Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır

Multikulturalizm / 04.03.2016 / 11:42

Bu gün multikulturalizm Azərbaycanda həyat tərzindən dövlət siyasəti səviyyəsinə qədər inkişaf etmişdir.
İlham ƏLİYEV 
Yeni il yanvarın ikinci ongünlüyündə Azərbaycan növbəti dəfə ən qədim dövlətlərin və millətlərin indiyəcən görmədiyi, eşitmədiyi bir ilkinliyə imza atdı, bütün dünyaya multikultural nümunə göstərdi: paytaxt Bakıda Heydər məscidində məzhəbindən və dini dünyagörüşündən asılı olmayaraq bütün müsəlmanlar, o cümlədən sünnilər və şiələr bir araya gələrək eyni vaxtda, eyni məkanda vəhdət namazı qıldılar, dualar etdilər. 
Tədbir Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması fonunda mühüm əhəmiyyət daşıdı və xalqımızın tarixi milli dəyərlərinə əsaslandı. Dəyərlərin arxasında müxtəlif mədəniyyətlər, etiqadlar və inkişaf səviyyələri dayanır. Bu həm də çoxmədəniyyətliliyi ifadə etməklə, eyni zamanda çoxmədəniyyətlilik durumunun tənzimlənməsi və dəstəklənməsinə yönəlik siyasətidir. Bu istiqamətdə aparılan siyasət multikulturalizmin fərqli modellərini formalaşdırır. Təsadüfi deyil ki, 2014-cü ilin oktyabrında Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda çıxış edən Prezident İlham Əliyev yaranmış şəraiti uzaqgörənliklə qiymətləndirərək demişdir ki, multikulturalizm yüksək insani hissləri özündə birləşdirən mədəni müxtəliflik, qarşılıqlı hörmət və səmimiyyətdir.
Azərbaycanda təşəkkül tapmış multikulturalizm ölkəmizdə ictimai-siyasi sabitliyi və milli-mənəvi həmrəyliyi şərtləndirən əsas amillərdəndir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri siyasi və hüquqi müstəvidə daha geniş yayılmışdır. “Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun illər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir” - deyən ulu öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırmışdır. Çünki tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətlərin mövcudluğunu və davamlılığını şərtləndirən, çağdaş dövrümüzdə belə, dünyanın bir sıra ölkələrinə hava-su qədər gərəkli olan çoxsaylı amillər olmuşdur. Bu amillərdən respublikamızda dinc birgəyaşayış ənənəsini, multikulturalizmi, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik. Azərbaycan multikulturalizminin siyasi qaynaqları, ümumiyyətlə, zəngindir. Hələ ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin iki illik hakimiyyəti dövründə də multikulturalizm dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Şərqdə ilk dəfə Azərbaycanda parlamentdə çoxkonfessiyalı cəmiyyətin nümayəndələri təmsil olunmuşdular. Ölkəmizdə geniş təşəkkül tapmış multikultural münasibətlərin davamlılığı, eyni zamanda, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın nüfuzlu dövlətinə çevirən, ən başlıcası, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və respublikamızda multikultural mühitin möhkəmlənməsinə, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə öz töhfələrini verməkdədir.
Dünya birliyində layiqli yer tutan müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmiz əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Beynəlxalq forumlara, BMT-nin Dialoq Forumuna, UNESCO-nun və ISESCO-nun mötəbər tədbirlərinə evsahibliyi edir. Son illərdə dünya dinləri nümayəndələrinin təmsil olunduğu bir sıra ali məclislərin - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurası iclaslarının, dünya dini liderlərinin beynəlxalq sammitlərinin Bakıda keçirilməsi Azərbaycanda multikulturalizmin sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsi olduğunu təcəssüm etdirir. Dünyaya multikulturalizm nümunəsi kimi təqdim edilən Azərbaycan sivilizasiyalararası dialoqun, mədəni əlaqələrin inkişafına, dəyərlərin təşviqinə öz töhfəsini verməkdədir. Dünyanın bir sıra bölgələrində etnik-dini zəmində münaqişələr artmaqda, demokratiyaya iddialı bəzi Qərb dövlətlərində sağ təmayüllü siyasətçilər multikulturalizmə dair mənfi bəyanatlarla çıxışlar etməkdədirlər. Xalqları faciələrə düçar edə biləcək bu çıxışlara qarşı Azərbaycan haqq səsini ucaldaraq bəşər övladlarını birliyə, sülhə, dinc yanaşı yaşamağa dəvət edir. Azərbaycan bu missiyanın bütün dünya miqyasında təbliğatçısına və təşviqatçısına çevrilməklə beynəlxalq aləmə özünün nümunəverici modelini də təqdim etməkdədir. 
Azərbaycan multikulturalizmi artıq beynəlxalq aləmdə etiraf olunan bir model olduğundan respublikamızda və xarici ölkələrin təxminən 24 universitetində 70-dən çox tələbə “Azərbaycan multikulturalizmi” fənninə böyük həvəs göstərir. Cari ildə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində multikulturalizmə həsr edilmiş dissertasiyaların, elmi əsərlərin yazılması, konfranslar təşkil edilməsi və bu mövzuda kitabların çap olunması ön plana çəkilmişdir.
Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik, bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətlərin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomeninin gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşmışdır.
Beynəlxalq aləmdə multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını dünya xalqları görür və təsdiqləyir. Azərbaycanda multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək özünün çiçəklənmə dövrünü yaşayır. 
Ekspertlərin də qeyd etdiyi kimi, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətlərinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir. Xalqımız “Multikulturalizm ili” çərçivəsində babalardan bizə miras qalmış xalqlarımızın birliyini və bərabərliyini, milli-mədəni ənənələrini, əlaqələrini daha da möhkəmləndirmək, inkişaf etdirmək və Azərbaycanı bütün dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq iqtidarındadır.
Rəhman SALMANLI,
“Azərbaycan” 

Son baxılan xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib

Press-relizlər
16.09.2019 / 09:01
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Amerikanın Səsi"nə müsahibəsi

Arxiv
30.04.2018 / 14:48
Ətraflı oxu

Komitə sədri: “Azərbaycanda hansısa qrupların, dairələrin ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri heç bir nəticə ...

Açıqlama
08.05.2017 / 18:00
Ətraflı oxu

Balakəndə “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.05.2017 / 16:42
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
11.04.2019 / 14:53
Ətraflı oxu