Vladimir Fekete: “Roma Papası bütün dünyaya çatdıracaq ki, Azərbaycanı müxtəlif dinlərin nümayəndələrinin yaşadığı tolerant ölkə kimi qəbul edir”

Müsahibələr / 27.09.2016 / 11:26

“Eurasia Diary” portalı Roma Papası Fransiskin Bakıya planlaşdırılan səfəri öncəsi Azərbaycandakı katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete ilə söhbətləşib. Roma Papasının oktyabrın 2-də Azərbaycana gələcəyi gözlənilir. Proqrama görə, oktyabrın 2-də Papa Müqəddəs Məryəm Kilsəsində messa(dini ayin)  keçirəcək. Sonra pontifik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, müsəlman, pravoslav və yəhudi icmalarının liderləri ilə görüşməlidir. Elə həmin gün axşam Papa Vatikana qayıdacaq.
Müsahibə zamanı Vatikanın beynəlxalq siyasətdə rolundan tutmuş Roma Papasının Bakıda verəcəyi mesajlaradək açıqlama verən ordinari Dağlıq Qarabağ münaqişəsinə də toxunub və Papa Fransiskin "erməni soyqırımı" iddialarını tanımasından da danışıb.
Xatırladaq ki, Roma Papası Fransisk "erməni soyqırımı" iddialarını tanıyıb. O, Ermənistanda səfərdə olarkən bu ifadəni işlədib. Bu, Türkiyənin və Azərbaycanın həmin vaxt kəskin tənqidinə səbəb olmuşdu.
 
Eurasia Diary: Roma Papasının kilsə hakimiyyətinin nüfuzu aydındır, bu, bütün dünya katolik kilsələrinin idarə olunmasında ən yüksək və hüquqi hakimiyyət deməkdir. Papanın dünyəvi hakimiyyətini və hakimiyyətinin hüdudlarını necə xarakterizə edərdiz?
 
Vladimir Fekete:  Papanın son yüzilliyində hər kəs təkrarlayır ki, kilsə xüsusi dünyəvi hakimiyyətdə maraqlı deyil, kilsə mənəvi hakimiyyətin qayğısına qalır.  Yəqin ki, məhz katoliklərin və digər insanların üzərində dünyəvi hakimiyyətdən bu imtina insanlarda nüfuzu fəth etməyə daha kömək edir. Beləliklə, Vatikanın dünyəvi hakimiyyətdən imtinası çox düzgün qərardır və ən böyük mənəvi nüfuzu qazanmağa xidmət edir.
 
Eurasia Diary: Vatikan 170 ölkə ilə diplomatik münasibətlərə malikdir. Vatikanın müasir dünyadakı qlobal rolu və əhəmiyyəti nədir?
 
Vladimir Fekete: Vatikanın, Papanın və onun köməkçilərinin var olması ilk növbədə,  mənəvi liderin var olması deməkdir. Mənəvi lider ümumbəşəri mənəvi dəyərləri üstün tutaraq  hakimiyyətin mövqeyinə təsir etmədən insanlara təsir etməyə çalışır. Beləliklə, Vatikan insanlara müraciətləri ilə mənəvi dəyərləri unudan insanlara xatırladır ki, ilk növbədə insanlıq və onun ehtiyacları haqqında düşünsünlər, siyasi maraqlar bəşəri qayğılardan üstün olmamalıdır.
 
Eurasia Diary: Vatikanın gündəmdə olan münaqişələrdə və problemlərdə mövqeyi necədir?
 
Vladimir Fekete: Vatikan hər hansı münaqişə tərəfləri olan ölkələr arasında vasitəçi olmağa çalışır ki, onlar barışığa ortaq yol tapmaq üçün danışıqlar masasına əyləşsinlər. Buna real nümunə olaraq, Vatikanın xüsusi səyləri nəticəsində Kuba və ABŞ arasında nizamlanan münasibətləri nümunə gətirə bilərəm ki, hazırda bu münasibətlər yeni mərhələyə qədəm qoyub.
 
Eurasia Diary: Roma Papasının Azərbaycana səfəri zamanı rəsmi şəxslərlə planlaşdırılan görüşlərdə hansı aktual məsələlər müzakirə ediləcək?
 
Vladimir Fekete: Rəsmi Vatikan Roma Papasının Azərbaycana gözlənilən səfərinin proqramını və məqsədini elan edib. Həmçinin, Roma Papası şəxsən Azərbaycanda yaşayan katoliklərin inamını bərkitmək niyyətində olduğunu da bəyan edib.
Roma Papası Ermənistana baş tutan səfərindən sonra Gürcüstana və Azərbaycana səfər edərək bildirmək istəyir ki, onun xüsusi olaraq rəğbət bəslədiyi və sevdiyi ölkə yoxdur. Çünki o özünü bütün insanların mənəvi atası hiss edir və hər kəsə  - Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşlarına eyni hörməti bəsləyir, onları öz dostu və qardaşı hesab edir.
 
Eurasia Diary: Roma Papasının Qafqaz ölkələrinə səfərinin regionun aparıcı münaqişəsi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hanı bir təsiri olacaqmı?
 
Vladimir Fekete: Biz xüsusilə dini və milli ayrı-seçkiliyə səbəb olacaq hərbi hərəkətlərin baş verməməsi üçün dua və ümid edirik. Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə deyil, danışıqlar yolu ilə həll edilməlidir. Papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır və münaqişələrin kökündə dini fərqliliyin yox, iqtisadi və siyasi maraqların dayandığını daim bəyan edir. Əminəm ki, Papanın regiona səfəri və rəsmi şəxslərlə baş tutacaq danışıqları münaqişənin ədalətli həllinə müsbət təkan verəcək.
 
Eurasia Diary: Səfərin “Multikulturalizm ili”ndə baş tutması təsadüfdürmü?
 
Vladimir Fekete: Allah üçün “təsadüf” yoxdur. Əminəm ki, Allah hər bir şeyi - zamanı və başverənləri tənzimləyir. Görünür, Allah səfərin belə bir ildə bizim üçün əhəmiyyətli olacağını buyurub.
Əminəm ki, Papa xüsusi bir mesaj hazırlayır. Amma səfər qabağı onun “Biz hamımız qardaşıq” şüarı ilə çıxış etməsi həmin mesajın bir işarəsidir. Roma Papası bütün dünyaya çatdıracaq ki, Azərbaycanı müxtəlif dinlərin nümayəndələrinin yaşadığı tolerant ölkə kimi qəbul edir və  bütün insanlara hörmət bəsləyir.
7 ildir ki, Azərbaycanda yaşayıram və ölkə gözlərimin önündə inkişaf edir. Əhəmiyyətli müşahidələrimdən biri də odur ki, Azərbaycanda nəinki dini liderlər, sadə vətəndaşlar da münaqişənin danışıqlar masasında müzakirəsinin əhəmiyyətini anlayırlar. Bu baxımdan, Vatikan siyasəti və  Azərbaycan xalqının keyfiyyətləri prosesin inkişaf edəcəyinə, habelə, digər ölkələr üçün nümunə olacağına ümid verir.
 
Eurasia Diary: Ötən il Roma Papasının Ermənistana səfəri zamanı "erməni soyqırımı" ifadəsini işlətməsi Azərbaycanın da kəskin tənqidinə səbəb olmuşdu. Bu tip məsələlərin siyasətçilər və ya dini xadimlər arasında deyil, tarixçilər arasında müzakirə edilməsi məntiqli deyilmi?
 
Vladimir Fekete: Mən Roma Papasının işlətdiyi ifadələrin hakimi ola bilmərəm. Əlbəttə, bu tip məsələlərə məhz tarixçilərin rəy bildirməyi daha uyğun olar. Lakin siyasətçilər həmişə daha çox nüfuza və hökmə malikdirlər. Səfər zamanı Papa Fransisk müqəddəs II İoann Pavelin söylədiyi fikri təkrarladı, bu barədə öz şəxsi fikrini açıqlamadı. Yəni, Papa Fransisk onun 2000-ci ildə Ermənistana göndərdiyi müraciətini sitat gətirdi.
Beləliklə, Papa Fransisk Vatikan siyasətinin dəyişmədiyinə və  sələfi II İoann Pavelin siyasəti ilə getdiyinə işarə verdi. 

eurasiadiary.az

www.youtube.com/watch



Son baxılan xəbərlər

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
12.03.2019 / 12:32
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər
26.11.2019 / 15:48
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
02.08.2019 / 09:56
Ətraflı oxu

Xaçmazda “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər
21.02.2018 / 17:08
Ətraflı oxu

Saatlıda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.03.2018 / 09:54
Ətraflı oxu