
Press-relizlər / 25.07.2016 / 16:33
İyulun 20-i və 21-də Sinqapur Xarici İşlər Nazirliyi və Rajaratnam Beynəlxalq Əlaqələr Məktəbinin birgə təşkilatçılığı ilə Sinqapurda “Dini tolerantlığın təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə ən yaxşı təcrübələr və siyasətlər üzrə regionlararası perspektivlər” mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanovun da iştirak etdiyi tədbirdə 20-dən çox ölkədən siyasətçi, hüquqşünas, dini lider, professor, vətəndaş cəmiyyətinin üzvləri və eləcə də bu sahə üzrə ekspertlər iştirak edib.
Keçirilən konfransda dünyada dini tolerantlığın gücləndirilməsi, bu sahədə ən yaxşı təcrübələrin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasının zəruriliyi ilə bağlı müzakirələr aparılıb.
Çıxışlarda qeyd olunub ki, dini dözümsüzlüyə qarşı aparılan siyasət hər hansı bir dinə qarşı olmamalıdır. Dini dözümsüzlüklə mübarizənin aparılmasında dövlət və dini icmalar birlikdə işləməli, İslamın fundamental dəyərləri düzgün öyrədilməli və insanlara ekstremist ideologiyaların öyrədilməsinin qarşısı alınmalıdır. Tədbirdə, həmçinin o da qeyd olunub ki, dini etiqad azadlığına hörmət edilməli və hər bir dövlətin siyasəti bu istiqamətdə qurulmalıdır.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən “Azərbaycanın seçilmiş İslam abidələri” və “Azərbaycan tolerantlıq diyarı” kitabları və Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Azərbaycan tolerantlıq diyarı” sənədli filmi ilə bağlı CD-ləri Sinqapurun Rajaratnam Beynəlxalq Əlaqələr Məktəbinin rektor müavini səfir Ong Keng Yonga, Malayziyanın Dinlərarası Harmoniya və Anlaşmanın gücləndirilməsi üzrə Komitəsinin sədri Əmir Fərid Bin İsahaka və Sinqapur İslam Dini Şurasının Strateji İdarəetmə idarəsinin direktoru Zainul Abidin Bin İbrahimə təqdim edilib.