Multikulturalizmin ünvanı - Azərbaycan

Multikulturalizm / 29.09.2016 / 09:12

Multikulturalizm bütöv dünyada və ya ayrılıqda götürülmüş dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyə, siyasətdir. Multikulturalizm assimiliyasiyaya qarşıdır.

Çoxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlı olması üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı dözümlülük – tolerantlıq hissinin olmasıdır. Bu olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir.  Müasir dövrdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər var. Əsasən Qərb ölkələridir. Onların fikrincə, əgər bir cəmiyyətdə dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilirsə, demək, həmin cəmiyyət tolerantdır və tolerantlığın ayrıca təbliğinə gərək yoxdur.
İlk baxışdan məntiqli yanaşma kimi qəbul edilə bilər. Bunun əleyhdarları əsasən elə qərblilərdir. Ona görə ki, tolerantlıq təkcə hüquqi deyil, həm də mədəniyyət və mənəviyyat məsələsidir. Dünyada tolerant cəmiyyətlərin tarixi əsrlərlə ölçülür. Amma hüquqi, demokratik, dünyəvi dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli, tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Əslində, bu gün Azərbaycanı və azərbaycanlıları başqalarından fərqləndirən xüsusiyyət də məhz budur. Əgər tolerantlıq bir avropalı üçün hüquqi vəzifəsidirsə, azərbaycanlı üçün mənəvi tələbat və mədəni normadır.
Tolerantlığın minimum şərtlərinə əsasən, dini çoxluq dini azlığa nəinki hörmətlə yanaşmalı, eyni zamanda onun öz inancına uyğun yaşamasına mane olmamalıdır. Minimum şərtlərin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə nümunə göstərmək mümkündür. Ancaq bu bir həqiqətdir ki, Azərbaycandakı dözümlülük mühitinin səviyyəsi tolerantlığın minimum şərtlərini və tələblərini çoxdan ötüb. Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki, mane olmayıblar, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar hər zaman dini azlıqların himayədarı və mühafizəçisi qismində çıxış ediblər.
Bu ideyanın kökləri qədim tarixə malikdir. Bütün səmavi dinlərdə ideyanın əsaslarını görə bilərik. Azərbaycan da bu sahədə dünya üçün örnək ola biləcək modeldir. Azərbaycan zəngin və mürəkkəb tarixi olan ölkədir. Çoxallahlılıqdan, şamançılıqdan və bütpərəstlikdən tutmuş səmavi dinlərə (Yəhudilik, Xristianlıq, İslam) qədər dünyanın bütün məşhur dinləri burada öz izlərini buraxmışdır. Bunun nəticəsidir ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir milli, dini azlıq buradan başqa bir əraziyə köçməmiş və köçürülməmiş, hər bir etnos milli və dini kimliyini qoruyub saxlamışdır. Müxtəlif tarixi dövrlərdə öz torpaqlarında sıxışdırılan bəzi konfessiya nümayəndələri, dini-etnik qruplar Vətənimizə sığınmış və cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilərək, ayinlərini rahat yerinə yetirmək imkanı əldə etmiş, yerli əhali ilə qaynayıb-qarışmışlar.
XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrində qeyri-ənənəvi dini etiqada görə Rusiyada təqib edilən rusların - duxoborların, molokanların yığcam yaşadıqları məskənlər yaranmışdır. Onların nəsilləri Azərbaycanda bu gün də yaşayırlar. Tarixi ənənəyə sadiq qalaraq Azərbaycanda bu gün də yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir.
Respublikamızda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakı şəhərində “Qızılı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. 1907-ci ildə H.Z.Tağıyev tərəfindən tikdirilən Rus Pravoslav Kilsəsinin Jen Mironosets Baş Kafedral kilsəsi təxminən 100 ildən sonra müsəlman A.Qurbanovun maliyyə dəstəyi ilə bərpa olunmuşdur.
Azərbaycan ərazisi təkcə fərqli dinlərin mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən İslamla bağlı məzhəblərin də nümayəndələrinin pənahgahı olub. Hesablamalara görə, Azərbaycan Əhli-beyt məzarlarının sayına görə Səudiyyə Ərəbistanı və İraqdan sonra üçüncü yeri tutur. Hazırda Bakıda Bibiheybət, Rəhimə Xanım, Gəncə və Bərdədə yerləşən imamzadə məscid-ziyarətgahları həmin müqəddəs ailə üzvlərinin dəfn olunduğu yerlərdir.
Çar Rusiyasının Şimali Azərbaycan ərazilərinə sahib olması ilə xalqın ənənəsinə zidd olan yabançı dəyərlər təbliğ edilməyə, sırınmağa başlanmışdı. İşğalçılar öz müstəmləkəçiliyini bu torpaqlarda hökmran etmək üçün etnik-dini qarşıdurma yaratmaq siyasətini aparırdı. Çarizm müsəlmanların dini birliyinin qorunması əvəzinə, məzhəb fərqini şişirtməklə sünni-şiə başçılarını bir-birinə qarşı qoymuşdu. Azərbaycan ziyalıları isə iki məzhəb arasında qızışdırılan ixtilafaların qarşısını almağa nail olmuşlar.
Lakin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası 1918-ci il 28 mayda qurulduqdan sonra ölkədə İslama qarşı ayrı-seçkiliyə son qoyulmuşdur. ADR hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsini yaratmaqla məzhəblərarası gərginlik üçün çalışanlara mane olmuşdur.  Həmçinin, Şərqdə ilk peşəkar teatrın, qəzetin, operanın və baletin əsası Azərbaycanda qoyulmuşdur. Ən önəmlisi odur ki, Azərbaycanda həm maarifçi hərəkatın yaradıcılarının, həm də Xalq Cümhuriyyətinin qurucularının və ideoloqlarının böyük əksəriyyəti ruhani ailəsindən və dini təhsil ocağından, mədrəsədən çıxmışlar (Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə, Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucusu və ideoloqu, Bakı ruhanisinin oğlu Məhəmməd Əmin Rəsulzadə və s.).
Bu cür faktlar və nümunələr kifayət qədərdir. Hətta onların içərisində elə nümunələr var ki, dünyanın hansısa ölkəsində və tarixin hansısa səhifəsində oxşarını tapmaq qeyri-mümkündür. Hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi qəbul və görüşlərdə, ya da dinlərarası dialoq və tolerantlıqla bağlı tədbirlərdə bir araya gəlirlər. Başqa sözlə, dini konfessiyaların rəhbərlərinin görüşü, hətta bir süfrə arxasında əyləşmələri və şəkil çəkdirmələri protokol qaydalarından kənara çıxmır. Lakin bu cür protokol qaydaları Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri üçün yaddır. Onlar, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və Avropa yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç bir-birinə dost, qardaş münasibəti göstərirlər. Dini icma liderlərin tez-tez görüşmələri, məsləhət-məşvərət etmələri, müxtəlif tədbirlərdə birgə iştirak etmələri adi haldır. Bu, təkcə qarşılıqlı hörmət yox, həm də qarşılıqlı etimad deməkdir. Onların bu cür birliyinə çoxları heyrət və qibtə edir. Axı qibtə etməmək mümkün də deyil! Təsəvvür edin ki, Şeyxülislam mübarək Ramazan ayında iftar süfrəsi təşkil edir və iftar süfrəsində ölkə Prezidenti cənab İlham Əliyevin sağında Şeyxülislam, solunda isə digər dini konfessiyaların rəhbərləri əyləşirlər. Üstəlik, iftar süfrəsində yalnız Şeyxülislam deyil, digər dini konfessiyaların nümayəndələri də çıxış edirlər.
Başqa bir nümunə: müsəlmanların Ramazan ayında təşkil etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak etməsi praktikası mövcuddur. Qəbələ rayonunun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianlarının məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil etməsi bütün dünya üçün örnək nümunəyə çevrilib.
Tolerantlığa zəmin yaradan iqtisadi amillərdən danışarkən, ilk növbədə Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşməsi xüsusi qeyd olunmalıdır. Uzaq Çindən başlayan və Avropanın qurtaracağında bitən İpək yoluna təkcə ticarət yolu və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla həm ipək və müxtəlif məhsullar daşınmış, həm də insanlar, fərqli dinlər, mədəniyyətlər səyahət etmişdir.
Digər amil dindir. İslam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Çünki dinimizə görə, bütün insanlar və millətlər bərabərdir, ali irq, ali millət anlayışı yoxdur. Qurani-Kərim buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (Hucurat, 13). Peyğəmbərimizin hədisi-şərifində bu fikir daha da konkretləşdirilir: “Heç bir ərəb qeyri-ərəbə nisbətən hansısa üstünlüyə malik deyil. Eləcə də qeyri-ərəb zənciyə nisbətən, zənci ağ adama nisbətən hansısa üstünlüyə malik deyil”. Qurani-Kərimdə insanlara bəyan edilir: “Dində məcburiyyət (zorakılıq) yoxdur...” (2:256). Göründüyü kimi, İslam prinsipial şəkildə insanların vicdan və seçim azadlığına müdaxilə edilməsinə icazə vermir. Buna görə də İslam dini sürətlə yayılarkən xristian, yəhudi məbədlərinə toxunulmamış, həmin dinlərin mənsublarının öz inanclarına uyğun yaşamalarına şərait yaradılmışdır. İslamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir. İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir (Şəkidəki Kiş məbədi, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən tikilmiş Atəşgah məbədi).
Şübhəsiz ki, bütün bu sadaladığımız dəyərlər yalnız düşünülmüş dövlət siyasəti nəticəsində daha da möhkəmlənə bilərdi. Məhz Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Yeni tarixi şəraitdə Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq özünə güvənməsi üçün ümumi bir konsepsiyaya ehtiyac var idi. Bu ideologiya həm milli adət-ənənələrə və dini-mənəvi dəyərlərə söykənməli, həm də ölkəmizin çağdaş dünyaya qovuşmasını təmin etməli idi. Ona görə də Heydər Əliyev ölkənin dinə və dindarlara münasibətini düzgün və sağlam müstəvidə həll etməyə başladı, dəfələrlə din xadimləri (yəhudi, xristian, islam) ilə görüşlər keçirdi. Ulu Öndər bu barədə çıxışlarının birində qeyd edirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki bunların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Məhz onun dövründə dinlərarası dialoqla bağlı bir çox beynəlxalq tədbirlər baş tutmuş, multikultural siyasət özünün pik həddinə çatmışdır.
Ulu Öndərin gərgin əməyi sayəsində ərsəyə gəlmiş 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Konstitusiyamızda da bu ənənələr gözlənilmişdir - 18-ci maddəsində deyilir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”; 48-ci maddəsinə görə, “hər bir vətəndaş dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimləri azad yerinə yetirmək hüququna malikdir”.
Ümummilli Liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin irsi yaşadır. Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün yüksək səviyyədə, ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları ilə son 10 il ərzində ölkədə yüzlərlə məscid inşa olunmuş, 80-dən çoxu təmir, 10-dan çoxu əsaslı bərpa edilmişdir. Hazırda ölkədə 2 mindən artıq məscid fəaliyyət göstərir. Bununla yanaşı onlarla azsaylı xalqların nümayəndələrinin yaşadığı Azərbaycanda 12 kilsənin, 6 sinaqoqun fəaliyyət göstərir.
Azərbaycan dövləti formalaşmış din siyasətini təkcə daxildə həyata keçirməklə kifayətlənmir. Belə ki, bu gün Azərbaycan özünün tolerantlıq fəlsəfəsini dünyaya ixrac etməyi hədəfləmişdir. Bu sahədə hökumət multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində çoxsaylı tədbirlərə – beynəlxalq və regional konfranslar, forumlara ev sahibliyi etmişdir.
Bu baxımdan Heydər Əliyev Fondu da fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyduğu başlıca məqsəd kimi Ulu Öndərin milli dövlətçilik ideyasının həyata keçirilməsi və təbliği istiqamətində ölkə daxilində və xaricində böyük işlər görmüşdür. Bu uğurlu fəaliyyətin təminatçısı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya əməyinin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə ISESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) xoşməramlı səfiri, 2008-ci ildə “İƏT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edilmişdir. Bunun nəticəsidir ki, ISESCO-nun qəbul etdiyi qətnaməyə əsasən, Bakı (2009) və Naxçıvan (2018) şəhərləri İslam Mədəniyyətinin Paytaxtları elan olunmuşdur. Fond, həmçinin “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində nəhəng işlərə imza atmışdır. Belə ki, ölkə daxilində və xaricində müxtəlif dini konfessiyalara mənsub ibadət ocaqları inşa və ya bərpa edilmiş, xalqımızın tolerantlıq ənənələrinin beynəlxalq aləmdə təbliği məqsədilə foto-sərgilər təşkil edilmişdir.
Sonda deyə bilərik ki, tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də eyni funksiyanı uğurla yerinə yetirir.
 
Əli Həziyev 
DQİDK-nın əməkdaşı

                                                   

Son baxılan xəbərlər

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

Press-relizlər
15.11.2019 / 18:08
Ətraflı oxu

Komitə rəsmisi əhaliyə səsləndi: “Kütləvi tədbirlərdən çəkinin”

Xəbərlər
31.08.2020 / 10:24
Ətraflı oxu

Saatlı rayonunda dini icma sədrlərinin vədin xadimlərinin iştirakı ilə videokonfrans keçirilib

Press-relizlər
27.11.2020 / 16:25
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu