Mübariz Qurbanlı: "Müxtəlif dini radikal qrupların istifadə etdiyi atributları qadağan edən norma yaratmalıyıq"

Müsahibələr / 06.11.2015 / 17:34

"Son 6-7 ayda bir Azərbaycan vətəndaşının belə Suriyaya döyüşlərə getməsi faktı qeydə alınmayıb"
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlının APA-ya müsahibəsi
 
- Bu ilin sonu Azərbaycanda parlament seçkiləri ilə yadda qaldı. Seçkilər ərəfəsində  ölkənin dini mühitində də bəzi hadisələr yaşandı. Buna münasibətiniz necədir?
 
- Azərbaycanda parlament seçkiləri uğurla başa çatdı və bu seçkilərdə YAP qarşısına qoyduğu məqsədə nail oldu. Azərbaycanda parlament seçkilərinə çox ciddi hazırlıq görülmüşdü. Həm Mərkəzi Seçki Komissiyasının, həm də müvafiq dövlət strukturlarının gördüyü tədbirlər nəticəsində ölkəmizdə azad, ədalətli və şəffaf seçki mühiti yaradılmışdı. Noyabrın 1-də keçirilən seçkilər xalqımızın böyük ruh yüksəkliyi və seçki fəallığı ilə yadda qaldı. Seçki kampaniyasında bizim apardığımız təbliğat-təşviqat, namizədlərimizin fəaliyyəti partiya olaraq uğurlarımıza gətirib çıxardı. Bunun ən böyük səbəbi, əlbəttə, partiyamızın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir ki, bunun da sayəsində ölkədə ictimai-siyasi sabitlik, maliyyə sabitliyi yaranıb və əhali də ölkə başçısının rəhbəri olduğu partiyanın fəaliyyətini yüksək qiymətləndirərək səslərini namizədlərimizə verdi.
Dini duruma gəldikdə isə, deyə bilərəm ki, vəziyyət sabitdir. Digər sahələrdə olduğu kimi, dini sahədə də dövlətin həyata keçirdiyi siyasət uğurla davam edir. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən kifayət qədər qanun var və bu qanunlara uyğun da dövlətin siyasəti, vətəndaşların hüququ təmin edilir. Azərbaycanda dini azadlıq, müxtəlif dini konfessiyaların birgəyaşayışı mövcuddur. Bu gün Azərbaycan əhalisinin 96 faizi İslam dininə ibadət edir, 4 faizi isə digər dinlərə mənsubdur. Bütün bunların fonunda biz həmrəylik, birlik, tolerantlıq və multikulturalizmin hamı tərəfindən qorunduğunu görürük.
Azərbaycanda din pərdəsi altında gizlənən qruplar da var. Onlar din adı altında öz məqsədlərinə çatmağa cəhd göstərir. Müxtəlif radikal-ekstremist dini qruplar mövcuddur. Lakin onların Azərbaycanda ictimai-sosial həyatda yeri və dayaqları yoxdur. Burada dini radikal qrupların apardığı təbliğat onların istədiyi nəticəni vermir. Ona görə vermir ki, Azərbaycan xalqı ənənəvi islami dəyərlərə və qaydalara əməl edir. Ölkəmizdə müxtəlif radikal dini qrupları təmsil edənlərin təbliğ və təşviqatı xalqın əksəriyyəti tərəfindən qəbul edilmir. Biz Komitə olaraq, bu sahədə geniş maarifləndirmə işləri aparırıq. Tədbirlər - konfranslar, seminar-treninqlər, dəyirmi masalar və s. görüşlər keçirir, kitablar nəşr edirik. Xüsusilə gənclərin maarifləndirilməsi sahəsində geniş iş aparırıq. Televiziyalar, mətbuat, o cümlədən, Dövlət Komitəsinin qəzeti, jurnalı  və saytı vasitəsi ilə təbliğat işi aparılır. Bu işlər müəyyən nəticələr verir. Təbliğat işində biz Qafqaz Müsəlmanları İdarəsi ilə eyni istiqamətdə fəaliyyət göstəririk. Burada heç bir fikir ayrılığı yoxdur. Dini ekstremizm və radikalizmə qarşı mübarizədə dövlətlə dini qurumlar birgədir. QMİ ilə Dövlət Komitəsi bu sahədə sıx əməkdaşlıq edir.
 
- Bu il Məhərrəm ayında bəzi aksiyalar olub. Xüsusilə, Gəncədə baş verənlər ictimaiyyətdə, sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Buna münasibətiniz necədir?
 
- Biz hələ Sovet dövründə Məhərrəm ayında Aşura günü insanların kütləvi şəkildə məscidlərə gəlməsini müşahidə etmişik. Elə Sovet dövründə də bu cür hadisələr baş verirdi. Məsələn, Sovet dövründə xatırlayıram ki, Təzə Pir məscidinin ətrafına böyük milis mühafizə dəstələri gətirilirdi. Buna baxmayaraq, insanlar məscidə gəlirdilər. O dövrdəki Aşura ilə əlaqədar keçirilən mərasimləri müqayisə etsək, indikilərdən daha çox xurafat elementlərini görə bilərik. Təziyədarlıqla bağlı indi olmayan hadisələr o vaxt olurdu. Sovet dövründə həm Gəncədəki İmamzadədə, həm Təzə Pirdə, həm də digər məscidlərdə baş yarmaq, zəncir vurmaq və s. bu kimi hallar müşahidə edilirdi. Baxmayaraq ki, o dövlət ateist təbliğatı aparırdı, yenə də bunların tam qarşısını ala bilməmişdi. Müstəqillik dövründə aparılan izahat işləri sayəsində indi zəncir vurmaq, baş yarmaq və s. hadisələr ölkəmizdə minimum səviyyədədir. Digər tərəfdən, Aşurada qanvermə aksiyaları Azərbaycanda özünə geniş yer tapıb və hər il bu aksiyanın keçirilməsi nəticəsində zəncirvurma, baş yarma halları tam aradan qalxmaq üzrədir. Məsələn, bu il bizim apardığımız monitorinq nəticəsində bu halların çox az olduğunu gördük. İldən-ilə belə məsələlər zəifləməkdədir. Mən hər il Aşura zamanı məsciddə qanvermə aksiyasına qatılıram, şəxsən özüm də qan verirəm. Müşahidə edirik ki, Sovet dövründən fərqli olaraq, həmin gün heç bir polis mühafizə nəfərləri tərəfindən yolların kəsilməsi halları yoxdur, hamı rahat gedib-gəlir.
Bu il isə Gəncə İcra Hakimiyyəti rəhbərliyi, hüquq-mühafizə orqanları insanlarla söhbət aparıb və onlara bildiriblər ki, Aşura ilə bağlı mərasim İmamzadədə keçiriləcək və bunun üçün nəqliyyat da ayrılıb. Lakin kimlərsə şəhərin mərkəzindəki Şah Abbas məscidində yığışaraq, oradan İmamzadəyə piyada yürüş etmək fikrini ortaya atıb. Gəncə şəhər İcra Hakimiyyəti də haqlı olaraq, onlara bildirib ki, bu, düzgün deyil, İmamzadəyə getmək istəyirlərsə, bunun üçün avtobuslar ayrılıb. Amma orada kimlərsə insanların dini inancından istifadə edərək hansısa bir məqsədə çatmaq üçün elə qarşıdurmaya yol verib. Bizdə hər şey qanun müstəvisində həll edilir. İstər dini mərasimlər, istər digər tədbirlər olsun, qanun çərçivəsində həll edilməlidir. “Dini etiqad azadlığı haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunlarımız var və bu qanunlar bir-biri ilə ziddiyyət təşkil etmir. Bu qanun tənzimləyir ki, insanlar kütləvi şəkildə küçə yürüşlərini, nümayişləri hansı şəkildə etməlidir. Ona görə də mərasim dini olsa da, burada mütləq müvafiq razılaşma olmalıdır. Yüzlərlə insanın bir yerdən başqa yerə hərəkəti əvvəlcədən nəzərdə tutulmalıdır. Şah Abbas məscidinin özündə də təziyə mərasimlərinin keçirilməsinə heç kim mane olmur, sadəcə bu, məsciddə olmalıdır. QMİ-nin fətvasında da birmənalı yazılır ki, bütün təziyə tədbirləri məscidin həyətində və içərisində keçirilməlidir. Küçələrdə bunu etməyə nə ehtiyac var? Digər tərəfdən, əgər bu təziyə mərasimi keçirilirsə, İmamzadədə baş tutması daha məntiqlidir. Bu məsələni mətbuatda bir az şişirdiblər, hay-küy qaldırıblar, amma əslində orada əksəriyyət şəhər icra hakimiyyətinin fikri ilə razılaşıb. Mən Gəncədə olmuşam, icra başçısı ilə də danışmışam. Gəncə şəhər İcra Hakimiyyəti başçısının özü dini etiqada sayğı ilə yanaşan adamdır. Onun haqqında sosial şəbəkələrdə müxtəlif böhtan xarakterli məlumatlar yayırlar, bu, doğru deyil. İcra Hakimiyyətinin başçısı şəhərdəki ictimai asayişə cavabdeh olan şəxsdir. Onun atdığı addımlarda da nə qanuna, nə ənənəmizə zidd hərəkət olub.
 
- Sizcə bunu orda kimlər təşkil etmək istəyirdilər?
 
- Bununla bağlı biz araşdırma aparmışıq. Müəyyən qrup var ki, onlar din adı altında pərdələnərək öz məqsədlərini həyata keçirmək istəyir. Bunlarla bağlı da müəyyən profilaktik tədbirlər görülüb və görüləcək. Onların heç bir sosial dayağı da yoxdur. Sadəcə, insanların dini inancından istifadəyə cəhd ediblər. Lənkəranda da küçələrə çıxmağa cəhd ediblər və şəhər İcra Hakimiyyəti mane olmayıb. Amma biz növbəti il üçün təkliflərlə çıxış edirik. Məscidlərdə hər hansı dini bayraqlardan istifadəni də məqbul saymırıq. Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın bayraq ilə bağlı qanunu var. Eyni zamanda, növbəti mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki, hər hansı dini mərasimləri küçələrdə keçirmək yol verilən hal deyil. Dini mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Yəni hər hansı yürüşlər və s. iddiası ilə çıxış edənlər bununla bağlı müvafiq şəhər icra hakimiyyətindən icazə almalıdırlar. “Sərbəst toplaşmaq azadlığı haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunların tələblərinə əməl olunmalıdır.
 
- Bildirdiyiniz kimi, maarifləndirmə işləri aparılmasına baxmayaraq, Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə bağlı mütəmadi xəbərlər yayılır. Artıq ailəvi gedənlər barədə xəbərlər dolaşır. İŞİD-ə qarşı Suriyada əməliyyatlar aparan Rusiya rəsmiləri də keçmiş Sovet ölkələrindən döyüşməyə gedənlərin sayının çox olduğuna diqqət çəkirlər...
 
- Bizdən Suriyada, İŞİD-in tərkibində vuruşmağa gedənlərin sayı son vaxtlar minimuma enib. Son 6-7 ay ərzində bir nəfər Azərbaycan vətəndaşının da Suriyaya döyüşlərə getməsi faktı qeydə alınmayıb.Suriyada radikal dini qrupların tərkibində döyüşənlərin xarici ekspertlər tərəfindən verilən siyahısında heç Azərbaycanın adı da yoxdur. Nəyə görə yoxdur? Çünki azərbaycanlıların sayı orada o qədər azdır ki, Azərbaycanın adını bu siyahıya salmayıblar. Bizim mətbuat isə bəzən milçəkdən fil düzəltməklə məşğul olur. Mən bəzi mətbuat orqanlarını deyirəm. Ciddi mətbuat orqanı faktı araşdırmadan onu səhifəsində yerləşdirməz. Bu günlərdə sosial şəbəkələrdə bir videomaterial gördüm. Əlində “Kalaşnikov” markalı avtomat olan bir nəfər döyüş səhnəsi olan ərazini gəzir, Azərbaycan dilində danışır, meyitləri göstərir və sair. Mən qəti əminəm ki, Azərbaycan dilində olan səs həmin səhnənin üzərinə yazılmadır. Danışan şəxsin ləhcəsi, bütövlükdə işlətdiyi terminlər onun dinə bağlı olmadığını göstərir. Yəni dini qruplaşmalara qoşulan insanların ləhcələri tamamilə dini terminlər üzərində qurulmuş olur. Bu şəxsin danışığı isə bizim məhəllə uşaqlarının danışığı səpkisində idi. O kadrdakı adamın da azərbaycanlı olub-olmaması bəlli deyil. Suriyaya Azərbaycandan gedənlər var. Amma peşmançılıq nəticəsində geri qayıdanlar olub. Onların içərisində həbs edilənlər də var, istintaq altında olanlar da. Biz bu məsələ ilə bağlı bir sənədli film üzərində işləyirik. Sənədli filmdir və bu məsələ ilə bağlıdır. O film ərsəyə gəlib təqdim olunandan sonra Azərbaycan ictimaiyyəti görəcək ki, Suriyaya gedib qayıdanlar kimlərdir və onlar orada nə qədər böyük dəhşətlər yaşayıblar. İndi Azərbaycanda hamıya bəllidir ki, Suriyada, İraqda gedən müharibə din müharibəsi deyil. Bu, müxtəlif böyük dövlətlərin çəkişmə mərkəzinə çevrilmiş ərazidir. Azərbaycana da bunun aidiyyəti yoxdur. İŞİD deyilən qrup isə hansısa dairənin maraqlarına görə yaradılıb. Ümumiyyətlə, İŞİD ilə dünyanı qorxutmağa ehtiyac yoxdur. Yaxın Şərqdə böyük güclərin maraqları uzlaşanda o qruplar öz-özünə yoxa çıxacaq.
 
- Rusiyanın dini radikallara qarşı Suriyada keçirdiyi əməliyyatlara münasibətiniz necədir? Bu əməliyyatların bir hissəsi Xəzər dənizindən həyata keçirilib. Bu, radikal qrupların bizə qarşı da aqressiyasını artıra bilərmi?
 
- İŞİD-in tərkibində bir çox ölkədən döyüşənlər var. Rusiya rəsmilərinin özlərinin də açıqladığı kimi, Rusiyadan daha çoxdur və bu sıralamaya görə Rusiya ilk beşliyə düşür. Rusiyanın da bu məsələyə müdaxiləsinin səbəblərindən biri budur. Amma bu səbəblərdən biridir. Əsas faktor isə ondan ibarətdir ki, Rusiya Suriyada hakimiyyətin dəyişməsini istəməyən ölkələr sırasındadır. Rusiyanın da Suriyaya müdaxiləsinin nəticəsi o olacaq ki, Bəşər Əsədin hakimiyyətdən silahlı yolla uzaqlaşdırılmasının qarşısı alınacaq. 
İŞİD-in cavabına gəldikdə isə, bu qrupun əlində o imkan yoxdur ki, Rusiya kimi dövlətə nəsə etsin. Xəzərdən ora raketlər endirilibsə, İŞİD ordan bura necə və hansı resurs ilə cavab verə bilər? İŞİD-in sahib olduğu yüngül silahlardır. Sərhədləri adlayaraq, burada hansısa hərbi əməliyyatı keçirməsi isə mümkün deyil və real görünmür.
Xəzəryanı ölkə olaraq, Rusiya da Xəzərin neytral sularından istifadə edir. Eləcə də bizim neytral sulardan istifadə etmək imkanımız var. Burada problem yoxdur.
  
- Bu ili müqayisə üçün götürsək, din adı altında təbliğat aparan qrupların ifşası ilə bağlı hansı işlər görülüb?
 
- Radikal dini qrupların Azərbaycanda ifşası istiqamətində çox böyük işlər görülüb. Məhkəmələr gedir. Hazırda statistikanı demək mümkün deyil. Burada məsələ elədir ki, həm qrup şəklində, həm də fərd olaraq müəyyən hadisələr törədilib. Bunların hamısı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hüquq-mühafizə orqanlarımız dinlə bağlı məsələlərə yalnız o zaman müdaxilə edir ki, o adamlar və ya qruplar qanunu kobud formada pozur. Ola bilər ki, kimsə yanlışlıqdan, kimsə bilməməzlikdən hansısa radikal qruplara qoşulur, hansısa radikal ədəbiyyatı yaymağa çalışır, yaxud radikal xarakterli hərəkətlərə yol verir. Biz ən çox inandırma metoduna üstünlük veririk. Biz hüquq-mühafizə orqanları ilə keçirdiyimiz müşavirələrdə söyləyirik ki, daha çox ideoloji metoda üstünlük verək. Yəni biz çalışmalıyıq ki, gənclərimiz, ümumiyyətlə, vətəndaşlarımız hansısa radikal qrupların təsirinə düşməsin, onlara üzv olmasın. Çünki o şəxsin cinayət məsuliyyətinə cəlb olunması bizim üçün əlverişli deyil. Biz çalışmalıyıq ki, insanlarımız bu məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin tələbinə uyğun olaraq qanun pozuntusuna yol verdiyinə görə həbs olunmasın. Çalışmalıyıq ki, bunun qarşısını alaq. Bunun üçün isə daha çox inandırma, təbliğat işinə böyük diqqət yetirməliyik. Bu da edilir.
 
- Mütəmadi olaraq xüsusilə Bakı kəndlərində dini mərasimlərdə, toy məclislərində qonşu İran İslam Respublikasının dini liderlərinin, rəsmilərinin fotolarının, dini qruplaşmaların bayraqlarının nümayiş olunması ilə bağlı görüntülərin şahidi oluruq. Bu barədə nə deyə bilərsiniz?
 
- Artıq son dövrlərdə bunu demək olar ki, müşahidə etmirik. Biz bayraq məsələsinə yenidən qayıtmalıyıq. Bayaq qeyd etdim ki, Azərbaycanda bayraq haqqında qanun var. Biz müxtəlif dini radikal qrupların istifadə etdiyi atributlardan istifadəni məhdudlaşdıran, qadağan edən norma yaratmalıyıq. Müxtəlif dini ekstremist qrupların istifadə etdikləri atributlar var. Bu, tək bayraq deyil. Loqolar, onları təbliğ edən vasitələrin görüntüsü və sair atributlar var. Bizdə “Dini etiqad azadlığı haqqında” Qanunda bu nüanslar var. Qanun bunları müəyyənləşdirir. Bunu müzakirə edəcəyik. Bununla bağlı bizim müəyyən fikirlərimiz var ki, gələcəkdə dini mərasimlərdə - bu məsələ bütün dinlərə aiddir - bayraqlardan və digər atributlardan istifadə məsələsinə toxunulacaq.
 
- Dini ədəbiyyatlarla bağlı bu il hansı proseslər baş verib? Xüsusilə qadağan olunmuş dini ədəbiyyatların vəziyyəti nə yerdədir?
 
- Qanunvericilikdə dini ədəbiyyatlar ilə əlaqədar maddələr var. Qanuna görə, ölkəyə dini ədəbiyyatlar və atributlar Dövlət Komitəsində ekspertiza rəyi aldıqdan sonra gətirilə bilər. Sərhəd və gömrük buraxılış məntəqələrimizdə müxtəlif xarakterli dini ədəbiyyat vasitələri gətiriləndə onların nümunələri bizə göndərilir. Bizim müvafiq şöbəmiz ona rəy verdikdən sonra həmin rəyə uyğun şəkildə ya onları buraxırlar, ya da onun gətirilməsinə imkan vermirlər. Eyni zamanda, ölkədə nə qədər dini kitab nəşr olunursa, Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsindən müsbət rəy aldıqdan sonra dərc oluna bilər.
 
- Bu il nə qədər qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb?
 
- İndi konkret rəqəm deyə bilməyəcəyəm, çünki biz ilin yekununda bunun hamısını hesablayıb, dərc edəcəyik. Qadağan olunmuş dini ədəbiyyatın ölkəyə daxil olması halı ildən-ilə azalmaqdadır. Çünki ölkənin özündə bizim mətbəələr çoxlu sayda dini maarifləndirici ədəbiyyat və s. nəşr edir. Bütün kitablar, hətta Qurani-Kərim də nəşr ediləndə dini ekspertiza rəyini aldıqdan sonra dərc olunur. Azərbaycan prezidentinin ayırdığı vəsait hesabına biz Qurani-Kərimin Azərbaycan dilində tərcüməsini dini qurumlara paylayırıq. Bir çətinliyimizi qeyd edim. Bizim əhalinin 96 faizi müsəlman olsa da, əhalinin əksər hissəsi demək olar ki, İslam dinini kifayət qədər bilmir. Mütəxəssislər, yaxşı alimlər var, dini inancı olan insanlarımız var. Lakin bəzən dini inancı yaşayan insanlar belə, dinimizi o qədər yaxşı bilmir. Buna görə də bəziləri dini radikalizmin təsiri altına düşürlər. Məsələn, biri gəlir gənclərin toplaşdığı yerdə deyir ki, Qurani-Kərimin filan ayəsində belə deyilib. Amma insanlar ərəb dilini bilmədiyinə, Quranı Azərbaycan dilində oxumadığına görə, bilmir ki, o adam yalan danışır, yaxud düz. Ona görə də hər kəs Qurani-Kərimi yaxşı oxumalıdır. Falçıya gedib Quran “açdırmaq” və s. bunlar hamısı dində yasaqdır. Qurani-Kərim özü bir elmdir, məscidlərimiz elm yeridir.
 
- Qəbiristanlıqlarla bağlı məsələ hələ də qalıb. Bununla bağlı hansısa sənəd hazırlanmalı idi. Nə yerdədir ?
 
- Qəbiristanlıqlarla bağlı Nazirlər Kabineti qərar verməlidir. Həmin qərar layihəsi hazır edilib və Nazirlər Kabinetinə göndərilib. Bu qərar layihəsini bizim Komitə İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırlayıb. Rəylər də alınıb. Amma qərar layihəsi hələlik təsdiq olunmayıb. İnanıram ki, qəbul edilsə, bizim cəmiyyət üçün də onun böyük təsiri olacaq.
    


Son baxılan xəbərlər

Gənclər dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmalıdır

Press-relizlər
15.01.2019 / 10:20
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu

“İnformasiya təhlükəsizliyi və din” kitabı nəşr olunub

Kitablar
03.12.2019 / 14:34
Ətraflı oxu

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Xəbərlər
17.12.2018 / 16:49
Ətraflı oxu

İslam həmrəyliyi dövrün tələbidir

Press-relizlər
04.10.2017 / 10:06
Ətraflı oxu