Azsaylı xalqların mədəniyyəti onların folklor nümunələrində də yaşadılır

Multikulturalizm / 16.04.2016 / 09:23

Tolerantlığı ilə seçilən Azərbaycan azsaylı xalqların da məskunlaşdığı məkandır. Burada müxtəlif etniklər birgəyaşayışın nümunəsini illərdir ki, qoruyub saxlayırlar. Assimilyasiya olunanda, təbii ki, milli sərvətlərdən sayılan din, dil, mədəniyyət, etnoqrafiya da yerli xalqın təsiri altına keçir. Azərbaycanda isə vəziyyət tamamilə əksinədir. Burada azsaylı xalqların dillərinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanmasına, inkişafına hər cür şərait yaradılıb.
Etnik qrupların nümayəndələri özlərini bu ölkənin azadfikirli, bərabərhüquqlu vətəndaşları sayırlar. Bununla belə, hər bir qrup özünəməxsus fərqli mədəniyyətlərin elementlərini də qoruyub saxlayır ki, bu isə multikultural dəyərlərə daim diqqət ayıran Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Təbii ki, bu mədəni inteqrasiya məişət həyatında, sənətkarlıqda, mətbəx və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.
Öncədən deyək ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanmasında onların yaratdıqları musiqi və folklor kollektivlərinin rolu daha böyükdür. Bu mənada Lənkəran bölgəsində yüzillərdir ki, məskunlaşmış talışların folklor nümunələrini yaşadan “Lənkəranlı nənələr”, eləcə də respublikamızın şimal qütbündə yaşayan avarların məşhur “Avar rəqs qrupu” və sair azsaylı xalqların mədəniyyətinə aid olan bu cür nümunələrin sayı az deyil.
Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsi də fəaliyyət göstərir ki, məram və məqsədi etniklərin mədəniyyətinin qorunub saxlanmasında müəyyən funksiya daşımaqdır. İnstitutun Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının fikrincə, 2012-ci ildə yaradılan bölmənin əsas məqsədi azsaylı xalqların folklorunun toplanmasından, sistemləşdirilməsindən və tədqiqinin aparılmasından ibarətdir: “Azərbaycan tolerant və polietnik dövlətdir. Respublika rəhbərliyinin yürütdüyü siyasətin əsas məqsədlərindən biri dövlətin polietnik kütləsinin - ölkənin mədəni genofondunun əsasının qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrini, mənəviyyatını və ənənəvi tərbiyə sistemini cəmləşdirir. Ölkəmizdə özünəməxsus “etnik intibah” ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları öz əksini tapıb. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşlarının şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), milli ənənələrinə və xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və mədəniyyətin öyrənilməsi meyillərindən ibarətdir”.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində və mədəniyyətindəki bir çox mütərəqqi amilləri öyrənərək, onları qarşılıqlı surətdə inkişaf etdirib. Ümumi birgəyaşayış qaydalarına əməlolunma bu xalqları bir-birinə daha da yaxınlaşdırıb, lakin onlar öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayıb. Telekanallarda və efirdə milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar verilir. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Respublikamızda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədilə mədəniyyət mərkəzləri yaradılıb. Bunlardan biri Talış Mədəniyyət Mərkəzidir. Bu mərkəzdə Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri fəaliyyət göstərir və onların repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı, azsaylıların folklor nümunələri də yer alır.
Yerli əhali ilə sıx qaynayıb-qarışan azsaylılardan biri də avarlardır ki, əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Katex, Gərəkli, Mahamalar kəndlərində yaşayır və İslam dininə etiqad edirlər. Avar Mədəniyyət Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dilinin özünəməxsusluğunun qorunub saxlanmasına xidmət etməkdir. Bu mərkəzin nəzdində Qafqaz rəqsləri öyrədilən “Qafqaz” və qızlardan ibarət “Alazan” rəqs ansamblları var. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində Balakən rayonunda yaşayan hər etnikin, azsaylı xalqların nümayəndələrinin adət-ənənələri təbliğ olunur.
Həmsöhbətim Mətanət Yaqubqızı bildirir ki, məsələ yalnız onların mədəniyyət mərkəzlərinin olmasından ibarət deyil. Burada söhbət onların yerli etnosla eyni səviyyədə təbliğindən gedir: “Respublikamızda folklor nümunələrinin rəngarəngliyi də məhz bundadır. Qəbələnin Nic qəsəbəsində və Oğuz rayonunda yaşayan udilərin “Orayin” mədəniyyət mərkəzi fəaliyyət göstərir. Udilərin Nic qəsəbə mədəniyyət evi nəzdində fəaliyyət göstərən “Cəngi” rəqs ansamblının səs-sorağı hər yerdən gəlir və rəsmi dövlət tədbirlərində fəallıqları ilə seçilir. Oğuz rayonunun Calud kəndində yaşayıb-yaratmış Dülgəroğlu Aşıq Əvək üç dildə - Azərbaycan, udi, erməni dillərində yazıb-yaradıb, həm də aşıq kimi tanınıb. Balakənin Qaysa kənd mədəniyyət evində avarlara məxsus “Cahan” folklor ansamblı, oğlanlardan ibarət “Qafqaz”, Şambul kənd mədəniyyət evində “Qızlar”, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm”, Zaqatalada qızlardan ibarət “Alazan” rəqs qruplarının da adlarını çəkmək olar”.
Onu da deyək ki, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan saxurların qızlardan ibarət “Lilay” rəqs ansamblı fəaliyyət göstərir. Bundan savayı, Suvagil kəndində Aşıq Nəzir yeddi dildə ifa edən sənətkarlardan biri olub. Bu kənddə hazırda “Qismət” ansamblı fəaliyyət göstərir. Ansamblın üzvlərindən biri olan Turac Turacovun atası məşhur tənbur ifaçısı Turacov Musa Qazıməhəmməd oğlunun davamçısıdır. O, Azərbaycan və saxur dillərində ifa edir.
Qax, Zaqatala, Balakən ərazisində yaşayan ingiloyların da öz bədii kollektivi var. Əliabad kəndində “İngiloy” folklor ansamblı fəaliyyət göstərir. Bu kəndin yetirmələrindən olan Aşıq Hüseyn Əliabadlı Azərbaycan, ingiloy, gürcü dillərində yazıb-yaradıb. Aşıq Camal isə bu gün də Azərbaycan, ingiloy və gürcü dillərində çalıb-çağırır.
Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, dini azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.
Azərbaycan adlı məmləkətin etnik mənzərəsi - göyqurşağı kimi rəngarəng. Burada kimsə digərinin haqqını heç zaman pozmayıb. Biri digərinin milli mədəniyyətini, adət-ənənəsini qoruyub saxlamağa mane olmayıb. Onlar bir ailədirlər: azərbaycanlı. Elə dünyaya da məhz azərbaycançılıq məfkurəsindən baxırlar...

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan” 

Son baxılan xəbərlər

Balakəndə “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusu müzakirə edilib

Press-relizlər
11.04.2019 / 17:15
Ətraflı oxu

Liderlik nümunəsi

Xəbərlər
11.04.2019 / 17:34
Ətraflı oxu

Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir ...

Press-relizlər
07.02.2019 / 17:04
Ətraflı oxu

Regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər
23.01.2019 / 12:21
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

Türk dünyasının multikulturalizmi

Multikulturalizm
30.03.2016 / 11:17
Ətraflı oxu