İlahiyyatçı alimlər müraciət ünvanlayıblar

Xəbərlər / 30.11.2015 / 19:20

Respublikamızın bir qrup ilahiyyatçı alimi, o cümlədən ilahiyyat elmləri doktoru İlqar İsmayılzadə, Seymur Nəsirov, Samid Quliyev, Tariyel Rəsulov, Abbas Qurbanov, Şahlar Şərifov, Rəşad Məmmədov, Elsevər Səmədov, İlkin Qayıbov və başqaları noyabrın 26-da Sabunçu rayonunun Nardaran  qəsəbəsində baş vermis hadisə ilə bağlı ölkə dindarlarına müraciət ünvanlayıblar.
 
İLAHİYYATÇI ALİMLƏRİN ÖLKƏ DİNDARLARINA
MÜRACİƏTİ
 
Müxtəlif dinlərin və onlara məxsus məzhəb nümayəndələrinin birgə yaşadığı Azərbaycanımızda hökm sürən tolerantlıq mühiti bizlərə qürur verən dəyərlərimizdəndir. Dövlətimiz dini və mədəni müxtəlifliyi qorumaq üçün əlindən gələni edir. Ölkəmiz ictimai-siyasi baxımdan dünyanın ən sabit ölkələrindəndir. Hüquqi-dünyəvi-demokratik dövlətdə yaşayan vətəndaşlarımız üçün etiqadlarını ifadə etməyə bütün lazımı şərait yaradılmışdır.
Təəssüf olsun ki, bunu gözü götürməyən qüvvələr də vardır. Dünyada baş verən hadisələrə nəzər saldığımız zaman bir çox tədqiqatçılar ictimai-siyasi sabitliyi təhdid edən əsas amillərdən biri kimi dini faktoru hesab edirlər. Həqiqətən də tarix boyu ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün bir alət kimi dindən də istifadə edilmişdir. Müasir dünyamızda bu amildən məharətlə istifadə edilməsi nəticəsində dini ekstremizm müxtəlif ölkələrdə fəlakətə gətirib çıxarmışdır.     
Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində dini ektremist qüvvələrə rəğbət bəsləyən, bəzi hallarda onlara qoşulmağa can atanların olması biz ilahiyyatçıları olduqca narahat edir. Bir neçə gün bundan öncə Nardaran qəsəbəsində baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarının yaydığı məlumat onu deməyə əsas verir ki, müəyyən qüvvələr ölkəmizi dünyada din adından törədilən cinayətkarlığa sövq etmək istəyirlər. Belə bir vaxtda ölkəmizdə bu hadisələrin baş verməsi və xüsusən də təlafatlarla müşahidə olunması olduqca üzücüdür. Hadisə zamanı xidməti fəaliyyətini yerinə yetirərkən şəhid olmuş polis əməkdaşlarına Allahdan rəhmət diləyirik.        
Biz, hər cür ekstremizmin, dini radikalizmin, fundamentalizmin və ən əsası başqasını təkfir edən zehniyyətin İslam dininin humanist dəyərlərilə üst-üstə düşmədiyini, onun ruhuna zidd olduğunu bildiririk. Din pərdəsi altında insanların heysiyyatlarının istismar edilməsi, bir qrup dindarlarla dövlətin üz-üzə qoyulması cəhdi, dindən siyasi məqsədlər, terror aktlarının törədilməsi kimi istifadə edilməsi yolverilməzdir. Ən əsası məkrli məqsədlərini həyata keçirmək üçün özlərinin qeyd etdiyi kimi dövlətçiliyimizə hər zaman sədaqətli olmuş mənəviyyatı yüksək, saf, təmiz insanlarımızın yaşadığı Nardaran kimi qəsəbənin seçilməsini təsadüf hesab etmir, ölkəmizdə marağı olan qüvvələrin qəsəbə sakinlərini təxribata çəkmək cəhdi kimi qiymətləndiririk.
Tolerantlığımızla dünya səviyyəsində öyündüyümüz bir zamanda müxtəlif məzhəb mənsubları tərəfindən ortaya atılmış təkfirçi zehniyyətini birmənalı olaraq pisləyirik. Dövlətimizi, Vətənimizi, dolayısı ilə inancımızı şərəfi ilə qoruyan oğullarımıza qarşı silah istifadə edilməsi birmənalı olaraq dini dəyərlərimizə ziddir. Dövlətimizə qarşı silah qaldırmağı, onun müdafiəsində duranlara qarşı terror törədilməsini dinimizə zidd hesab edirik. Bu düşüncəyə bəraət qazandıranları da şiddətlə qınayır, öz ambisiyalarını kənara qoyub, dinimizin buyurduğu kimi Allahın ipindən möhkəm yapışmalarını tövsiyə edirik. Buna yol vermiş şəxslərin öz əməllərinə dini don geyindirmək haqqları yoxdur. Bu terroru törədənlər lazımı cəzasını almalıdır.
Bəyan edirik ki, biz - din alimləri dövlətimizi, dövlət-din münasibətlərinin müsbət məcrada inkişafını dəstəkləyir və dövlətimizin, xalqımızn yanında olduğumuzu bildiririk. Dindən xarici qüvvələrin maraqları naminə öz ambisiyarı üçün sui-istifadə edənləri, bu yolda terror törətməyi belə gözə alanları qətiyyətlə qınayırıq!  
 
 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu

Yevlaxda “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib

Press-relizlər
30.05.2019 / 14:03
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 16:56
Ətraflı oxu

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu

Mübariz Qurbanlı: Dünya Dini Liderlərinin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin ...

Müsahibələr
20.11.2019 / 10:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşüb

Press-relizlər
25.07.2019 / 13:31
Ətraflı oxu