
Press-relizlər / 11.11.2015 / 16:55
Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Yardımlı şəhər 1 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Çağdaş cəmiyyətimizdə uşaqların tərbiyə və təhsil hüquqlarının qorunması” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Əslan Ağayev, Rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Həsənli və məktəb şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlətin uşaqlara qayğısı, onların təlim və tərbiyəsinə verilən önəm barəsində danışıblar. Tədbirdə,həmçinin, uşaqların tərbiyəsində və təhsilində mühüm rol oynayan Heydər Əliyev Fondunun fəaliyyəti barədə geniş məlumat verilib.
Çıxış edənlər müasir Azərbaycan uşaqlarının gələcəyi üçün qarant və təminat olan dövlətimizin bundan sonra da onlara göstərəcəyi xidmətlərdən danışıblar.
***
Noyabrın 11-də Ağcabədi şəhər "Cümə" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən "Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər "Cümə" məscidinin axundu Mərdan Rzayev və dindarlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər “Cümə” məscidinin axundu Mərdan Rzayev layihənin məqsədi barədə danışıb.
Daha sonra çıxış edən Əlizadə Nəcəfov Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş müddəalar və ölkəmizdə “Uşaq Hüquqları Haqqında” Qanunun müvafiq müddəalarının tətbiqi barədə geniş məlumat verib. O, bildirib ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq uşaq və yeniyetmələrə hüquq normalarının öyrədilməsi çox mühüm məsələdir. Çünki öz hüquqlarını yaxşı bilən, lazım gəldikdə ondan istifadə etməyi bacaran uşaq doğma Vətənini daha yaxşı sevir, vicdanlı olur, milli-mənəvi dəyərlərini, həm də öz mənliyini qoruya bilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.