Multikulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi

Multikulturalizm / 27.02.2016 / 10:23

Prezident İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda göstərilir: “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətlərinin real ifadəsidir”. Bəşəriyyət adlı qlobal məkanda XX əsrin sonlarından başlayaraq dövrümüzdə də davam edən, öz sürətliliyi, keşməkeşliyi və mürəkkəbliyi baxımından nəinki insanları, zamanın özünü də heyrətdə qoyan proseslər baş verməkdədir. Bütün bunlar geoiqtisadi, geosiyasi maraqların öncüllüyü ardınca gedən milli, dini, şəxsi maraqların toqquşmasından qaynaqlanır. Belə bir zamanda dövlətçilik ənənələri olan, ətrafında müxtəlif xalqları, etnik qrupları, dinləri və müxtəlif dini qurumları birləşdirən hər bir millətin milli ideologiyaya, milli məfkurəyə böyük ehtiyacı var. Cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətimiz türkçülüyü, islamçılığı və müasirliyi əsas istiqamət kimi müəyyən etmişdi. Sonrakı yetmiş il ərzində sovet rejimi müstəqillik anlamını hətta təfəkkürlərdən belə silməyə çalışsa da, ötən əsrin 90-cı illərinin xalq hərəkatı göstərdi ki, xalqın azadlıq ruhu nəinki ölmüş, əksinə, daha böyük enerji ilə püskürmək üçün münasib məqam gözləmişdir. Yenidən dövlət müstəqilliyimizin əldə edilməsi də məhz bu ruhdan qaynaqlanan iradənin ortaya qoyulmasının nəticəsi idi. Müstəqilliyimizin əbədi olması, taleyin bizə qismət etdiyi coğrafi məkan, strateji mövqe isə ərazimizdə yaşayanların hamısı üçün qəbul oluna biləcək mənəvi-siyasi yönümün müəyyənləşdirilməsini zəruri etdi. Bu taleyüklü missiyanı yerinə yetirən isə ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər milli ideologiyanın komponentlərini özündə sintez edən azərbaycançılıq məfkurəsini irəli sürdü. Bu xətt bir tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks etdirirsə, digər tərəfdən, milli kimliyindən, dini mənsubiyyətindən və dilindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin olunmasını, onların öz mənəvi-mədəni dəyərlərini qoruyub saxlaması və inkişaf etdirməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin məcmusunu, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”.
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütovlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır. Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olmuşdur.
Yalnız ərazimizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır.
Qloballaşmanın müasir mərhələsində yuxarıda qeyd etdiklərimizin məntiqi kimi, azərbaycançılıq məfkurəsi ölkəmizdə tarixən bərqərar olmuş multikulturalizmi nəinki inkar etmir, əksinə, onu öz daxili məzmununun, bu məzmunun elementlərinin tərkib hissəsi kimi götürür. Bu baxımdan Azərbaycan multikulturalizmi azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik, milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuş tərkib hissəsi kimi dünyada baş verən assimilyasiya, izolyasiya (təcridolma), aparteid, milli və dini ayrı-seçkiliyə alternativ olaraq təqdim oluna bilər.
Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə ictimai hadisədir. İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələrinə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olur.
Multikulturalizmin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə “bəşəriyyət doğma bir ailədir” məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, ikili standartlar yalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır.
Möhtərəm Prezidentin IV Bakı Beynəlxalq Humanitar Forumunda vurğuladığı aşağıdakı dərin strateji məna yüklü fikirlər qeyd etdiklərimizi tam təsdiq edir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizim alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilər”.
Hazırda respublikamızda 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli, slavyandilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq torpaqlarımızda məskunlaşmışlar. İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də, Qafqaz Albaniyasında əhalinin az bir hissəsi politeist dinlərə, böyük əksəriyyəti isə xristianlığın diofizit və monofizit məzhəblərinə etiqad etmişlər.
Ərəb xilafəti dövründə islam dini Azərbaycanın bütün bölgələrində yayıldı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristianlığı qəbul etmişdi. O zaman ərəblər “kitab əhli” olduğu üçün onların dini etiqadına dözümlə yanaşmışdılar.
Göründüyü kimi, xalqımızın tarixən keçdiyi konfessional təkamül ona polikonfessional mədəniyyət çalarları gətirmişdir. Ölkəmizdə zərdüştlük, xristian, islam abidələri fərq qoyulmadan xüsusi qayğı ilə qorunub saxlanılır. Əcdadlarımızın yaşadığı tarixi şərait multikultural ənənələrin yaranması üçün zəmin olmuş, konfessiyalara qarşı tolerantlıq mədəniyyətini formalaşdırmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən - 1918-ci il mayın 28-də “İstiqlaliyyət haqqında akt” qəbul edərək ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Bu bərabərlik yalnız sözdə deyil, dövlətin qanunverici orqanı kimi formalaşdırılan parlamentdə də öz praktiki ifadəsini tapdı. Belə ki, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına, 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi.
70 illik sovet dönəmindən sonra müstəqilliyini bərpa edən xalqımızın multikultural dəyərləri azərbaycançılığın əsas sütunu olan dövlətçiliyimizin və onun tərkib hissəsi kimi götürdüyümüz dövlətçilik ideologiyasının, psixologiyasının və ənənələrinin nəinki mənəvi-nəzəri tərəflərinə hopmuş, həmçinin əməli fəaliyyətinin əsas qayəsinə çevrilmişdir.
Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını müstəqilliyimizin ilk illərindən dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi götürmüşdür. Qanunvericiliyimizdə azsaylı xalqların mədəni inkişafı, onların hüquqlarının qorunması əsas vəzifə kimi irəli sürülmüşdür.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanununa - Konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində deyilir:”...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyə, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Azərbaycan Respublikasının Konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək ikinci bölmənin 44-cü maddəsində göstərir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Dövlətimiz 1995-ci il fevralın 1-də Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası”nı imzalamış və 16 iyun 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın 4-cü maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər “milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrı-seçkilik qadağan olunur.”
Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamağa yardımçı olmaqla bərabər, onlara etnik mənşə və konfessional fərqlərindən, dilindən, dinindən, sayından asılı olmayaraq tolerantlıq ənənələrini əsas götürərək öz potensiallarını reallaşdırmaq üçün tam şərait yaratmışdır.
Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında “Birlik” cəmiyyəti, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, “Ronai” kürd mədəniyyət mərkəzi, “Samur” ləzgi milli mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, “Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərirlər. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən “Üç qardaş” təşkilatının respublikamızda fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir.
Azərbaycanda artıq həyat tərzinə çevrilmiş multikulturalizmin dünyaya çatdırılması istiqamətində görülən işlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyəti nəticəsində daha böyük vüsət almışdır. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə islam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Şərq ilə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz “Şərq-Qərb” mövzusunda kinofestivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrilmişdir.
Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi siyasət, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin, ümumbəşəri humanitar məsələlərin müzakirə və həll olunduğu müqəddəs bir məkana çevrilməsi dünya ictimaiyyəti tərəfindən artıq qəbul olunmaqdadır. Dörd ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq humanitar forumları Azərbaycanın mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilməsini təsdiqləyən faktlardandır.
8 aprel 2011-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Mehriban xanım Əliyeva demişdir: “Fikrimcə, bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz normal etik, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır”. Azərbaycan multikulturalizmi isə azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, praqmatizmin prioritetliyinə əsaslanan Qərb sivilizasiyası ilə mənəvi mədəniyyətin, əxlaqın, hissi duyumların, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyasının daha da yaxınlaşıb qarşılıqlı surətdə bir-birini tamamlamasında mühüm vasitə olacaqdır.
Əyyub KƏRİMOV,
AzTU-nun İctimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.08.2018 / 15:06
Ətraflı oxu

“Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda növbəti toplantı keçirilib

Press-relizlər
02.04.2015 / 18:54
Ətraflı oxu

Bölgələrdə dini ekstremizm və radikalizmlə mübarizə məsələləri müzakirə olunub

Press-relizlər
24.02.2016 / 12:14
Ətraflı oxu