
Press-relizlər / 04.07.2016 / 14:32
İyulun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və Quba rayonu Alpan kənd məscidi dini icmasının təşkilatçılığı ilə adı çəkilən kənddə “Dini radikalizmlə mübarizədə mötədil dindarların rolu” mövzusunda maarifləndirici tədbir həyata keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Elnur Ağasiyev, QMİ-nin Quba bölgəsi üzrə qazısı Hacı Naib Səttarov, Quba RİH-nin Alpan kənd İƏD üzrə nümayəndəsi Tofiq Qubatov, kənd dini icmasının sədri Bədəl Bədəlov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bildirib ki, dini radikalizmlə mübarizədə dövlətimiz böyük uğurlar əldə edib. Belə ki, həyata keçirilən maarifləndirmə tədbirlərinin müsbət nəticəsi kimi bu gün ölkəmizdə gənclər və yeniyetmələr arasında dini radikalizmə meyillənmə halları azalıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev məruzəsində radikallığın cəmiyyətimizə vura biləcəyi zərərləri ön plana çəkib.
Tədbirdə çıxış edən QMİ-nin Quba bölgəsi üzrə qazısı Hacı Naib Səttarov qeyd edib ki, İslam dini radikallığa qarşı yaradılmış səmavi dindir və dinin mahiyyətini insana mərhəmət hissi təşkil edir.
Quba RİH-nin Alpan kənd İƏD üzrə nümayəndəsi Tofiq Qubatov çıxışı zamanı dövlətimizin dindarlara göstərdiyi qayğıdan və diqqətdən danışaraq qısa bir müddətdə respublikanın bir çox yerlərində tikilərək istifadəyə verilən məscidləri misal olaraq göstərib.
Maarifləndirmə tədbiri iftar süfrəsi arxasında davam edib.