Press-relizlər / 28.10.2016 / 17:46
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonu Urva kəndində uşaq hüquqları aylığı çərçivəsində “Səmavi dinlərin uşaq hüquqlarına dair mülahizələri” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, Qusar rayonu Urva kənd İnzibati Ərazi Dairəsi üzrə Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Süvliddin İskəndərov, gənclər və məktəblilər iştirak ediblər.
Qusar rayonu Urva kənd İnzibati Ərazi Dairəsi üzrə Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Süvliddin İskəndərov mövzu ilə bağlı məlumat verərək bu cür tədbirlərin keçirilməsini uşaqların öz hüquqlarını bilməsi baxımından çox əhəmiyyətli olduğunu deyib.
Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qanunvericilikdə uşaq hüquqlarının təfsiri, səmavi dinlərdə uşaq hüquqlarının əks olunması, dövlət-din münasibətləri haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, din adından istifadə edərək özlərini “dindar” adlandıran bir çox radikal təriqətçilər tərəfindən uşaq hüquqları kobud surətdə tapdalanır.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev qeyd edib ki, bu gün dövlətimizdə insan hüquqları və onun tərkib hissəsi olan uşaq hüquqları ən yüksək səviyyədə qorunur. Hətta ən ucqar kəndlərdə belə uşaqların təhsil hüququnun təmin edilməsi üçün yeni və gözəl məktəblər tikilir. Uşaq hüquqlarının digər sahələrdə də qorunması üçün müvafiq qanunvericilik bazası yaradılıb.
Tədbirin sonunda Urva kənd məktəbinin kitabxanasına Dövlət Komitəsinin razılığı və sifarişi ilə nəşr edilən “İnsan hüquqları”, “İslamda Vətən və Dövlət sevgisi”, “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabları, o cümlədən “Dövlət və Din” ictimai fikir toplusunun müvafiq nömrələri hədiyyə edilib.