Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Əli ibn Əbu Talib

Əli ibn Əbu Talib miladi təqvimlə 599-cu il iyulun 29-da, hicri təqvimlə rəcəb ayının 13-ü, Fil ilinin 30-cu ilində anadan olmuşdur. Bəzi qaynaqlarda anası Fatimə binti Əsədin Kəbə evinin divarının möcüzəvi şəkildə yarılaraq içəri daxil olması və Həzrət Əlinin Kəbədə dünyaya gəlməsi qeyd edilməkdədir. Bu gün də Kəbə evinin həmin istiqamətindəki divarı “Əli ibn Əbu Talib” adlandırılır. Maraqlı burasıdır ki, Kəbə evinin müxtəlif illərdə dəfələrlə təmir edilməsinə baxmayaraq məhz həmin künc yarılmış şəkildə qalır və onu bərpa etmək mümkün deyil.
Künyəsi Əbul Həsən, ləqəbləri “Əbu Turab” (“Torpağın atası”), “Əl-Murtəza”, “Heydər” və “Əsədullah”dır. Peyğəmbərin əmisi oğlu və kürəkəni olmuşdur. İslam tarixində raşidi xəlifələrinin dördüncüsü, İmamiyyə şiələrinin birinci imamıdır.
Həzrət Əli (ə) yeniyetmə dövrünü Məhəmməd peyğəmbərin (s) evində, onun təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: “Bir il Məkkədə aclıq idi. Bu zaman Peyğəmbərin (s) əmisi Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (s) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbu Talibin dolanışığına kömək etmək məqsədilə hərəsi onun bir uşağını götürüb öz evinizdə saxlasın. Abbas Peyğəmbərin (s) bu təklifi ilə razılaşdı. Beləliklə, Abbas Cəfəri , Peyğəmbər (s) isə Əlini (ə) evinə apardı. Həzrət Əli (ə) Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilənədək onun evində qaldı və peyğəmbərliyini təsdiq edib, ardıcılı oldu”. Peyğəmbər (s) Həzrət Əlini (ə) öhdəçiliyinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Təala da onu mənim üçün seçmişdir”.
İslam tarixində Həzrət Xədicədən (ə) sonra İslamı qəbul edən şəxs Həzrət Əli (ə) olmuşdur. O, on yaşında olanda Həzrət Peyğəmbər (s) ilə Həzrət Xədicəni (ə) ibadət edərkən görmüş və Peyğəmbərimiz (s) tövhidin mənasını ona izah etdikdən sonra İslamı qəbul etmişdir. Rəsulullah Kəbədəki bütləri də Həzrət Əli (ə) ilə birgə sındırmışdır.
Həzrət Məhəmmədə (s) peyğəmbərlik verildikdən üç il sonra insanları İslama dəvət etmək və ilk növbədə qohum-əqrabasından başlamaq əmr olunmuşdur. Bütün qohumlarını bir məclisə çağıran Peyğəmbərin (s) İslamı qəbul etmək təklifindən onlar boyun qaçırmışdılar. Yalnız Həzrət Əli (ə) Peyğəmbərin (s) arxasınca getməyə söz vermişdir. Bu vaxt Peyğəmbər (s) əlini onun əlinin üzərinə qoyaraq, Bəni-Haşim qəbiləsinin böyükləri arasında Həzrət Əli (ə) barədə bu tarixi sözləri buyurmuşdur: “Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir)” (“Riyazüs-Salihin”, İmam Nəvəvi).
Miladın 622-ci ilində təqib və təzyiqlərdən qurtulmaq, İslamı yaya bilmək üçün Allahın buyruğuna əsasən, Həzrət Məhəmməd (s) Mədinəyə hicrət etmişdir. Hicrətdən öncə məkkəlilərin ona etibar etdikləri əmanətləri (Rəsulullah peyğəmbər olmazdan öncə də Məkkədə ən etibarlı adam kimi tanındığından, səfərə gedənlər əmanətlərini ona etibar edərmiş) sahiblərinə qaytarmağı Həzrət Əliyə (ə) tapşırmışdı. Bundan əlavə məkkəli müşriklər Peyğəmbəri (s) öldürmək niyyətində olarkən, Həzrət Məhəmməd (s) Həzrət Əliyə (ə) başqa bir çox təhlükəli tapşırıq vermişdir: o, Peyğəmbər (s) hicrət etdiyi gecə onun yatağına uzanmalı və beləliklə, müşrikləri Həzrət Məhəmmədin (s) evdə olmasına inandırmalı idi. Həzrət Əli (ə) zərrə qədər də olsa tərəddüd etmədən Rəsulullahı (s) yatağında əvəz etmişdir. Peyğəmbəri (s) öldürməyə gələnlər yataqda Əlini (ə) gördükdə, çaşqınlıqdan nə edəcəklərini bilməmişdirlər.
Həzrət Əli (ə) Peyğəmbərlə (s) Quba adlanan bir kənddə görüşdükdən sonra Mədinəyə üz tutmuşdular. Vaxtilə Yəsrib adlanan bu şəhərdə hicrət edənlərlə yerli əhalidən olan müsəlmanlar əhd-peyman bağlamış, hər kəs bir nəfərlə qardaş olmuş, lakin Allah Rəsulu (s) Həzrət Əlinin (ə) kiminlə qardaş olacağı haqda heç nə deməmişdi. Buna görə Həzrət Əli (ə) qəmgin olmuşdu. Vəziyyəti anlayan İslam Peyğəmbəri (s): “Ya Əli, sən mənim dünya və axirət qardaşımsan, bu sənə bəs etmirmi?” - deyərək, ona ehtiramını bildirmişdir.
Həzrət Əli (ə) hicrətin ikinci ili (623-cü il) Peyğəmbərin (s) qızı Həzrət Fatimə (ə) ilə ailə qurmuşdur. Beləliklə də, İslam aləmində bu günə kimi hər kəsin qibtə etdiyi ideal İslam ailəsinin təməli qoyulmuşdur. 
Həzrət Əli (ə) İslam yayılmağa başladığı ilk zamanlarda bütün döyüşlərin ön sıralarında yer almışdır. Təkcə Təbuk döyüşündə Peyğəmbərin (s) ən etibarlı nümayəndəsi kimi Mədinədə qalaraq şəhəri münafiqlərin fitnəsindən mühafizə etmişdir. Müsəlmanların məkkəli müşriklərlə ilk böyük döyüşündə - Bədr döyüşündə müsəlmanların ən şərəfli döyüşçülərindən olan Həzrət Həmzə (ə) və Həzrət Əbu Ubeydə (ə) ilə birlikdə düşmənə qarşı təkbətək vuruşmuşdur. Bu döyüşdə rəqibi Vəlid ibn Muğirəni məhv etmiş, çətin vəziyyətə düşən Əbu Ubeydənin (ə) imdadına çataraq, onun rəqibini də bir zərbəylə qətlə yetirmişdir. Bu döyüşdən sonra Həzrət Əli (ə) “Əsədullah”, yəni, “Allahın aslanı” ləqəbini almışdır.
Həzrət Məhəmmədin (s) iştirak etdiyi döyüşlərin əksəriyyətində Həzrət Əli (ə) bayraqdar olmuşdur. O, əlində “Zülfüqar” (qılıncının adıdır), Düldülün (atının adıdır) belində düşmən cərgələrinə vəlvələ salan qəhrəman kimi tanınmışdır. Xəndək döyüşündə məkkəli cəngavər Əmr ibn Abdivədi bir zərbə ilə öldürmüş, müşriklərlə Hüdeybiyyə müqaviləsinin bağlanması zamanı isə müsəlmanlar tərəfdən katib olmuşdur.
Həzrət Məhəmməd (s) dünyasını dəyişərkən, onun evində olmuş, İslam Peyğəmbərinin (s) müqəddəs cismini yuyub kəfənləmiş və dəfn etmişdir.
Peyğəmbərin (s) vəfatından sonra xəlifə seçilən Əbu Bəkrə dövləti idarə etməkdə köməklik göstərmişdir. Ömərin hakimiyyəti dövründə isə İslam xilafətinin baş qazisi olmuşdur. Osmanın xəlifəliyi zamanı onun idarəçiliyindən narazı olsa da, baş qazi vəzifəsini icra etmişdir. Osman öldürüldükdən sonra ətrafındakı tanınmış səhabələr onu xəlifə seçmişlər. Lakin Həzrət Əlinin (ə) hakimiyyət illəri Osmanın zamanında baş qaldırmış fitnələrin daha da şiddətləndiyi dövrə təsadüf etmişdir. Xəlifənin şəhadətindən sonra bir neçə səhabə, o cümlədən Şam valisi Müaviyyə ibn Əbu Sufyan onun qisasının alınmasını tələb etmişdir. Ancaq həmişə müdrikliyi ilə seçilən Həzrət Əli (ə) aranın sakitləşməsini istəmiş, ona görə də Osmanın qatillərinin tapılması və onlardan qisas alınması ilə bağlı qərar verməkdə tələsməmişdir. Hakimiyyət hərisi olan Müaviyyə ibn Əbu Sufyan bunu bəhanə gətirərək, Həzrət Əliyə (ə) beyət etməmiş və müsəlmanları ona qarşı qaldırmağa başlamışdır. Bu dövr İslam ümmətinin parçalanmasına yol açan Cəməl və Siffeyn döyüşlərinin baş verməsi ilə yadda qalmışdır. İslam tarixində “Xaricilər” adlanan ilk cərəyan da Siffeyn döyüşü ərəfəsində yaranmışdır. Bu döyüşlər zamanı Həzrət Əlinin (ə) əsgərlərə etdiyi xitab hərb tarixində heç bir sərkərdənin dilindən səslənməmişdir: “Sizə qılınc çəkilməyincə, qılıncınızı qınından çıxarmayın! İmdad diləyənə aman verin! Qadınlar və yaralılara toxunmayın!”.
O, müsəlmanlar arasında baş qaldıran ixtilafı yatırmaq üçün var gücünü sərf etməsinə baxmayaraq, Əbdürrəhman ibn Mülcəm tərəfindən hicrətin 40-cı ilində (661) Kufə şəhərində şəhid edilmişdir.
Həzrət Əli (ə) hər zaman Peyğəmbərin (s) yanında olduğu üçün təfsir, hədis və fiqh elmində səhabələrin ən biliklisi sayılmışdır. Şəriət elmləri ilə yanaşı, dünyəvi elmlərə də xüsusi önəm verən Həzrət Əli (ə) Mədinənin mərkəzində məktəb açdırmışdır. Burada ərəb dilinin qrammatikasının öyrənilməsini Əbu Əsvəd əd-Duəliyə, Quran oxutma və öyrətmə işini Əbdürrəhman əs-Suləmiyə, təbiət elmlərinin tədrisini Kümeyl ibn Ziyada həvalə etmişdir. Ubadə ibn əs-Samitə və Ömər ibn Sələməyə isə ərəb ədəbiyyatı sahəsində tədqiqat aparmağı tapşırmışdır. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: “Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Məni öyrənmək istəyən bu qapıdan keçsin”.
Həzrət Əlinin (ə) elm haqqında bir sıra ibrətamiz sözləri vardır. Onların ən məşhuru “Mənə bir hərf öyrədənin köləsi olaram” kəlamıdır.
Həzrət Əli (ə) İslamı qəbul etdikdən ömrünün sonuna kimi həyatını Peyğəmbərin (s) onun üçün müəyyənləşdirdiyi istiqamət üzrə yaşamışdır. Hədislərin birində Rəsulullah (s) Həzrət Əliyə (ə) buyurmuşdur: “Ya Əli! Altı yüz min qoyun istəyirsən, altı yüz min qızıl, yoxsa yüz min nəsihət?” Həzrət Əli (ə) tərəddüd etmədən demişdir: “Altı yüz min nəsihət istəyirəm”. Bu zaman Peyğəmbərimiz (s) buyurmuşdur: “Sənə söyləyəcəyim altı nəsihətə əməl etsən, altı yüz min nəsihətə əməl etmiş olarsan. Hər kəs nafilələrlə məşğul olduğu zaman sən fərzləri yerinə yetir. Yəni fərzdəki qaydaları, vacibləri, sünnətləri, müstəhəbləri yerinə yetir. Hər kəs dünya işləri ilə məşğul ikən sən Allah-Təalanı xatırla. İslama uyğun yaşa, qazan və xərclə. Hər kəs bir-birinin eyiblərini araşdırdığı zaman sən öz eyiblərini araşdır və öz eyiblərinlə məşğul ol. Hər kəs bu dünyanı abad edərkən, sən dinini abad et, onu zinətləndir. Hər kəs xalqa yaxınlaşmaq üçün vasitə axtardığı zaman, sən Haqqa yaxınlaşmaq üçün vasitə axtar. Hər kəs daha çox əməl işləyərkən, sən əməlinin çox olmasına deyil, ixlaslı olmasına diqqət et”.
Həzrət Əli (ə) haqqında cildlərlə kitablar yazılmış, lakin yenə də onun elmi, savadı, qəhrəmanlığı, şücaəti və mərhəmətini tam əhatə etmək mümkün olmamışdır.
Azərbaycan əhalisi İslamı qəbul etdikdən bu günə kimi Həzrət Əliyə (ə) sonsuz ehtiram və sevgi bəsləmişdir. Ölkəmizin müxtəlif bölgələrində onun özünün və ya atının ayaq izləri həkk olunduğu iddia edilən onlarla ziyarətgah mövcuddur. Lakin tarixi həqiqət ondan ibarətdir ki, Həzrət Əli (ə) heç zaman Azərbaycan torpaqlarında olmamışdır.  
 
Nahid Məmmədov
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Əli ibn Əbu Talib