Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Din “təəssübkeşləri”nin yeni bəhanəsi: “Hacı Cavad”


İslamın qorunduğu və inkişaf etdirildiyi, dindarlara daim lazımi diqqət və qayğının göstərildiyi ölkəmizdə dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin sərbəst şəkildə dini ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitin yaradılması dövlətin din siyasətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.
Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan İslam dini və onun ibadət evləri olan məscidlər müstəqilliyimizin bərpasından sonra daim dövlətin diqqət mərkəzində olmuşdur. Ümummilli Lider Heydər Əliyev Sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirmişdir. Dini məbədlərin bərpası işləri sonrakı dövrdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən davam etdirilmişdir. Cənab Prezidentin tapşırığına əsasən, İslam mədəniyyətinin qiymətli abidələrindən olan “Bibiheybət”, “Təzəpir”, “Əjdərbəy”, İçərişəhər “Cümə” və “Həzrət Məhəmməd” məscidləri, Şamaxı “Cümə” məscidi və Gəncə şəhərindəki “İmamzadə” kompleksinin əsaslı şəkildə yenidən qurularaq isifadəyə verilməsi, Bakı şəhərində Cənubi Qafqazın ən möhtəşəm məscidi olan “Heydər” məscidinin inşa edilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində 2005-ci ildən Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, XIX əsrə aid Binə qəsəbəsindəki “Möhsün Səlim” məscidində, Buzovna qəsəbəsindəki “Cümə” məscidində, Mərdəkan qəsəbəsindəki “Heydər Cümə” məscidində aparılan əsaslı təmir və bərpa işləri bu istiqamətdə görülən genişmiqyaslı fəaliyyətə nümunədir.
Eyni zamanda Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği sahəsində mühüm tədbirlər həyata keçirir, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır və dünyadakı islamofobiya meyillərinə qarşı mübarizə aparır. Çox təəssüf ki, müəyyən vaxtlarda bəzi dini “təəssübkeşlər” tərəfindən dövlətimizin apardığı siyasətə kölgə salmaq, mövcud dini-siyasi sabitliyi pozmaq, ölkəmizin beynəlxalq imicini zədələmək məqsədilə müxtəlif cəhdlər edilir. Son günlər Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri  zamanı “Hacı Cavad” məscidinin sökülməsi zərurətinə bir qrup insanın süni ajiotaj yaratmaqla etiraz etməsinin şahidi olduq. Hazırda qəzalı vəziyyətdə olan “Hacı Cavad” məscidinin sökülməsi məsələsinə bəzi “dindar”ların aqressiv reaksiya verməsi yenidənqurma işlərinə dini-siyasi don geyindirməklə, gərginlik yaratmağa xidmət edir. Məscidin yenidən qurulması məsələsini təhrif edərək, dini təxribat yaratmağa çalışan bu qrupun digər məqsədi, heç şübhəsiz, “İslam Həmrəyliyi İli”ndə, həmçinin də, ölkəmizdə baş tutacaq IV İslam Həmrəyliyi Oyunları ərəfəsində qarışıqlıq yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməkdir.
Dini siyasiləşdirməyə cəhdetmə meyillərinin müşahidə olunduğu son illərdə dövlətlə inanclı insanlar arasında qarşıdurma yaratmağa səy göstərən müəyyən qüvvələr bunu hər fürsətdə reallaşdırmağa çalışırlar. Aparılan müşahidələr deməyə əsas verir ki, “Hacı Cavad” məscidi ətrafında toplaşan şəxslərin əksəriyyəti müəyyən müxalif dini-siyasi qrupların tərəfdarlarından ibarətdir. Hakimiyyət əleyhinə, dövlət siyasətinin tənqidinə yönəlmiş çıxışlardan “Hacı Cavad” məscidi ətrafındakı formalaşdırılmış bu süni narazı kütlənin kənardan təlimatlandırıldığı görünür. Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə hər vəchlə dindarları aksiyaya qatılaraq bu məsələyə sərt reaksiya verməyə çağıranlar məhz məlum radikal dini qüvvələrin təmsilçiləridir. Səs-küy yaradan, dini etiqad azadlığının məhdudlaşdırıldığını, insan haqqlarının pozulduğunu iddia edən etirazçıların çağırışlarında məlum radikal dindarların fikirlərinin, dini-siyasi şüarlarının səslənməsi bu faktın bariz sübutudur.
Bununla yanaşı, qeyd olunan məscidin yaxınlığında dini ayinlərin icrası üçün hər cür şəraitə malik böyük məscidlərin mövcudluğunu nəzərə alsaq, onların məqsədlərinin heç də ibadət etmək haqqının müdafiəsi olmadığını aşkar şəkildə görərik.
Məlumat üçün bildirək ki, XX əsrin əvvəllərində inşa edilən “Hacı Cavad” məscidi SSRİ dövründə təyinatı üzrə istifadə olunmamış, yalnız müstəqilliyimizin bərpa olunmasından sonra dindarların istifadəsinə verilmişdir. Məhəllə tipli məscid bu günədək dövlət qeydiyyatından keçmiş icması və rəsmi din xadimi olmadan fəaliyyət göstərmişdir. Onlara qanunvericiliyin tələblərinə uyğun fəaliyyətlə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, məscid dindarları tərəfindən biganəlik nümayiş etdirilmişdir. 
Bildiyimiz kimi, ölkədə genişmiqyaslı bərpa və quruculuq işləri, yeni sosial infrastruktur layihələri həyata keçirilir. “Sovetski” tipli gecəqondu massivlərinin sökülməsi də bu prosesin tərkib hissəsidir. Şəhərin mərkəzində yerləşən “Sovetski” adlandırılan ərazidə aparılan abadlaşdırma işləri zamanı burada yerləşən “Hacı Cavad” məscidinin sökülməsinə qarşı çıxan dini radikal qüvvələr məscid binasını “Allahın evi” adlandıraraq onun sökülməsinin İslam dininin qayda-qanunlarına zidd olduğunu bildirirlər. Ümumiyyətlə, abadlaşdırma, təmir-bərpa işləri, yolların çəkilməsi, ekologiyanın təmizlənməsi üçün parkların salınması və s. kimi ictimai-sosial layihələr cəmiyyətin rifahına xidmət edir. Cəmiyyətə fayda gətirəcək bütün əməlləri məqbul hesab edən, daim qurub yaratmağın tərəfdarı olan, yeniliyi və inkişafı dəstəkləyən İslam dini adından belə fikirlər səsləndirmək düzgün deyil.
İslam dinində məscidlər müqəddəs yer hesab edilir. Dinimiz məscidlərə böyük hörmətlə yanaşılmasını tələb edir. Lakin məscid binası köhnəlmiş və qəzalıdırsa, insanların təhlükəsizliyinə zərər yetirmə riski daşıyırsa, gediş-gəlişi məhdudlaşdırırsa və  bu kimi digər hallar olarsa, onun sökülməsi, sökülüb yenidən inşa edilməsi və ya yerinin dəyişdirilməsi İslam dininin qayda-qanunları ilə ziddiyyət təşkil etmir. Nəticə etibarilə əsas olan cəmiyyətin ümumi maraqları və rifahıdır.
İslam tarixinə nəzər saldığımız zaman, müxtəlif dövrlərdə məscidlərlə bağlı belə addımların atıldığının şahidi oluruq. Belə ki, genişləndirmək və ya dövrün tələblərinə uyğun şəkildə yenidən qurmaq məqsədilə məscidləri sökmək hallarına təsadüf edilir. Buna ən bariz nümunə İslam dünyası üçün müqəddəs məkanlar hesab edilən Kəbə və Məscidi-Nəbəvinin dəfələrlə sökülüb yenidən inşa edilməsidir. Həmçinin məscid terror təşkilatının, vətəndaşları başqa mənfi yollara cəlb edən, stabilliyə və ictimai təhlükəsizliyə zərbə vuran qüvvələrin istinadgahına çevrilmişsə onun sökülməsi məqbuldur. Belə ki, Məhəmməd peyğəmbər İslam dininə qəlbən inanmayan münafiqlər tərəfindən inşa edildiyi, müsəlman icmasını parçalamaq məqsədi ilə istifadə olunduğu və fitnə-fəsad yuvasına çevrildiyi üçün Mədinədə inşa edilmiş “Məscidi-Dirar”ı sökdürmüşdür. Bundan başqa, dövrümüzdə lazımi infrastrukturların qurulması üçün bir sıra müsəlman ölkələrində, məsələn Türkiyə və İran İslam Respublikasında çox sayda məscid binası sökülmüşdür.
İctimai mənafe cəmiyyətin bütün üzvlərinin rifahı və yüksəlməsi üçün bütün mümkün addımlardan istifadəni zəruri edir. Bu mənada köhnə, nizamsız, qəzalı, gecəqondu memarlığının nümunəsi olan “Sovetski” adlanan ərazinin sökülərək abadlaşdırılması işinə mane olmaq, dindarları dövlətlə qarşıdurmaya sövq etmək, onları fitnə-fəsada vasitə etmək yolverilməzdir.
Sonda sözügedən məsələ ilə bağlı daha bir vacib nüansı qeyd edək ki, “Hacı Cavad” məscidinin sökülməsinin dayandırılması və bu məsələ ilə məşğul olan xüsusi komissiyanın yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı dövlətin dini sahədə qayğısının, dindarların daim dövlət başçısının diqqət mərkəzində olduğunun bariz göstəricisidir. Bu qayğı və diqqətə layiqli cavab olaraq ölkəmizin inanclı insanları Prezident ətrafında sıx birləşməli, onları şəxsi maraqlarının alətinə, təxribatlara sövq edən, dini siyasiləşdirməyə çalışan qüvvələrə qarşı amansız mövqe və qətiyyət nümayiş etdirməlidirlər.
 
 
          
Aqşin Axundov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini
 
"İki sahil" qəzeti
21 aprel 2017-ci il 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt