Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər

Xəbərlər / 14.01.2016 / 17:39

Qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olmuş və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynamışdır. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşamışlar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, ölkəmiz  fərqli  dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcıları üçün pənah yerinə çevrilmişdir. Buna baxmayaraq, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq  əlaqələri mövcud olmuş, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmiş, hətta bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olmuşdur.
Əlbəttə, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı dövrümüzdə ata-babalarımızdan miras qalmış bu adət-ənənənin qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-istifadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışmışlar və bu proses müasir dövrdə də davam etməkdədir. Nəticə isə ortadadır: insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyəti təhrif olunmuş və din müxtəlif siyasi oyunların alətinə çevrilmişdir. Söz yox ki, dünyanın bir sıra ölkələrində “sınaq”dan çıxarılmış bu “siyasət”in ölkəmizə qarşı da həyata keçirilməsinə cəhd göstərilmişdir.
Bu, elə bir vaxt idi ki, xalqımız yetmişillik Sovet rejimindən xilas olaraq yeni mərhələyə – milli-mənəvi dəyərlərə qayıdış dövrünə qədəm qoymuşdu. Sözsüz ki, bu keçid özü ilə birlikdə çoxlu problemlər də gətirmişdi. Ölkəmizin coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin diqqətindən kənarda qalmamış, onlar öz maraqlarını təmin etmək üçün iqtisadi-siyasi təzyiqlərlə yanaşı, din sahəsindəki boşluqlardan da yararlanmağa çalışmışlar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək öz təlimlərini həqiqi dini dəyər maskası altında yaymağa, az da olsa, müvəffəq olmuşlar. Həmin dövrdə ölkədə dini tədris müəssisələrinin və savadlı ilahiyyatçıların azlığı, sağlam dini ədəbiyyatın olmaması insanlarımıza yad dini-ideoloji fikirlərin aşılanmasına gətirib çıxarmışdır. Vəziyyətin həssaslığı qətiyyətli, balanslaşdırılmış və sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi.
Ümummilli Liderimiz Heydər Əliyev  xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı onun növbəti xilaskarlıq missiyasının başlanğıcı olmuşdur. Məhz Ulu Öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət  kökündən dəyişmiş, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılmış, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olmuşdur. Vətəndaşların vicdan azadlığı Konstitutsiyamızın  48-ci  maddəsində öz əksini tapmış və Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununda geniş şəkildə təsbit olunmuşdur. Zaman keçdikcə cəmiyyətdəki inkişaf, qloballaşma nəticəsində sürətlə dəyişən və inkişaf edən dünyamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatların aparılması zərurətə çevrilmişdir. Eyni zamanda, Yaxın Şərqdə dini zəmində baş verən faciəvi hadisələr də göstərmişdir ki, ideoloji sahələrdə pozuculuq fəaliyyəti aparmaq üçün müəyyən imkanlar var və bu imkanlardan müxtəlif formalarda istifadə olunur. Bu mənada zamanın tələbindən irəli gələrək ötən müddətdə istər “Dini etiqad azadlığı haqqında” Qanuna, istərsə də din ilə əlaqəli digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunması dövlət siyasətində din sahəsinə diqqətin təzahürü kimi qəbul edilmişdir.
Şübhəsiz, vicdan azadlığı sahəsində hüquqi bazanın möhkəmləndirilməsi tolerantlıq mühitinin gücləndirilməsinə, milli-mənəvi dəyərlərə münasibətin dəyişməsinə, insanlarımızın tarixi keçmişindən uzaqlaşmamasına, əcdadlarımızın maddi-mənəvi miraslarına sahib çıxmasına xidmət edirdi. Uzun illər sonra respublikanın rayon, şəhər və kəndlərində məscidlərin tikilməsi, baxımsızlıqdan uçub dağılmış müqəddəs ocaqların bərpa edilməsi və yenidən qurulması, minarələrdən azan səsinin eşidilməsi, dini və milli bayramlarımızın sərbəst şəkildə, özü də yüksək səviyyədə qeyd edilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizə yüksək qayğısının bariz nümunəsidir.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu belə ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu siyasətin onun layiqli siyasi varisi  Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki,  Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir və bir çox dövlətlərin üzərində baş sındırdığı “Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır?” sualının əyani cavabı kimi qəbul olunur. Ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilmiş, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilmişdir. Məhz Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir.
Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilərək dindarların istifadəsinə verilmişdir. Görülən bu işlərin davamı olaraq, 2014-cü ilin dekabr ayında özündə Azərbaycanın milli-dini ənənələrə sadiqliyini əks etdirən əzəmətli  Heydər məscidinin açılışı olmuşdur. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki İmamzadə kompleksində də təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Onu da qeyd etməliyik ki, ölkəmizdə 2 mindən artıq məscid mövcuddur. Təkcə son 11 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid əsaslı şəkildə bərpa edilmişdir. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin xalqımızın gen yaddaşından süzülüb gələn milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur.
Bu istiqamətdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır.
Fondun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Heydər Əliyev Fondunun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu istiqamətdə görülmüş mütərəqqi işlərdəndir. Layihə çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Azərbaycanın tolerantlıq örnəyi olmasının nümunələrindən biri də Prezident İlham Əliyevin müsəlmanlarla yanaşı, yəhudi və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik ünvanlamasıdır. Həmin təbriklərdən birində bildirilir: “Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir”.
Sadalanan faktlar bir daha göstərir ki, dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Fəxrlə deyə bilərik ki, bu gün bütün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir. Bu gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur.
HazırdaYaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmalar təkcə bu bölgədəki ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri məhv edir. Eyni zamanda, Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların səsləndirilməsi və ayrı-seçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bizi gələcəyimizlə bağlı daha dərindən düşünməyə və tarixin qarşımıza qoyduğu bu kimi “nümunələr”dən nəticə çıxarmağa sövq edir.
Dünyanın, az qala, bütün nöqtələrini öz ağuşuna almış bu kimi arzuolunmaz proseslərin fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir. 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində “Azərbaycan multikulturalizmi” fənninin  tədrisinə başlanılması ölkə başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi gənclərimiz dini təhsil almaq məqsədi ilə xarici ölkələrə üz tutdular ki, bu da bəzən mənfi halların yaranmasına gətirib çıxardı. Belə ki, onların əksəriyyəti geriyə həmin ölkələrin dövlət-din münasibətlərini, özünəməxsus dini dünyagörüşünü, mentalitetini, həyat tərzini də mənimsəyərək qayıtmış, milli-mənəvi dəyərlərimizə, milli kimliyimizə zidd fikirlərin təbliğatçısına çevrilmişlər. Xalqımızın sahib olduğu humanist keyfiyyətlərinə, yaşam tərzinə zidd olan bu cür ənənələr isə cəmiyyətimizdə bir sıra problemlərin yaranmasına rəvac vermişdir . Halbuki, tarixdən də məlumdur, Azərbaycan insanı əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirmiş, öz varlığını qoruyub saxlaması məhz onun milli kimlik və birlik məsələsindəki həssaslığı sayəsində mümkün olmuşdur. Milli kimliyimiz zamanla dinimizlə, onun mütərəqqi prinsipləri ilə çulğalaşaraq, qəlibləşmişdir. Sevgi, hörmət və fədakarlıq hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. Xüsusilə gənc nəsilləri bu dəyərlərə uyğun, milli ruhda yetişdirmək olduqca əhəmiyyətlidir. Çünki gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşması onların adət-ənənələrimizə zidd düşüncələri mənimsəməsinə, zərərli axın və ideologiyaların tələsinə düşməsinə gətirib çıxara bilər ki, bu da cəmiyyətimizin gələcəyi üçün təhdiddir. Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün bazanın formalaşdırılması labüddür. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də yüksək səviyyədə tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə xüsusi diqqət yetirilir. Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda islamşünaslıq elmi inkişaf dövrünü yaşayır. Bugünlərdə “Dini etiqad azadlığı haqqında” Qanuna xaricdə dini təhsillə bağlı edilmiş dəyişikliklər, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır.
Dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq, ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar təşkil etməkdədir. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan elektron nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara paylanılır. Çap olunan nəşrlər arasında “Heydər Əliyev siyasəti: Tolerantlıq”, “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”, “Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz”, “İslamda Vətən və dövlət sevgisi” və s. kitablar müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrinin inkişaf etdirilməsi, o cümlədən Vətənə, dövlətə bağlılıq, dövlət atributlarına ehtiramın gücləndirilməsi baxımından çox önəmlidir. Dövlət Komitəsinin mətbu orqanları - “Dövlət və Din” jurnalı, “Cəmiyyət və Din” qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan “Din və Cəmiyyət” verilişi, “Space TV”dəki “İnam” verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir. Dövlət Komitəsi 2015-ci il ərzində ölkənin bütün regionlarında, o cümlədən şəhər və rayonlarında “Ənənəvi İslam dəyərləri və müasirlik”, “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” və s. mövzularda regional konfranslar, seminar-treninqlər, görüşlər keçirmiş, digər dövlət qurumları və dini icmalarla birgə fəaliyyətin uğurlu davamı ilə əlaqədar müzakirələr aparmışdır. Bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan bu cür tədbirlərdə fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olmuşdur.
Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, ümumilikdə dinimizin təbliği istiqamətində atdığı addımlardan biri də ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamıdır. Dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin ayrılması milli dövlətçilik tariximizdə bir ilk idi və bu addımın dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında müsbət rol oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaradacağı şübhəsizdir.
2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumalarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2.5 milyon manat vəsait hazırda mərhələli şəkildə xüsusi layihələr çərçivəsində dini icmalara paylanılır. İndiyədək 68 İslam, 19 qeyri-İslam dini icmasına maddi vəsait ayrılmışdır. Vəsaitin səmərəli şəkildə sərf edilməsi və işlərin yüksək səviyyədə təşkil olunması üçün Dövlət Komitəsi tərəfindən dini icmalara həm təşkilati, həm də informasiya dəstəyi verilməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin, ölkədəki tolerant mühitin qorunması, dini radikalizmin, ekstremizmin, ayrı-seçkiliyin zərərlərinin qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi keyfiyyətlərinin yüksəldilməsi, vətənpərvərlik hisslərinin aşılanması, dövlət-din münasibətlərinin tənzimlənməsi kimi mövzularla bağlı maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə bir sıra dövlət qurumları ilə birgə fəaliyyətə də xüsusi diqqət yetirmişdir. Bu məqsədlə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Sərhəd Xidməti ilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış, icrasına başlanılmışdır. Ötən müddət ərzində Dövlət Komitəsi dini icmalarla əlaqələrin səmərəliliyinin artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, müxtəlif dini mövzularda birgə tədbirlər təşkil olunur. Keçirilmiş çoxsaylı tədbirlərə misal olaraq, “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forumu, görmə qabiliyyəti məhdud olan, yaxud görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün Dövlət Komitəsi tərəfindən Brayl əlifbası ilə çap olunmuş 7 cildlik Qurani-Kərim kitabının təqdimat mərasimini, “Tolerantlıq: milli kimliklə vəhdət”, “Qafqazda mədəni-dini irsin qorunması”, “Dini radikalizmlə mübarizə: əsas hədəflər” və s. mövzularda elmi-praktiki konfransları göstərmək olar. 
Geridə qoyduğumuz 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin, tolerantlıq, birgəyaşayış mədəniyyətimizin tanıdılması, təbliğatı istiqamətində ölkə hüdudlarından kənarda aparılan işlərin iştirakçısı və bilavasitə təşkilatçısı olmuşdur. Belə tədbirlərə örnək kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransını, DQİDK-nın dəstəyi ilə Brüsseldə “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpoziumu, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda beynəlxalq konfransı və onların əhəmiyyətini vurğulamaq olar. Həmin tədbirlərdə Azərbaycanın dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıdılması, dövlətimizin din siyasətinin, xalqımızın tolerant və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğ edilməsi, həmçinin ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsi avropalı ekspertlər vasitəsilə nümayiş etdirilmişdir. Bununla yanaşı, dünyəvi dövlət olan Azərbaycanda dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi, dövlətimizin din siyasətinin əksər ölkələr üçün nümunəvi model olduğu geniş şəkildə təbliğ olunmuşdur.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək bilik və maarifləndirmə vasitəsilə mümkündür. Məhz buna görə də, “müasir dövrün vəbası” hesab edilən dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olacaqdır. Dövlət başçısı cənab İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir: “Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən  insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır”. 

Mübariz QURBANLI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 


Son baxılan xəbərlər

Mehriban Əliyeva: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh şəraitində yaşayıblar”

Multikulturalizm
15.11.2017 / 18:00
Ətraflı oxu

Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır

Press-relizlər
31.05.2018 / 18:00
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 14:50
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri: İstənilən dini ədəbiyyat Azərbaycana idxal olunarkən DQİDK-dan icazə alınmalıdır

Müsahibələr
03.05.2018 / 10:10
Ətraflı oxu

Cəlilabadda "Narkomaniyanın mənəvi və fiziki zərərləri" mövzusu müzakirə edilib

Press-relizlər
19.02.2020 / 17:05
Ətraflı oxu

İslam humanizm və həmrəylik dinidir

Press-relizlər
25.01.2018 / 15:18
Ətraflı oxu