Mübariz Qurbanlı: "Azərbaycan multikultural modeli dünyaya nümunədir"

Müsahibələr / 12.02.2016 / 10:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Respublika” qəzetinə müsahibəsi
 
- Mübariz müəllim, cənab Prezident 2016-cı ili “Multikulturalizm ili” elan etdi. Bu da təsadüfi deyil. Əsrlərdir ki, xalqımız tolerantlıq ənənələrinə, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb, sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verib. Bu barədə fikirlərinizi bilmək istərdik.
 Danılmaz faktdır ki, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn  dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmış olmarıq. Çünki heç zaman Azərbaycanda dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir.
Bu gün ölkəmizin hər kəs üçün multikultural məkana çevrildiyi təkzibedilməz faktdır. Azərbaycanda yaşayan müxtəlif xalqlar, mədəniyyət və din ardıcılları arasında qarşılıqlı hörmətin, birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və müxtəlif tədbirlərdə bir çox dövlətlər üçün örnək göstərilir. Məsələn, bu yaxınlarda ölkəmizdə qonaq olmuş ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, tanınmış ravvin Abraham Kuper bildirib ki, Azərbaycanın dünyaya ixrac üçün olduqca qiymətli sərvəti - tolerantlığı, multikultural dəyərləri var.
Təbii ki, ölkəmizdə mövcud olmuş tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır” fikirləri, həmçinin 2016-cı ili “Multikulturalizm  ili” elan etməsi də dövlətimizin humanizmə, birgəyaşayış ənənəsinə verdiyi dəyərin bariz nümunəsidir.
 
- Son illər ölkəmizdə xalqımızın tolerantlıq prinsiplərinə dönmədən sadiq qaldığını, multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu özündə əks etdirən böyük tədbirlər keçirildi. Bu tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
 Bu gün dünyada dini, etnik zəmində gedən bir sıra münaqişələrin əksəriyyəti məhz multikultural dəyərlərə, onun tərkib hissəsi olan tolerantlıq prinsipinə riayət olunmamasından irəli gəlir. Bəzən terrora və qarşıdurmalara rəvac verən əsas amillərdən biri də multikulturalizmin və tolerantlığın lazımi səviyyədə inkişaf etdirilməməsidir. Multikultural mühitin və dözümsüzlüyün zəifləməsi nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır və tolerantlıq düşüncəsinə böyük zərbə vurur. Dövlət başçısı cənab İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi, “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir” fikirləri də ölkə rəhbərinin mutlikulturalizmə böyük önəm verdiyinin və onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etdiyinin göstəricisidir. Bu baxımdan dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xaricində multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi və bu sahədə uğurlu Azərbaycan modelinin nümayişi böyük əhəmiyyət daşıyır.
 
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, ümumiyyətlə, dövlətimizin multikulturalizm siyasətinə xüsusi önəm verməsi hansı zərurətdən qaynaqlanır?
 - İlk növbədə vurğulayım ki, öz mədəniyyətinə, tarixinə, adət-ənənələrinə hörmətlə yanaşan xalq eyni münasibəti fərqli mədəniyyətlərə də göstərməlidir. Bu, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında sağlam və möhkəm əlaqələr yaratmaqla yanaşı, hər bir xalqın öz identikliyini qoruyub saxlamasını da təmin edir. Xüsusilə, qloballaşan dünyada heç bir cəmiyyət multikulturalizmin təsirindən kənarda qala bilməz. Çünki müəyyən sərhədlər çərçivəsində özünə qapanmış istənilən mədəniyyət tez bir zamanda tənəzzülə uğrayar. Odur ki, xalqımızın zəngin mənəvi-mədəni dəyərlərinin, mədəniyyətinin qorunması və inkişaf etdirilməsi məqsədilə multikulturalizm siyasətinin həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir.
Ümumiyyətlə, multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə dayanır və bu istiqamətdə qazanılmış uğurların dünya miqyasında təbliğinin gücləndirilməsi zərurətini yaratmışdır. Hesab edirəm ki, Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrildiyini beynəlxalq aləmdə tanıtmaq, nümayiş etdirmək dünyada humanizmin inkişafı, dini ayrı-seçkiliyin, eyni zamanda məzhəb qarşıdurmasının durdurulması istiqamətində böyük töhfə verəcək. Bu nöqteyi-nəzərdən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyəti ölkənin ictimai-siyasi həyatında müsbət addımdır.
 
- Hazırda bütün dünyada insanlar etnik, dini, məzhəb fərqliliyinə görə bir-birini öldürür. Lakin Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə bu multikultural modeli dünyada tanıtmaq üçün Dövlət Komitəsinin gördüyü tədbirlər barədə fikirlərinizi bilmək maraqlı olardı.
 - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son dövrlər Azərbaycan həqiqətlərinin, tolerantlıq, mutlikulturalizm mədəniyyətinin tanıdılması, təbliğatı istiqamətində ölkə hüdudlarından kənarda fəaliyyətini daha da gücləndirib və bu sahədə təşkil olunan beynəlxalq tədbirlərdən bəzilərinin iştirakçısı, bəzilərinin də bilavasitə təşkilatçısı olub. Belə tədbirlərə örnək kimi, 2015-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransını, Dövlət Komitəsinin dəstəyi ilə Brüsseldə “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpoziumu və s. göstərə bilərik. Həmin tədbirlərdə Azərbaycanın dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıdılması, dövlətimizin din siyasəti, xalqımızın tolerant və multikultural dəyərləri beynəlxalq miqyasda avropalı ekspertlər, eyni zamanda ölkəmizdəki müxtəlif dini konfessiyaların rəhbərləri vasitəsilə nümayiş etdirilib. Bununla yanaşı, dünyəvi dövlət olan Azərbaycanda dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi, dövlətimizin din siyasətinin əksər ölkələr üçün nümunəvi model olduğu geniş şəkildə təbliğ olunub.
Dövlət Komitəsi bu ilin cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunmasını nəzərə  alaraq, ölkəmizdə əsrlərdir mövcud olan tolerantlıq və multikulturalizm ənənəsinin təbliği istiqamətində həm daxili, həm də xarici tədbirlərin sayını daha da artıracaq. Bu işlər təkcə tədbirlərin keçirilməsi ilə məhdudlaşmayacaq, eyni zamanda xarici kütləvi informasiya vasitələrində də geniş təbliğ olunacaqdır.
 
- Bir çox siyasətçilər multikulturalizmin iflasa uğradığını söyləyirlər. Bəs Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu il Bakıda keçirilməsini dünya ölkələrinin qəbul etməsi Azərbaycanda multikultural mühitə münasibətdən irəli gəlmirmi?
 Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Rus pravoslav və katolik kilsələri, Bakı şəhərində inşa olunmuş sinaqoq əzəmətinə görə öz ölkələrindəki dini abidələrdən heç də geri qalmır. Bir faktı da qeyd edim ki, dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr sırasında İsraildən sonra Azərbaycanın adı birinci çəkilir.
Ümumiyyətlə, ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlər boyu əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin müstəsna rolu var. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu il Bakıda keçirilməsi də dünya ölkələrinin bu həqiqəti qəbul etdiyini bir daha sübuta yetirir.
 
- Ölkəmizdə multikulturalizm ənənələrinin inkişafı, möhkəmləndirilməsi, belə demək mümkünsə, bu ənənələrin davam etdirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi hansı işlər görür?
 - Multikulturalizm ənənələrinin inkişafı, möhkəmləndirilməsi üçün ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb, demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil edir. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan elektron nəşrlər vasitəsilə də həyata keçirilir.
Bir faktı da qeyd edim ki, dövlətimizin başçısının 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Dövlət Komitəsi tərəfindən artıq 77 İslam, 19 qeyri-islam dini icmasına maddi vəsait ayrılıb. Vəsaitin səmərəli şəkildə sərf edilməsi və işlərin yüksək səviyyədə təşkil olunması üçün bizim tərəfdən dini icmalara həm təşkilati, həm də informasiya dəstəyi verilir. İcmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsinin həm tolerant, multikultural ənənələrimizin inkişafında, həm də radikalizmlə mübarizədə öz müsbət təsirini göstərəcəyinə şübhə etmirəm.
 
- Multikultural təhlükəsizliyin təmin olunması üçün hansı zəruri tədbirlər görülür və görülməlidir?
 - Multikultural təhlükəsizlik ölkədə yaşayan irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının, eyni zamanda bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Əgər hansısa dövlətdə bu dəyərlər mövcud olmasa, orada etnik, dini, irqi zəmində qarşıdurmalar, münaqişələr qaçınılmaz hala gələcək. Bu baxımdan tarix boyu ölkəmizdə mövcud olan müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehriban şəraitdə yaşaması ənənəsi müstəqilliyimizin bərpasından sonra yeni bir mərhələyə qədəm qoyub.
Dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Bu da dinindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları arasında dostluq, qardaşlıq münasibətinin güclənməsinə və qırılmaz tellərlə bir-birinə bağlanmasına gətirib çıxarır. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür. Aparılan bu siyasətin nəticəsidir ki, dünya bizi multikultural və tolerant dəyərlərə sahib ölkə kimi daha yaxından tanıyır və maraqla öyrənir.

"Respublika" qəzeti,
12 fevral 2016-cı il. 

Son baxılan xəbərlər

Masallıda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2018 / 17:11
Ətraflı oxu

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.11.2019 / 12:40
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Misir Mədəniyyət Mərkəzində olub

Press-relizlər
07.09.2018 / 15:51
Ətraflı oxu

Masallıda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu müzakirə olunub

Press-relizlər
24.07.2018 / 14:39
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
06.11.2019 / 15:57
Ətraflı oxu