəti belə ifadə etmişdir: “Bizim tariximiz multikulturalizm əsasında qurulubdur. ...İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir”.
Artıq Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Ölkəmizdə irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur. Əksər ölkələr üçün örnək olan multikulturalizm və dini tolerantlıq modeli müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Ölkəmizdəki mövcud multikultural və dini tolerantlıq ənənəsinin yüksək səviyyədə olduğunu hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva knyazı “Daniel” ordenini təqdim edərkən Moskva və bütün Rusiyanın Patriarxı II Aleksi belə ifadə etmişdi: “Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir”. 2002-ci ildə Roma Papası mərhum II İohann Pavelin və bu günlərdə Papa Fransiskin ölkəmizə səfəri Azərbaycanın dinlərarası dialoqa, multikulturalizmə və tolerantlığa verdiyi töhfənin bariz nümunəsidir.
Eyni zamanda, artıq Azərbaycan dünyada dialoqun təşviqi və inkişafı istiqamətində mühüm rol oynamaqdadır. Bu gün həm Avropa Şurasına, həm də ISESCO-ya yeganə müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurmuşdur. Son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycan tərəfdən gəldiyinin şahidi olarıq. Buna ən gözəl nümunə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd olunması, ISESCO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, habelə mədəniyyətlərarası dialoqla bağlı paytaxtımızda müxtəlif tədbirlərin - 2006-cı ildə “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısının, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun, beş beynəlxalq humanitar forumun, 2016-cı ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsidir.
Bu cür tədbirlərin keçirilməsində məqsəd Şərqlə Qərb arasında tarixi körpü rolunu oynayan Azərbaycanın islam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək, xalqımızın dözümlülük mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaq, eyni zamanda, bu gün dünyada qlobal problemə çevrilmiş dini radikalizm və zorakı ekstremizmin kökünün kəsilməsi istiqamətində birgə həll yolları axtarıb tapmaqdır. 
Dövlətimiz milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində də mühüm işlər görür. Ölkə rəhbəri bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı sərəncam bu nöqteyi-nəzərdən çox önəmlidir. Sərəncama əsasən, dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılaraq islam və qeyri-islam dini icmaları tərəfindən təqdim edilən layihələr, yüzlərlə tədbir həyata keçirilmişdir. Şübhəsiz ki, belə tədbirlərdə cəmiyyətin dini məlumatlarının artırılması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi xurafat və radikalizmlə mübarizədə öz müsbət təsirini göstərir. Bütün bunlarla yanaşı, dövlətin din siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi və ənənəvi dini dəyərlərimizi cəmiyyətə düzgün şəkildə çatdırmaq məqsədilə mütəmadi maarifləndirici tədbirlər həyata keçirir, bu sahədə müxtəlif nəşrlər çap etdirir. Təbii ki, dini maarifləndirmə sahəsində fəaliyyəti təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirmir, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən geniş işlər görülməkdədir. QMİ məzhəblərarası qarşıdurmanın baş verməməsi üçün bütün səyini ortaya qoyur. İslam dünyasında Qafqaz Müsəlmanları İdarəsi yeganə dini təşkilatdır ki, onun rəhbəri Şeyx əhli-şiə, müfti olan birinci müavini əhli-sünnədir. Eyni zamanda, Şeyxülislamın müavinlərindən biri qadındır və bu, dünyada yeganə nümunələrdən sayıla bilər. Bütün bunlar Azərbaycanın tolerant və multikultural dəyərlərinin nümunələrindəndir.
İstər keçmiş, istərsə də müasir dövrdə yaşananlar göstərir ki, hər bir cəmiyyətdə, hər bir dövlətdə sabitliyin əsas sütunlarından biri də multikultural və tolerant dəyərlərin qorunması, inkişaf etdirilməsidir. Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, indi dünyanın bir çox ölkələri tərəfindən tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə, hər görüşdə vurğulanır. O model ki, memarı ulu öndər, müasir dövrlə uzlaşdırıb təkmilləşdirəni Prezident İlham Əliyevdir.

Mübariz QURBANLI,
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri


Son baxılan xəbərlər

Xırdalanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Xəbərlər
25.10.2018 / 16:23
Ətraflı oxu

Suraxanı rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
14.03.2017 / 15:02
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər
17.12.2019 / 15:47
Ətraflı oxu

Dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
05.12.2018 / 12:39
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
16.01.2020 / 17:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu