Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini maarifləndirmədə ünsiyyətin əhəmiyyəti

Ünsiyyət duyğu, düşüncə və bilgilərin müxtəlif yollarla başqalarına ötürülməsidir. Eyni zamanda o, bəşər övladının yaranmasından bu günə qədər olan dövrdə insanları bir-birinə bağlayan və onların nizam-intizam içində, cəmiyyət halında yaşamalarını təmin edən qarşılıqlı təsirlər bütünüdür. Ünsiyyətin bu əhəmiyyətini nəzərə alsaq, deyə bilərik ki, din xadimləri, ümumiyyətlə dini maarifləndirmə işini həyata keçirən hər kəs həmsöhbətlərinə dini öyrətmə, onların din anlayışlarını formalaşdırma və dinin həqiqi mahiyyətini şərh etmə vəzifələrini ancaq təsirli bir ünsiyyətlə yerinə yetirə bilərlər. Çünki nəyi və necə söylədiyimiz olduqca əhəmiyyətlidir. Lakin ən əhəmiyyətlisi həmsöhbətimizin söylədiyimizdən nə anladığıdır.
Ünsiyyət zamanı bizim söylədiyimizlə qarşımızdakının anladığı arasında fərqliliklər ortaya çıxa bilər ki, bunda bir çox faktor rol oynayır və bunlar əsas ismarışın verilməsi və alınmasına mənfi təsir göstərir. Ünsiyyətə maneə törədən bu faktorları belə sıralamaq olar: məlumatı ötürənlə onu alanın fərqli psixi-ictimai xüsusiyyətlərə sahib olması, bir-birilərinə güvənməmələri, qarşılıqlı sevgi və hörmət hissinin yoxluğu, bəzən məlumatı ötürənin hədəf seçdiyi kütləni yaxşı tanımaması, yetərli məlumata və ünsiyyət bacarığına sahib olmaması, o cümlədən ön mühakimə, qəlibləşmiş düşüncə, təqlid, zənn, fanatizm kimi mənfi xüsusiyyətlər. Ancaq burada əsas məsuliyyət məlumatı ötürən adamın üzərinə düşür. “Mənbə” məlumatın ötürülməsində müvəffəqiyyət əldə etmək istəyirsə, ilk növbədə ünsiyyətə mane olan amilləri bilməli və onları aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir. Dini maarifləndirmədə təsirli ünsiyyət üçün lazım olan təməl prinsipləri belə sıralaya bilərik:
Niyyət, söz və davranışlar səmimi olmalıdır.
Çünki Peyğəmbərimiz (s) “Əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır”, - deyə buyurmuşdur. Dini öyrədərkən qarşıdakına güvən hissini aşılamaq və güvən duymaq olduqca əhəmiyyətlidir. Qarşıdakının etibarını boşa çıxarmamaq isə daha önəmlidir.
Zəruri məlumat və bacarığa sahib olmaq lazımdır.
Din xadimi təbliğ edəcəyi mövzulara yaxından bələd olmalı və bu məlumatı insanlara təsirli şəkildə çatdırmağı bacarmalıdır. Məlumatı qarşıdakının anlayacağı və qəbul edə biləcəyi şəkildə sadə dillə anlatmaq, qəliz sözlərdən çəkinmək lazımdır.
Həmsöhbəti tanımaq və ona dəyər vermək də əhəmiyyətli rola malikdir. Həmsöhbətə dəyər vermək isə onu tanımağa və anlamağa çalışmaq, inanc, düşüncə, sahib olduğu mədəniyyət, təcrübə, səviyyə, maraq dairəsi, ehtiyaclarını nəzərə almaq və beləliklə, ona empatiya ilə yanaşmaq deməkdir. Həmsöhbəti nə qədər yaxşı tanısaq, ünsiyyət də bir o qədər təsirli olacaqdır.
Haşiyələrdən yerində və kifayət qədər istifadə edilməlidir.
Haşiyə, hekayə və ya qissələr yadda qalıcı olması, izahatı asanlaşdırması və mücərrəd anlayışları konkret hala gətirməsi baxımından dini maarifləndirmənin əvəzolunmaz tərkib hissəsidir. Bunlar dinləyənlərin maraq və diqqətini özünə çəkir, eləcə də insanları mühitin darıxdırıcı havasından xilas edir. Nəzəriyyə ilə praktikanı birləşdirən haşiyələr çox vaxt öyrənilən məlumatların real həyatdakı qarşılığını və nümunələrini göstərir. Beləliklə də, insanlara yaxşıya yönəlmək və pisdən uzaqlaşmağa stimul verir. Ancaq ortaya qoyulan davranışların mənimsənilməsi, ürəkdən ifa edilməsi və qalıcı olması üçün hansı haşiyənin kimə, nə vaxt və necə aşılanacağı yaxşı bilinməlidir.
Asanlaşdırmaq və tədricilik ön planda olmalıdır.
Quranda insanın zəif yaradıldığına və Allahın heç kimi gücünün yetmədiyi işlə məsul tutmayacağına diqqət çəkilir. Həzrət Peyğəmbər (s) iki şeydən birini seçmək məcburiyyətində qaldıqda günah olmadığı təqdirdə daim asan olanı seçmiş və bu sözləri dönə-dönə vurğulamışdır: “Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, nifrət etdirməyin!”; “Şübhəsiz, din asanlıqdır. Kim bu dini çətinləşdirsə, din onu məğlub edər. Siz ona yaxın olanı edin, tarazlığı qoruyun”.
Asanlıq tədricilik ilə yaxından əlaqəlidir. Çünki insanın müəyyən biliklərə yiyələnməsi və kamala yetişməsi tədricən, müəyyən nizam əsasında mümkündür. Buna görə də öyrədiləcək şeylər həmsöhbətin hazırlığına əsasən əsasdan təfərrüata, asandan çətinə, konkretdən mücərrədə, bilinəndən bilinməyənə doğru mərhələli şəkildə aşılanmalıdır.
 Mülayim olmağı bacarmaq lazımdır.
 Allah Rəsulu (s) “Mülayim davrana bilməyən kimsə bütün xeyirlərdən məhrum qalar”, - deyə buyurmuşdur. Mülayimlik izzətin, təmkinin və xüsusilə zərifliyin göstəricisidir. Zəriflik nəzakətlilik, həssaslıq, xoş sözlülük deməkdir. Zəriflik həm xarici görünüş, həm də şəxsi xüsusiyyətlərlə əlaqədardır. Bu baxımdan, “məlumatın qaynağı” xarici görünüşünə diqqət yetirməklə yanaşı, gülərüzlü, bir az zarafatcıl, mehriban, təvazökar, sirdaş və dost olmağı bacarmalıdır. Zərifliyin ziddi isə sərtlik və kobudluqdur ki, dini ünsiyyətdə bunlardan qaçmaq lazımdır.
Səbirli, tolerant və ümidli olmaq lazımdır.
Dini maarifləndirmə ancaq səbirlə yerinə yetirilə bilər. Səbir mənfiliklərə boyun əymək deyil, bunları aradan qaldırmaq üçün dözümlü olmaq, səy göstərmək, alternativlər ortaya qoymaq və bütün səylərə baxmayaraq, məqsədə nail ola bilmədikdə ümidi itirməməkdir. Dini maarifləndirmədə tolerantlıq da əhəmiyyətlidir. Tolerantlıq tərbiyə üsulu və problem həll etmə texnikasıdır, öyrənməyi sürətləndirən motivdir. Xoşbəxt olma, xoşbəxt etmə və insan qazanma yoludur. İnsanların səhvlərini görmək asandır. Bunun üçün onların səhv etmələrini gözləmək, sonra da səhvlərini üzlərinə vuraraq ağıllı görünmək kifayətdir. Çətin olan insanların etdikləri doğruları görməkdir.
Yaxşılıq və bağışlama yolu tutulmalı, mərhəmətli olunmalıdır.
Quran ünsiyyətin ən vacib qanunlarından birinə belə diqqət çəkir: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət, 34). Dini maarifləndirmə ilk növbədə “könülləri fəth etmək”, sonra isə “könülləri abadlıq və tikmə” fəaliyyətidir ki, bu da şəfqət və mərhəmətlə mümkündür. Çünki “Mərhəmətin yaradacağı iqlimdə yaxşılığın ölü bitkiləri dirilər, pisliyin diri bitkiləri ölər” (N.F.Kısakürek).
Orta yol gözlənilməlidir.
Dini ünsiyyətin təməl qanunu tarazlıqdır. Tarazlılıq ədalət, uyğunlaşma, ahəng, sabitlik deməkdir. Həmçinin tarazlılıq ifrat və təfritdən çəkinmək, inanc və davranışda ölçülü olmaq, hər şeyi yerli-yerində etmək deməkdir. Dinin bütün təlimləri, hökmləri, buyruq və qadağaları insanın taraz yaşaması və bütün sapmalara müqavimət göstərə bilməsi üçündür. Bu baxımdan, dini ünsiyyətdə həmsöhbətimizi olduğu kimi qəbul edərək işə başlamaq çox əhəmiyyətlidir. “Qəbul etmək kiçik toxumları belə, ən gözəl çiçəyə çevirə biləcək məhsuldar torpaq kimidir”.
Qısacası, dini maarifləndirmə işini həyata keçirənlər mükərrəm, eyni zamanda zəifliklərlə dolu həmsöhbətlə üz-üzədir. Həmin həmsöhbət yaxşı əməlləri ilə mələklər səviyyəsinə qalxmaq, səhv addımları ilə isə varlıq aləmində səfil birinə çevrilmək potensialına sahibdir. Dini ünsiyyətdə bu xüsusiyyət daim nəzərə alınmalıdır.
 
Güney NAMAZOVA,
DQİDK-nın əməkdaşı
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini maarifləndirmədə ünsiyyətin əhəmiyyəti