Gülənçilik (FETÖ) - mahiyyəti, məqsədi və fəaliyyət istiqamətləri

Xəbərlər / 08.09.2016 / 15:10

Mahiyyəti
“Gülən camaatı” və ya “Xidmət hərəkatı” da adlandırılan gülənçilər Fəthullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxan, fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyandır. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınır. Türkiyədə baş vermiş 15 iyul hadisələrdən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir.
Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü “Xidmət hərəkatı” kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox “xoca əfəndi” adlandırdıqları F.Gülənin kitablarını oxuyurlar. Əgər Səid Nursi “Nur mədrəsələri”, “Nur şagirdləri”, “Nur müridləri” ifadələrini tez-tez işlədirdisə, F.Gülənin əsərlərində “İşıq evləri”, “İşıq süvariləri”, “Altun nəsil” kimi ifadələr xüsusi məna daşıyır.
Fəaliyyət forması, camaatın quruluşu və hədəfləri baxımından da gülənçilərlə klassik nurçular fərqlənir. Məsələn, klassik nurçuluqda iyerarxiya yoxdur, lakin onlardan fərqli olaraq gülənçilər ordu kimi nizam-intizamlı, təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər. Klassik nurçuluq siyasətdən uzaq olsa da, gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən çəkinmir, dövlət qurumlarına nüfuz etmək, öz adamlarını strateji strukturlarda yerləşdirmək istiqamətində ciddi səylə çalışırlar.
Klassik nurçuluqda ilkin hədəf dinin təbliğidir, gülənçilərin ilkin hədəfi isə “demokratik yol”la dövlət idarəetməsini ələ keçirməkdir. Bu baxımdan klassik nurçuların təbliğatları əsasən müsəlmanlar yaşayan ölkələrdə dərsxanalar yaratmaq və həmin dərsxanalarda yalnız Səid Nursinin “Risaleyi-Nur” külliyyatının tədrisini həyata keçirməklə məhdudlaşır. Lakin gülənçilər müsəlman olub-olmamasına baxmayaraq, dünyanın əksər ölkəsində universitet, litsey və hazırlıq kursları açır, KİV-in və internetin imkanlarından istifadə edir, eləcə də Fətullah Gülənin kitablarını yayırlar.
 
Məqsədi
Gülənçilərin əsas məqsədi dövlətin bütün sistemlərində İslam hökmlərinin işləməsinə nail olaraq, teokratik İslam diktaturasının qurulmasını reallaşdırmaqdır.
Fətullah Gülən ilkin olaraq dünyəvi, demokratik və sosial hüquqi dövlət olan Türkiyə Respublikasına son qoyub, şəriət qanunlarının hakim olduğu İslam dövlətini yaratmaq arzusundadır. Buna bariz sübut Türkiyədə son günlər baş verən hadisələrdir.
Dövlət və hökümət təşkilatlarına sızaraq idarəçiliyin ələ keçirilməsi, dini sahədə mütləq hakimiyyətin nəzarətdə saxlanılması, Gülən prinsiplərinə uyğun dövlət idarəçiliyinin tətbiq edilməsi, rəhbərinin tapşırıqlarının qeyd-şərtsiz yerinə yetirilməsi, Türkiyə ilə yanaşı türkdilli və müsəlman ölkələrdə məqsədlərinin icrası hədəfini güdən gülənçilərin qurduğu şəbəkə dövlət rejimini istismar edən, dini və siyasi fəaliyyətini daima aktiv şəkildə qoruyub saxlamağı bacaran, mənbəyi məlum olmayan maliyyə qaynağı ilə Türkiyə və digər ölkələrdə güclü təşkilati əsaslara malik  olan bir qurumdur.  
F.Gülən daim öz şəxsiyyəti ətrafında demokratik insan, təsirli və elmli İslam alimi fikrini yaratmağa çalışmışdır. Lakin Türkiyədəki son hadisələr onu göstərdi ki, gülənçilər öz planlarını həyata keçirmək üçün radikal addımlar da ata bilirlər. Belə ki, onlar silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər.
Türkiyənin timsalında gülənçilərin dini siyasiləşdirmə meyli, ölkədəki sabitliyi pozmaq və insanlara qarşı silahlı hücumlara əl ataraq, öz niyyətlərinə çatmaq istəmələri bu cərəyanın nə qədər təhlükəli olduğunun sübutudur.
 
Fəaliyyət istiqamətləri
Gülənçilər Orta Asiya və Azərbaycanda da nüfuz dairəsini genişləndirmək üçün fəaliyyət göstərirlər. Din pərdəsi altında siyasi planlarını həyata keçirmək istəyən gülənçilərin ən aktiv olduğu sahə təhsil sahəsidir. Məqsəd maarifləndirmə yolu ilə beyinləri ələ keçirməkdir. Məlumatlara görə, gülənçilər Türkiyədə 300-dən çox, dünyada isə 1000-dən artıq məktəb və digər təhsil ocaqları açmışlar.
Gülənçilərin əsas fəaliyyət istiqamətlərini ümumiləşdirsək, dövlətin bütün orqanlarında, əsasən təhsil və hüquq-mühafizə orqanlarında öz adamlarını yerləşdirmək, nəzarətlərində olan təhsil müəssisələrinin bütün məzunlarının vahid mərkəzdən idarə olunmasını təmin etmək, hərəkatın fəaliyyətinə maddi dəstək verə biləcək, sərmayə qoyuluşlarını təmin edəcək, xaricdə onlara simpatiya göstərilməsinə nail olacaq xüsusi iş adamları hazırlamaq, cəmiyyətin savadlı qismini müxtəlif variantlarla nəzarət altına almaq, gülənçilərin nəzarətində olan kütləvi informasiya vasitələri ilə cəmiyyətdə təbliğat aparmaq və s. olduğunu deyə bilərik.
Gülənçilərin hələlik ölkəmizdə siyasi proseslərə müdaxilə etməmələrinə, özlərini dövlətçiliyə və müasir dəyərlərə sadiq şəxslər kimi göstərməyə çalışmalarına baxmayaraq, onların fəaliyyəti cəmiyyətdə, xüsusilə dindar təbəqədə qruplaşma, ayrı-seçkilik yaranmasına gətirib çıxarır və son məqsədləri başqa qeyri-ənənəvi İslam cərəyanlarında olduğu kimi Azərbaycanda mövcud dövlət-üsul idarəsini dəyişdirməkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nurçuluq və onun bir qolu olan gülənçilərlə daim mübarizə aparmış, nurçulara aid dərxanaların və evlərin aşkarlanması, onların qanunsuz dini fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq orqanlarla birgə lazımi tədbirlər görmüşdür. Hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə Dövlət Komitəsi Gülənin dini kitablarının, eləcə də onun çıxışlarından ibarət audio-video materialların kütləvi şəkildə ölkəyə gətirilməsi və yayılmasını məqsədəuyğun hesab etməmişdir.
Dövlət Komitəsi bütövlükdə bütün dini qruplarla bağlı məlumatlar əldə edərək, onları vaxtında müvafiq orqanlara çatdırır. O cümlədən gülənçilər barədə məlumatlar da lazımi qurumlara çatdırılmış və onlarla mübarizədə birgə fəaliyyət davam etməkdədir.
Dinin siyasiləşdirilməsi, dini siyasi məqsədlərə alət etmək yolverilməzdir. Belə ki, dinin məqsədi siyasət deyildir. Dinin əsas məqsədi insanları öz azad iradələri ilə Tanrıya yönəltmək və beləcə əbədi səadətə qovuşdurmaqdır. Dövlətin rejimini yıxmaq, İslam dövləti qurmaq adı ilə insanların beyinlərinin yuyulması fəaliyyətinin dinlə heç bir əlaqəsi yoxdur.
Din insanlara ondan istifadə edərək dünyada səltənət sürsünlər deyə təbliğ edilməmişdir.
İslamın şərtləri arasında "dövlətin rejimini dəyişdirib İslam dövləti etməzsənsə, dini rədd etmiş olaraq ölərsən" deyə bir qayda da mövcud deyil.
Dinin həqiqi gəliş səbəbini dərk edə bilməmiş və ya bu yolda səhv məlumatlarla beynini doldurmuş insanlar qurtarılması lazım olan fərdi, vacib olan əməlləri, işləri buraxıb dövlətlə məşğul olmaqdadırlar.
Bu və ya digər qüvvələrin, hərəkat və ya cərəyanların dini, İslamı öz planlarını həyata keçirmək üçün alətə çevirmələri, onunla insanları öz təsirləri altına salmaları, beyni yuyulmuş şəxslərdən öz məqsədləri üçün istifadə etmələri həqiqəti dünyəvi dövlət üçün potensial təhlükədir.
 
 
Elnarə Kərimova,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri 

Son baxılan xəbərlər

Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı

Press-relizlər
03.08.2018 / 14:31
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi münasibətilə Bakıda tədbirlər keçirilib

Press-relizlər
24.05.2018 / 13:51
Ətraflı oxu

Astarada “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 09:42
Ətraflı oxu

Zaqatalada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

Press-relizlər
27.02.2019 / 10:20
Ətraflı oxu

Bakıda "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusunda konfrans keçirilib

Xəbərlər
29.10.2019 / 16:27
Ətraflı oxu

Zaqatalada “Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib

Press-relizlər
26.01.2017 / 09:59
Ətraflı oxu