Türk dünyasının multikulturalizmi

Multikulturalizm / 30.03.2016 / 11:17

Multikulturalizmin alternativi yoxdur…
 
İlham ƏLİYEV
 
Multikulturalizm müasir türk dünyasını iqtisadi, ictimai-siyasi və mənəvi-ideoloji baxımlardan səciyyələndirən ən mühüm mədəni göstəricilərdən biri, bəlkə də birincisidir. Və türk multikulturalizminin olduqca zəngin, mükəmməl, müqayisəyəgəlməz tarixi ənənəsi vardır.
M.ə. I minilliyin ortalarından m.s. I minilliyin sonu, II minilliyin əvvəllərinə qədərki təxminən min beş yüz illik bir dövrdə tədricən Altay dağlarından Qərbi Avropaya qədər geniş coğrafiyada məskunlaşmış türklər öz bilavasitə törəmələri (varisləri) - müasir türk xalqları üçün çox böyük (və möhtəşəm!) mədəni irs qoyub getmişlər ki, onlardan biri də bugünkü dünyanın get-gedə daha çox ehtiyac duyduğu multikulturalizm, başqa sözlə, müxtəlif dillərdə danışan, müxtəlif dinlərə qulluq edən, müxtəlif adət-ənənələrin (etnoqrafiyanın) daşıyıcısı olan xalqlarla sülh, əmin-amanlıq şəraitində birgə yaşama texnologiyalarıdır.
Qədim türk multikulturalizmi ilk növbədə qədim türklərin o dövrlərdə heç bir xalq ilə müqayisə olunmayacaq bir genişlikdəki coğrafiyaya yayılmalarından, müxtəlif etnoslarla sıx iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi əlaqələrindən irəli gəlir. Doğrudur, qədim dünyada yunanlar da Şərqə doğru miqyaslı bir nüfuz edərək müxtəlif etnosların taleyində tarixi rol oynamışlar, ancaq bu, hər şeydən əvvəl, hərbi-siyasi məzmuna malik olmuş, ciddi müstəmləkəçilik münasibətlərilə müşayiət edilmişdir. Qədim türklərin Şərqdən Qərbə yayılması isə daha çox iqtisadi-təsərrüfat məzmunu daşımışdır.
Əlbəttə, türklər də döyüşmüşlər... Həm öz aralarında, həm də başqaları ilə... Ancaq həmin döyüşlər dünyaya ağalıq etmək iddialarının deyil, sosial harmoniya, əmin-amanlıq yaratmaq maraqlarının (və ehtiyaclarının) nəticəsi idi. Və təsadüfi deyildi ki, qədim türklər üçün sülhyaradıcı qayda-qanunların hansı mənbədən gəlməsi elə bir əhəmiyyət kəsb etməmiş, əgər zəruridirsə, məmnuniyyətlə mənimsənilmişdir.
Təsəvvür edilməyəcək qədər geniş coğrafiyanın mənimsənilməsi qədim türklərin dünyaya açıqlığını elə bir səviyyədə təmin etmişdir ki, onlar üçün açılmayacaq qapı, alınmayacaq qala anlayışı olmamışdır. Sürətlə çapan atları ilə müxtəlif məskənləri əlaqələndirmək də o qədər çətin deyildi.
Dil-ünsiyyət sferasında qədim türklərin multikulturalizmini nümayiş etdirən əsas əlamətləri ümumiləşdirsək, belə bir mənzərə alınar ki, onlar:
a) öz yazı (əlifba) mədəniyyətlərini yaratmaqla yanaşı, heç bir kompleksə qapılmadan onlara məlum olan bütün geniş yayılmış əlifba (yazı) mədəniyyətlərindən istifadə etməyə çalışmışlar;
b) müxtəlif dilləri səmimiyyətlə mənimsəmiş, müxtəlif xalqlarla onların öz dillərində ünsiyyətə girməyə çalışmış, çoxlu tərcümələr etmişlər;
c) qurub yaratdıqları, idarə etdikləri möhtəşəm dövlətlərin (Altay, Hun, Göytürk, Qaraxanlı və s.) tabeliyində olan xalqların dillərinə qarşı heç bir assimilyativ tədbir görməmiş, əksinə, hörmətlə yanaşmışlar.
“Yaradılış”, “Alp Ər Tonqa”, “Şu”, “Oğuz kağan”, “Siyenpi”, “Göktürk”, “Ergenekon” və s. əsatir-dastanları yaradan türklər qədim dünyanın “insan və cəmiyyət” problemi üzərində dərindən düşünən, “insanın dünyadakı yeri”ni bütün təfsilatı ilə dərk etməyə çalışan çox az etnos-xalqlardan biri olmuşlar. Və bu düşüncələr, genişmiqyaslı idrak maraqları müxtəlif xalqların dini-fəlsəfi təfəkkür mədəniyyətlərini ardıcıl olaraq öyrənib mənimsəməyə yol açmışdır. Yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, dünya şöhrətli buddoloq, akademik F.İ.Şerbatskoy “İkinci Budda” Vasubandhunun məşhur “Abhidharmakoşa” (“Xilasedici biliyin xəzinəsi”) əsərinin ən mükəmməl əlyazmasının orijinalda deyil, məhz qədim türk (uyğur) dilinə tərcümədə mühafizə olunduğunu göstərir. Bu isə o deməkdir ki, türklər qədim dünyanın onlara məlum olan dini-fəlsəfi görüşlərini üzdən deyil, təfsilatı ilə (və səmimi olaraq) mənimsəməyə can atmışlar.
Ümumiyyətlə, tanrıçı olan (tək Tanrı dininə riayət edən) qədim türklərin, prinsip etibarilə, tolerantlığını sübut edən faktlar kifayət qədərdir, məsələn:
a) tanrıçılıqla yanaşı daha qədim inamları da bu və ya digər şəkildə qoruyub saxlamaq;
b) qarşılaşdıqları yeni dinləri (buddizm, xristianlıq, müsəlmanlıq) qəbul etmək;
c) bütün dinlərə sayğı, ehtiram göstərmək.
Qədim türk multikulturalizminin birinci mühüm əlaməti başqa dillərə, dinlərə, adət-ənənələrə hörmətlə yanaşılmasıdırsa, ikinci (və birincidən heç də az əhəmiyyətli olmayan) mühüm göstəricisi özlərinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşılmasının tələb edilməsidir ki, bu prinsipə, yaxud birgəyaşayış texnologiyasına həmişə əməl olunmuşdur.
Məsələn, İslam missioner-elçisi türk xaqanı Menqüyə müsəlmanlığı qəbul etməsini təklif edəndə xaqan ona belə bir cavab verir: “Biz tək bir Tanrıya inanır və tapınırıq. Onun əmri ilə yaşayır və ölürük. Həm bu dünyada, həm də o dünyada cəza vermək, yaxud mükafatlandırmaq haqqı Ona aiddir. Tanrı istər görünən, istərsə də görünməyən nə varsa hamısının yaradıcısıdır. Allah sizlərə kitablar göndərdi, ancaq siz o kitablarda yazılanlara əməl etmirsiniz. Bizə isə gizlinlərdən xəbər çatdıran qamlar (şamanlar) verdi. Onların dediklərini edər, əmin-amanlıqla yaşayarıq”.
* * *
I minilliyin sonu, II minilliyin əvvəllərində İslam dinini, demək olar ki, kütləvi şəkildə qəbul edən türklər ümummüsəlman mədəniyyətinin üzvi tərkib hissəsinə çevrilmiş, hətta bir neçə əsr bədii, elmi yaradıcılıqda, dövlət idarəçiliyində ana (türk) dilindən daha çox ərəb, fars dillərini işlətmiş və həmin dillərdə bütün müsəlman dünyasını heyrətə gətirən dahilər (Əbu Nəsr əl-Fərabi ət-Türki, Mahmud Kaşqari, Xaqani, Nizami, Cəlaləddin Rumi...) yetirmişlər. Orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə, yəni müasir türk xalqlarının diferensiasiyasına, yaxud təşəkkülünə qədərki bu dövrdə türklərin yaratdıqları dövlətlərin (xüsusilə Səlcuqlar, Monqol-tatarlar, Qızıl Orda, Teymurilər, Səfəvilər, Osmanlılar...) hər biri, sözün həqiqi mənasında, multikulturalizm, tolerantlıq (və “dünya dövləti”!) nümunəsidir. Həmin dövlətlərin idarəçilik təcrübəsində təbəələrin nə dil, nə din, nə də adət-ənənələrinə heç bir rəsmi və ya ardıcıl müdaxilə faktına təsadüf edilmir. Və hətta türk saraylarındakı aşırı beynəlmiləlçilik bir sıra milliyyətçi tədqiqatçıları narahat etmişdir. Məsələn, türk dili tarixinin nüfuzlu araşdırıcısı Əhməd Cəfəroğlu Səlcuqların sarayda fars, ərəb dillərinə qeyri-məhdud səlahiyyət vermələrini milli mədəniyyətə etinasızlıq və ya hörmətsizlik kimi izah edir. Əlbəttə, bu izahda müəyyən həqiqət vardır, ancaq sarayın (dövlətin) idarəçiliyi altında olan müxtəlifdilli xalqların ümumislam ideologiyası (və mədəniyyəti) əsasında birləşdirilməsinə olan tarixi zərurəti də unutmaq olmaz.
Xüsusilə orta əsrlər boyu türklərin konsolidasiya (mütəşəkkillik) üçün dildən, ümumən etnik müəyyənlikdən daha çox dinə (İslama) üstünlük vermələri, “millət” yox, “ümmət” düşüncəsilə mövcud olmaları danılmaz həqiqətdir. Ancaq bu həqiqət ondan da mühüm olan başqa bir həqiqəti də inkar etmir ki, elə həmin orta əsrlər boyu türklərin müəyyən hissəsi ya tanrıçılıq başda olmaqla qədim inamların (bütpərəstlik, şamanizm və s.) daşıyıcıları; ya buddist, iudaist, xristian; ya da müxtəlif mənşəli inamların, dinlərin qarışığından ibarət eklektik təriqətlərə mənsub idilər. Və başlıcası isə, müsəlman türklər bütün digər dinlərə tamamilə dözümlü, tolerant münasibət göstərməsilə seçilirdilər.
Dini zəmində münaqişələr olurdumu?.. Olurdu... Ancaq bunların mütləq əksəriyyətində səbəbkar türklər deyil, onları həmin münaqişələrə çəkən qarşı tərəflər - öz inamlarını digər xalqlara, etnoslara diktə etməyə çalışan (və bundan iqtisadi-siyasi fayda güdən) “radikalistlər” idilər.
Tanrıçı hunların saraylarında ağalıq etmək üçün onların arasında xristianlığı zorla yaymağa çalışan missionerlərin xam atın quyruğuna bağlanıb çölə buraxılması faktlarına tarixdə az rast gəlinmir. Səbəb isə o idi ki, xristianlıq dünya fütuhatına qalxmış passionar bir etnosun (hun türklərinin) hərəkatını zəiflədə, döyüş ruhunu öldürə bilərdi.
Tarix göstərir ki, I minilliyin sonlarına doğru geniş yayılmış müxtəlif dünya dinlərini türklər arasında əvvəl xaqanlar qəbul edər, sonra isə xalq kütlələri içərisində onların təbliğatı başlardı.
Türküstanda məşhur olan “Satuq Buğra xan təzkirəsi”ndə yazılır: “Allahın rəsulu Məhəmməd meraca çıxdığı gecə peyğəmbərlər arasında tanımadığı bir adamı görmüş və Cəbrayıldan onun hansı peyğəmbər olduğunu soruşmuşdu. Cəbrayıl onun peyğəmbər deyil, 333 il sonra Türküstanı dinimizə gətirəcək olan Satuq Buğra xanın ruhu olduğu cavabını vermişdi. Həzrət peyğəmbər sonsuz bir sevinclə yerə enmiş, türklər arasında dinini yüksəldəcək və yayacaq olan Buğra xana dua etmişdi. Əsabələri də onu görmək istədikdə Həzrət Məhəmməd istəklərini qəbul eləmişdir... Bu zaman başlarında türk papağı olan qırx silahlı atlı onlara yaxınlaşaraq salam vermişdir. Bunlar Satuq Buğra xanla yoldaşlarının ruhları imiş”.
Təsadüfi deyil ki, türkləri “İslamın qılıncı”, yaxud “qılınc müsəlmanı” adlandırmışlar. Doğrudan da, türklər İslamın yayılmasında tarixi rol oynamışlar. Ancaq məsələ burasındadır ki, təbiətən tolerant olan bir etnosun (türklərin) hansısa (hətta İslam kimi mütərəqqi) bir dini təbliğ etmək səlahiyyətini öz üzərinə götürməsi mümkün deyil. Ona görə də burada türk müsəlman missionerliyindən söhbət gedə bilməz. Və “Kitabi-Dədə Qorqud” da göstərir ki, türklər İslamın yayılmasında müsəlman ideoloqu kimi yox, əsgər, döyüşçü olaraq çıxış edirdilər. Müxtəlif dinlərə (eyni zamanda İslama) münasibət onların kanonlarının etnoqrafik vərdişlər sisteminə nə dərəcədə uyğun olub-olmaması ilə müəyyən edilirdi.
Orta əsrlərdə türk tolerantlığını (və multikulturalizmini) yüksək ideoloji səviyyəyə çatdıran dahi bir mütəfəkkir olmuşdur ki, o da Mövlana Cəlaləddin Rumidir. Və təsadüfi deyil ki, Ruminin insan fəlsəfəsinə, təbliğ etdiyi humanist ideyalara bütün dünyada bu gün də sonsuz maraq mövcuddur. Onun Konyadakı möhtəşəm məqbərəsini hər gün müxtəlif dini dünyagörüşlərə, millətlərə mənsub minlərlə insan ziyarət edir. Çünki bu müqəddəs şəxsiyyət buyururdu ki, hansı dindən olursansa ol, istər müsəlman, istər xristian, istər iudaist, istərsə buddist, qapımız hamınızın üzünə açıqdır.
Və ümumiyyətlə, türk tolerantlığının bir mühüm şərti də bu etnosun (xalqın) özünəməxsus dünya dini yaratmağa ehtiyac duymamasından irəli gəlirdi.
Orta əsrlərin sonlarına doğru müsəlman türk ziyalılarının türkcənin mədəni, ideoloji nüfuzunu gücləndirmək, onu ərəb, fars dilləri səviyyəsinə yüksəltmək cəhdlərinin gücləndiyi müşahidə olunur. Əlişir Nəvai “Mühakimətül-lüğəteyn”ini qələmə alır, Məhəmməd Füzuli isə “Hədiqətüs-süəda”nın girişində Allaha müraciətlə yazır:
Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldun ərəbi əfsəhi-əhli-aləm,
Etdün füsəhayi-əcəmi İsadəm,
Bən türkəzəbandan iltifat eyləmə
kəm...
* * *
Türklər yeni dövrə artıq kifayət qədər fərqli etnogeosiyasi keyfiyyətlərdə daxil olurlar. XVI-XVII əsrlərdən etibarən Türkiyə türkləri (osmanlılar), Azərbaycan türkləri, özbəklər, uyğurlar, qazaxlar, türkmənlər, tatarlar, başqırdlar, qırğızlar... müstəqil xalqlar olaraq formalaşırlar. Və bu xalqların ya birbaşa, ya da ruslar vasitəsilə tədricən Qərbi Avropa ilə əlaqələri yaranır ki, həmin əlaqələr türk xalqlarının iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni həyatına təsirsiz ötüşmür. Və bu, özünü XIX əsrin sonu, XX əsrin əvvəllərində daha aydın şəkildə göstərir:
a) milli özünüdərk hərəkatı nəticəsində “ümmət” psixologiyası “millət”ə keçməyə başlayır;
b) türk birliyi ideyası formalaşır;
c) beynəlxalq proseslərdə iştirak zərurəti dərk olunur.
Mustafa Kamal Atatürkün öndərliyilə Osmanlı imperiyasının xarabalıqları üzərində modern cümhuriyyətini quran Türkiyə türkləri “Yurdda sülh, dünyada sülh” şüarı üzrə hərəkət edirlər. Digər türk xalqlarının əksəriyyəti Sovetlər birliyinin tərkibində müəyyən müstəqilliyə (və inkişafa) nail olurlar... XX əsrin sonlarından isə müasir dünyanın, beynəlxalq birliyin üzvü olan türk dövlətləri meydana çıxır ki, həm bu dövlətləri quran müstəqil, həm yarımmüstəqil, həm də müstəqilliyi olmayan türklər birlikdə “türk dünyası”nı təşkil edirlər.
Və müasir dövrdə türk dünyası multikulturalizminin mənzərəsi isə bundan ibarətdir ki:
a) müstəqil, eləcə də yarımmüstəqil türk dövlətlərinin ərazisində yaşayan müxtəlif xalqların (onlar, əsasən, İran, Qafqaz və slavyan mənşəlidir) dilləri, dinləri, adət-ənənələri üçün heç bir təhlükə yoxdur;
b) artıq dil, din, adət-ənənə baxımından kifayət qədər fərqlənən türk xalqları arasında qarşılıqlı əlaqə, inteqrasiya meyilləri güclənməkdədir;
c) müasir dünyanın üzvi tərkib hissəsi olan türk xalqları həm bütövlükdə, həm də ayrı-ayrılıqda beynəlxalq dialoqda fəal iştirak etməyə çalışırlar. Xüsusilə Azərbaycan təcrübəsini qeyd etmək lazım gəlir.
Və dərin tarixi kökləri olan türk multikulturalizmi dünyada harmoniya, sülh, əmin-amanlıq üçün yalnız sözdə deyil, işdə (təcrübədə!) də, demək olar ki, alternativsizdir.
 
Nizami CƏFƏROV,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı 

Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun Modern.az saytına müsahibəsi

Müsahibələr
21.01.2017 / 12:08
Ətraflı oxu

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu

Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlər davam edir

Press-relizlər
03.08.2015 / 17:37
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur

Müsahibələr
03.07.2020 / 15:34
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
26.11.2019 / 14:46
Ətraflı oxu

“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı ...

Xəbərlər
11.11.2020 / 10:01
Ətraflı oxu