Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib

Press-relizlər / 29.01.2016 / 17:18

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclası keçirilib.
Komitənin sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O, həmin iclasda dövlətimizin başçısının 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini və bununla bağlı Sərəncam imzaladığını xatırladıb. O, “Multikulturalizm ili” çərçivəsində Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq görüləcək işlərdən danışıb.
Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2015-ci ildə respublikada dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə proseslərin izlənilməsi, informasiya fondunun zənginləşdirilməsi, maarifləndirmə işinin aparılması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, onların fəaliyyəti üçün lazımi kömək göstərilməsi və dövlət qeydiyyatına alınmaları, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Daxili işlər, Ədliyyə, Təhsil nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Tədbirlər Planı imzalanıb və il ərzində icra olunub.
Dini maarifləndirmə istiqamətindəki işlər dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib. Respublikanın bölgələrində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfranslar keçirilib. Ümumi sayı 19-a çatan və təxminən 8 min nəfərin iştirak etdiyi regional konfranslarda maarifləndirici mövzularda tanınmış mütəxəssislərin çıxışları da təşkil edilib. Dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, neqativ meyillərin, xüsusilə dini radikalizmin qarşısının alınması məqsədilə respublikanın bütün bölgələrində təhsil ocaqlarını, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də hüquq mühafizə orqanları kollektivlərini əhatə edən 87 seminar-treninq, görüş və konfrans keçirilib. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün 2014-cü il 27 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində intensiv tədbirlər görülüb. Ölkənin bütün bölgələrini əhatə edən 87 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 300-ə çatan tədbirlərdə 10 mindən artıq insanın iştirakı təmin olunub.
Diqqətə çatdırılıb ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 52 dini icma dövlət qeydiyyatından keçib. Onlardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. Qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Mübariz Qurbanlı radikalizmlə mübarizə, dövlət-din münasibətləri, tolerantlıq, İslam maarifçiliyi və işğal altında qalmış dini abidələrimizlə bağlı tanınmış ilahiyyatçı alimlərin müəllifi olduğu kitablar, eləcə də ölkəmizin tolerantlıq ənənələri, multikultural dəyərləri barədə buraxılan nəşrlər haqqında da məlumat verib. Respublikada ilk dəfə gözdən əlillər üçün Qurani-Kərimin brayl əlifbası ilə Azərbaycan dilində tərcüməsinin nəşr edildiyini diqqətə çatdırıb.
Komitə sədri, həmçinin, Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər barədə söhbət açıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək, muxtar respublikadakı dini durum, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi üçün, eləcə də dini icmaların fəaliyyətinə şərait yaratmaq məqsədilə yüksək səviyyədə müxtəlif maarifləndirici tədbirlər keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bu sahədə daha böyük uğurlara nail olmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha gücləndirilməsinin, birgə tədbirlər həyata keçirilməsinin önəmini vurğulayıb.
Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıqlarını vurğulayan Kamal Abdullayev ölkəmizdə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib. O, multikultural dəyərlərin təbliğində və inkişafında Heydər məscidi kompleksinin rolunu vurğulayıb. Bildirib ki, bu məscid getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır. Ölkəmizdə tolerantlıq mühitini daha da genişləndirmək üçün məsciddə müxtəlif kursların, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimlərinin görüşlərinin təşkil olunması nəzərdə tutulur.
Dövlət müşaviri Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Qeyd edilib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir.
Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxış edərək, Dövlət Komitəsinin 2015-ci ildə dini təyinatlı ədəbiyyatın ölkəyə idxalı, nəşri və yayılması, dini maarifləndirmə işinin aparılması, zərərli dini ədəbiyyatın aşkarlanması, onların idxalının və nəşrinin qarşısının alınması istiqamətində fəaliyyətindən danışıb. O, qeyd edib ki, 2015-ci ildə bu sahədə dövlət qurumları ilə əməkdaşlıq daha da gücləndirilib, müvafiq məsləhətləşmələr aparılıb və birgə tədbirlər həyata keçirilib. Belə ki, 2015-ci ildə ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilib. Xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilib, təhlil olunub, onlardan zərərlilərin adları ölkədə nəşrinə və yayılmasına razılıq verilməyən dini təyinatlı ədəbiyyat siyahısına daxil edilib.
Nahid Məmmədov bildirib ki, ötən ildə ümumilikdə idxalla bağlı Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb, ölkədə nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 187 adda dini ədəbiyyata baxılaraq, onlardan 5-nin çapı məqsədəuyğun sayılmayıb.
Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif əməliyyat tədbirləri zamanı maddi sübut kimi götürülərək dinşünaslıq ekspertizasına göndərilmiş 884 adda dini ədəbiyyata, audio və video materiallara və başqa məlumat materiallarına baxılaraq, onlardan 463 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. 
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrıldığını, həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə və paytaxtda dini radikalizmlə mübarizə mövzusunda tədbirlər təşkil edildiyini diqqətə çatdırıb. Həyata keçirilən layihələrin mövzusu üç istiqamətdə - dini radikalizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin və dini marrifləndirmə işinin daha da genişlənməsi və gənclərlə iş sahəsində olub. Radikalizmlə mübarizə tədbirləri çərçivəsində “Gənclər arasında ənənəvi dindarlığın təbliği və dini radikalizmə qarşı mübarizə”, “Cəmiyyətimizin erkən nikahlardan və radikal təsirlərdən qorunması”, "Dini radikalizmə və yad təsirlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin yeri", “Gənclərimizin dini radikal təsirlərdən qorunması”, "Dini radikalizmlə mübarizədə dindarların rolu", “Dindarlar radikalizmə qarşıdır!” və s. mözvularında layihələr həyata keçirilib. Layihələr çərçivəsində təşkil edilən və gənclərin çoxluq təşkil etdiyi tədbirlərdə dini radikalizmi doğuran səbəblərdən, eləcə də milli-mənəvi dəyərlər üçün təhlükəli sayılan belə tendensiyaların qarşısının alınmasında dövlət və dindarlar arasında birliyin mövcudluğundan danışılıb. Həyata keçirilən maarifləndirmə xarakterli bu tədbirlərin hər biri İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına və vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə xidmət edib. Səyyad Salahlı bildirib ki, layihələr çərçivəsində ötən il 300-ə qədər tədbir keçirilib və bu tədbirlərdə 30 mindən çox dindar iştirak edib. Ümumilikdə 2015-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq 87 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 68-i isə İslam dini icmasıdır.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Multikulturalizm ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirəcəyi tədbirlər barədə məlumat verib. O qeyd edib ki, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Dövlət Komitəsi Sərəncama uyğun olaraq öz təkliflərini artıq Nazirlər Kabinetinə göndərib. Həmin təkliflərdə həm respublika daxilində, həm xarici ölkələrdə, həm də beynəlxalq təşkilatlarda bir sıra konfrans, seminar-treninq və sərgilərin keçirilməsi, müxtəlif yazı və rəsm müsabiqələrinin təşkili, eləcə də kitabların nəşri və xüsusi veb saytın yaradılması nəzərdə tutulur.
G.İsmayılov bildirib ki, ölkə daxilində planlaşdırılan tədbirlər müxtəlif dini konfessiyalara mənsub dini icmaları, din xadimlərini, dindarları, xüsusilə dindar gəncləri, eləcə də qeyri-hökumət təşkilatlarını, kütləvi-informasiya vasitələrini, yaradıcı qurumları, ziyalıları, habelə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini əhatə edəcəkdir. Xaricə yönəlik tədbirlərin isə Qərb və İslam ölkələrində, eləcə də nüfuzlu beynəlxalq və regional təşkilatlarda keçirilməsi planlaşdırılır. Qeyd olunan bütün tədbirlərdə Azərbaycan xalqının zəngin multikultural və tolerant dəyərləri, dövlətin bu sahədə həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət təbliğ və təşviq olunacaqdır.
İclasda Kollegiyanın qərar layihəsi müzakirə edilərək qəbul olunub. Qərara əsasən, Dövlət Komitəsi dini maarifçilik işini daha da genişləndirəcək, habelə, bu istiqamətdə dini icmaların fəaliyyətini hərtərəfli dəstəkləyəcəkdir. Həmçinin, “Multikulturalizm ili” çərçivəsində Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliği istiqamətində ardıcıl iş aparılacaq və Dövlət Komitəsinin bölgə şöbələri yerlərdə bu sahədə fəaliyyətini genişləndirəcəkdir.
Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.
    


Son baxılan xəbərlər

Zərdabda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 10:44
Ətraflı oxu

Sabunçuda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
07.08.2019 / 15:15
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Xəbərlər
22.01.2020 / 15:23
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu