.jpg&w=1200)
Arxiv / 04.04.2016 / 17:16
Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər “Cümə” məscidində “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov ilk öncə aprelin 2-də cəbhə bölgəsində düşmənlə mübarizədə həyatını itirən şəhidlərimizə rəhmət diləyib, yaralılara isə tezliklə şəfa tapmalarını arzu edib. İcma sədri qeyd edib ki, vətənpərvərlik və dövlətə sədaqət kimi milli-mənəvi dəyərlərə sahib olan xalqımızın böyük qəhrəmanlıq salnaməsi var. Bu dəyərlərimizi öyrənməklə və öyrətməklə, təbliğ etməklə daha güclü özünüdərkə sahib ola bilərik. Məhz bu məqsədlə ölkə başçısının Sərəncamı əsasında belə layihələrin həyata keçirilməsi olduqca təqdirəlayiqdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxışında tarixi nailiyyətlərimizdən, qələbələrimizdən bəhs edərək ruhani kəsimin, dini inanclı insanların xalqımızı tarixi uğurlara aparan yolda mötəbər rolunu, xidmətlərini geniş şərh edib. Natiq qeyd edib ki, dövlət bu gün də azadlığımızın və suverenliyimizin qorunması, cəmiyyətin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində ruhani təbəqəsinə, dini icmalara böyük etimad göstərir.
Sonra Bakı İslam Universitetinin müəllimi Habil Əkbərov “İslam dinində vətənpərvərlik, dövlətçilik və şəhidlik” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.