Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ölüm son nöqtə deyil


Yaşadığımız dünyada heç bir şey sabit qalmır və zamanla dəyişir. Bəşər övladı da belədir. Dünyaya göz açır, böyüyür, təhsil alır, kamilləşir, işləyir və son olaraq gözlərini əbədi yumur.
İnsanın həyat yolu ölümlə başa çatır və o özünü əbədi axirət dünyasına aparacaq yeni bir yola çıxır. Ölüm anı insanın ölümdən sonrakı həyatı haqqında informasiya verir. Çünki Allaha inananla inanmayanın ölüm sırasındakı halı bir-birindən fərqlənir. Mömin biri dünyadan köçərkən yanına mələklər gələr və ona müjdə verər. Mömin özünün Yaradan tərəfindən bağışlanacağını eşidəndə son dərəcə sevinər, tez bir zamanda Allaha qovuşmaq istəyər. Ölüm anında olan inancsız şəxsə isə işgəncə veriləcəyi xatırladılar. Buna görə də, o, ölümdən nifrət edər və Allaha qovuşmağı istəməz. Eyni zamanda, Allah da ona qovuşmağı istəmir.
Qəbir həyatının bir addım öncəsi yaşadığımız dünya, bir addım sonrası axirət həyatıdır. Qəbir sanki dünya ilə axirət arasında bir sədd kimi dayanır. Başqa sözlə desək, qəbir axirət həyatının fərqli dayanacaqlarından biridir. Qəbir imtahanından uğurla çıxan şəxslər sonrakı mərhələləri çox asanlıqla keçir. Bu ilk imtahanı verə bilməyənlərin axirət həyatı son dərəcə qorxulu olur.
Axirət həyatında insanlar dünyada gördükləri işlərdən, etdikləri əməllərdən dolayı Allahın hüzurunda hesaba çəkiləcəklər. Ağızları möhürləndiyi üçün danışa bilməyəcəklər, onların yerinə əlləri, ayaqları nələr etdiklərini tək-tək anlatacaq, qulaqlar, gözlər dilə gəlib hər şeyi xəbər verəcəkdir. İman edib yaxşı işlər görən, Allahın buyruqlarını yerinə yetirib, qadağalarından çəkinən şəxslə digərlərinin hesabı bir olmayacaqdır.
Allah hər bir insanla tərcüməsiz danışacaqdır. Bəşər övladı sağ tərəfinə baxdıqda etdiyi yaxşılıqları, soluna baxdıqda isə etdiyi pis işləri görəcəkdir. Qarşısında isə Cəhənnəmi dayanacaqdır. Allah sevdiyi bəndələrinin əməl dəftərinə bir dəfə baxmaqla kifayətlənəcək və onları yenidən hesaba çəkməyəcəkdir. Çünki hesaba çəkilənlər əzab görəcəkdir.
Dünyada ən kiçik yaxşı iş görən kimsə etdiyi yaxşılığın qarşılığını mütləq alacaqdır. Əksinə, ən kiçik bir pislik edən də bunun cəzasını çəkəcəkdir. Bu barədə Müqəddəs Kitabımızda belə buyurulur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zəlzələ, 98-99). Bu hesablaşma sonunda kimsənin kimsədə haqqı qalmayacaqdır.
İnsanlar hesaba çəkildikdən sonra onların dünyada etdikləri yaxşılıq və pisliklər ölçüləcəkdir. Allah qiyamət günü son dərəcə doğru, həssas tərəzilər quracaq, heç kim ən kiçik haqsızlığa belə uğramayacaq. Tərəzidə yaxşı əməlləri ağır gələnlər xilas olacaq və muradına çatacaqdır. Çox pisliklər edənlər isə dərin narahatlıq yaşayacaq, uçurumun dibinə sürüklənəcəklər və əgər Allahın əmrlərini inkar etmişlərsə, sonsuza qədər Cəhənnəmdə qalacaqlar.
Dünya həyatının ölümlə sona çatacağını bilən, ölümün axirət həyatın başlanğıcı olduğuna inanan hər kəs əbədi həyatı qazanmaq üçün hazırlıq görməlidir. Heç düşündünüzmü, nə üçün dünyamızda pisliklər, zülmlər, haqsızlıqlar, qırğınlar, müharibələr, cinayətlər, qətllər heç cür bitmək bilmir? Niyə oğurluq, ədəbsizlik, zina, narkotik kimi çirkin əməllər cəmiyyətdə heç azalmır? Hansı səbəbdəninsanlararası münasibətlərdə yalan, qeybət, böhtan heç əskik olmur? Nə üçün insanlar təbiətə, ətraf mühitə və digər canlılara davamlı şəkildə zərər verirlər? Niyə onlardakı daha çox qazanma, daha çox istismar etmə, daha çox əylənmə ehtirası, ikiüzlülük, eqoizm, həsəd, intiqam, kin sona çatmır?
Bütün bu sualların bir çox cavabı ilə yanaşı, çox əhəmiyyətli bir cavabı da var: çünki bəşər övladı ölüm, axirət və imtahan haqqında düşünmür, heç ölməyəcəkmiş kimi yaşamağa davam edir. Odur ki, günah və haramlardan uzaqlaşıb savaba, xeyir əmələ və gözəl davranışa yönəlmək üçün ölüm və axirəti, bir gün Uca Yaradan qarşısında hesab verəcəyimizi daim xatirimizdə saxlamalıyıq.
 
Abdulla ƏFƏNDİYEV
DQİDK-nın əməkdaşı
    

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt