Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı


Məscid insanın həm ruhən rahatlıq tapdığı məkan, həm də mənsub olduğu mənəvi irsin göstəricisidir. Bu müqəddəs yer həmçinin insanın hər zaman özünü təhlükəsizlikdə hesab etdiyi məkan olmuşdur. Bəzi hallarda isə məscidlərin qəzalı vəziyyətdə olması insanların təhlükəsizliyi üçün  böyük təhdidə çevrilir. Məlumdur ki, hər bir tikili kimi məscidlərin də müəyyən istismar müddəti vardır. İstismar dövrü başa çatan tikililər, binalar ya bərpa edilir, ya da sökülərək yenidən inşa olunur. Bu qaydalara əməl edilmədiyi halda, insanların həyatı birbaşa təhlükə altında qalır. Təbii ki, təhlükəsizlik mühitinin yaradılması və ona nəzarət edilməsi dövlətin vəzifəsidir. Məsələyə insan həyatının təhlükəsizliyini əsas götürərək müqayisəli şəkildə baxsaq dinimizdə də insan həyatına böyük dəyər verildiyini görərik. Qurani-Kərimdə buyurulur:“...Özünüzü öz əlinizlə təhlükəyə atmayın...” (Bəqərə, 195). Ayədən də göründüyü kimi, insanın şüurlu şəkildə özünü təhlükəyə atması xoş qarşılanmır.
Məsələyə dini prizmadan yanaşsaq dağılmaq təhlükəsi ilə üzləşən məscidin sökülərək yenidən tikilməsində qəbahət axtarmaq məntiqə sığmır. Məhəmməd peyğəmbər (s) buyurur ki, “Məscidi geniş və böyük tikin ki, gələcəkdə onu dolduracaqsınız”. Zərurət olduğu halda, məscidlərin sökülərək yenidən tikilməsinə və ya bərpasına məşhur İslam alimlərinin baxışları da birmənalıdır. Buna misal kimi, Ayətullah Seyid Əli Hüseyni Sistaninin fətvasını göstərə bilərik: “Sökülməmiş bir məscidi camaatın ehtiyacı üçün uçurub, daha da böyütmək olar. Məscid tikmək və qəzalı vəziyyətdə olan məscidi təmir etmək müstəhəbdir. Əgər məscid təmirlə düzəlməyəcək dərəcədə köhnədirsə, onu yıxıb yenidən tikmək olar. Hətta xarab olmamış məscidi camaatın ehtiyacını nəzərə alaraq dağıdıb ondan daha böyüyünü tikmək mümkündür” (Seyid Əli Hüseyn Sistani. İzahlı şəriət hökmləri. Məscidin hökmləri. Məsələ 897).       
Azərbaycan dövləti hər zaman  yararsız vəziyyətə düşmüş ibadət məkanlarını bərpa etmək mümkün olduğu təqdirdə sökməyə deyil, yenidən qurulmasına çalışmışdır. Bu, dövlətimizin  dinə və dindarlara qayğısının bariz nümunələrindəndir. Müstəqilliyimizin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrin təmir və bərpası istiqamətində zəruri addımlar atılmışdır. Bir faktı qeyd edək ki, müstəqillik dövründə ölkəmizdə 800-dən artıq məscid inşa olunmuş, yüzlərlə məsciddə əsaslı təmir işləri aparılmış və yaxud yenidən qurulmuşdur. Təbii ki, görülən bu işlərin əsasında vətəndaşların rahat ibadət etmələrinin təminatı dayanır. Özünəməxsusluğu qorunaraq təmir olunan və ya inşa edilərək istifadəyə verilən bu cür məscidlərdə ibadətlə yanaşı, elm öyrənilməsi üçün də şərait yaradılır. Şübhəsiz, dinə bu cür qayğının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, Azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur. Dövlətimiz ölkədə yaşayan digər dinlərin nümayəndələrinə də qayğı göstərərək onların problemlərinin həllinə şərait yaradır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə, din sahəsində sabitliyin, o cümlədən dini dözümlülük və multikultural ənənələrin qorunub saxlanılması, radikalizm meyillərinin qarşısının alınması istiqamətində ciddi işlər görülür.
Son dövrlər dünyada baş verən neqativ hadisələrə nəzər salsaq belə bir addımın xalqımız üçün nə dərəcədə bəşəri əhəmiyyət daşıdığını görərik. Bəzi ölkələrdə dindən sui-istifadə edərək yaradılan qarşıdurmalar sabitliyin pozulmasına və vətəndaş müharibələrinə gətirib çıxarmışdır. Odur ki, Azərbaycan hökuməti dini vəziyyəti daim nəzarətdə saxlamaq, qarşıdurma meyillərinin qarşısını almaq, sağlam dini maarifləndirmə aparmaqla yanaşı, ölkədə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradır, onlara lazımi qayğı göstərir.
 
Tural VƏLİZADƏ,
Dini Qurumlarla İş üzrə Dövtəl Komitəsinin əməkdaşı 
     

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt