Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Özü ilə yadlaşan müsəlman


Əxlaq ilə din bir-birini tamamlayan iki ünsür kimidir. Hər ikisinin də hədəfi özünə və cəmiyyətə faydalı olan, ətrafına əminlik verən, ədəb-ərkana sahib kamil insanlar yetişdirməkdir.
Din maddi və mənəvi baxımdan insanın həyatını nizama salmaqla yanaşı,onun ruhunun mənəvi cəhətdən yüksəlməsini, fitrətindəki ali duyğuların ortaya çıxmasını da təmin edir; insanı gizli və aşkar hər cür pislikdən qoruyur, yaxşılığa sövq edir. Dinin gətirdiyi əxlaqi qaydalar insanların həyatını çətinləşdirmək deyil, cəmiyyətdəki zülm və təcavüzlərin qarşısını almaq məqsədi daşıyır.
İnsanda gözəl əxlaqın formalaşması üçün dinlə yanaşı, təlim-tərbiyənin, təlim-tərbiyədə isə gözəl örnəyin əhəmiyyəti danılmaz faktdır. Böyüklər yaşayışlarında, həyat tərzlərində nə qədər nümunəvi olsalar, kiçiklərin yaxşıya və gözələ yönəlməsi də bir o qədər asan və rahat olar. Uşaqlarımızın və gənclərimizin, elə özümüzün də nümunə götürə biləcəyimiz ən mükəmməl insan Peyğəmbərimizdir (s). Onun əxlaqını nə qədər dərindən və yaxından öyrənsək, həyatda bir o qədər müvəffəqiyyət qazana və kamilləşə bilərik.
Çox güman ki, müasir müsəlmanların üzləşdiyi bir çox problemin kökündə bir gerçəklik durur: bilgi, əxlaq baxımından öz peyğəmbərlərinin buyurduğu şəkildə yaşamamaq; buna görə də onu layiqincə təmsil və təbliğ edəbilməmək.Təbii tarazlıqları pozmağa, min illər boyu formalaşan mədəni zənginlikləri yox etməyə qadir olan bu böyük problemlərin öhdəsindən gəlməyin yeganə qaynağı ümumbəşəri rəhmətdir. Könlümüzü, zehnimizi, iradəmizi və həyatımızı o rəhmətə açmaqla, onu anlamağa, yaşamağa, yaşatmağa səy göstərməklə varlığın, həyatın mənasını və məqsədini qavraya, məhdud ömrümüzü puç sevdalar uğrunda tükətmək yerinə, əbədi xoşbəxtliyə aparan saleh əməllərə yönələ və beləliklə, həyatımızı gözəlləşdirə bilərik.
Qurani-Kərimdə Allahın insana həm yaxşılıq, həm də pislik etmə qabiliyyəti verdiyi, pis əməllərdən çəkinənlərin xilas olduğu, pislik edənlərin isə böyük ziyana uğradığı bildirilir: “And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”(Şəms, 7-10). İlahi dinlərin əsl məqsədi də dini və əxlaqi baxımdan sapmaların qarşısını almaqdır. Çünki ilahi din bir tərəfdən bəşər övladını Uca Yaradanı tanıyıb, Ona layiq olduğu hörməti göstərməyə, digər tərəfdən isə yaradılanları sevib, onlara şəfqət və mərhəmət göstərməyə, kömək və himayəsini əsirgəməməyə yönəldir.
Fərqlilik və ayrılıqları qabartmaq laqeydliyi, biganəliyi,ortaq cəhətləri üzə çıxarmaq isə sevgini artırır. Ən böyük və davamlı sevgi hisslərinin qohumlar, dostlar, ortaq inanc və dəyərlərə sahib insanlar arasında olduğu da bir həqiqətdir.
Məzmunca sevgi - pozitiv, nifrət isə neqativ məfhumlardır. Yəni sevginin məqsədi yaşatmaq, nifrət və düşmənçiliyin məqsədi isə məhv etməkdir. Odur ki, Allah Rəsulu (s) sileyi-rəhmi (qohumlarla əlaqə saxlamağı) tövsiyə etmiş, “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də həqiqətən iman etmiş olmazsınız. Sizə elə bir şey söyləyim ki, onu etsəniz, bir-birinizi sevəcəksiniz: aranızda salamlaşmağı yayın”, - deyə buyurmuşdur.
Qurani-Kərimin Məhəmməd peyğəmbəri (s) hərtərəfli tanıdan ayəsi “Ənbiya” surəsinin 107-ci ayəsidir: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. Allah Rəsulunun (s) bütün aləmlərə rəhmət olması nəticəsində həm özü bütün varlıqları əhatə edən zəngin sevgiyə sahib olmuş, həm də insanlara bir-birini, heyvanları və bitkiləri sevməyə, ekoloji tarazlığı qorumağa təşviq edən çoxlu nəsihətlər vermişdir. O, gətirdiyi və həyata keçirilməsi uğrunda ömrünü fəda etdiyi dini və əxlaqi prinsiplər ilə insanlıq üçün, həqiqətən, bir rəhmət olmuşdur.
Zülmün, şiddət və təzyiqlərin insanlığa qan qusdurduğu, gedərək qlobal hal alan əxlaqi deqradasiyanın, aşınmanın utanc mənbəyinə çevrildiyi müasir dünyada bəşər övladının onun rəhmət və sevgisinə nə qədər möhtac olduğunu dərindən hiss edirik.
Hirada gələn ilk vəhyin sarsıntısını yaşadığı zaman sevimli həyat yoldaşı Həzrət Xədicənin (ə) onu təsəlli edərkən söylədiyi bu sözlər Allah Rəsulunun (s) üstün əxlaqını, hər kəs üçün rəhmət və şəfqət qaynağı olduğunu bir daha təsdiqləyir: “Qorxma, ey Məhəmməd, Allah sənə zərər verməz. Çünki sən dürüst insansan. Sözün düzünü söyləyərsən. Əmanətə xəyanət etməzsən. Yaxınlarınla maraqlanarsan. Gözəl əxlaqlısan... Qorxma! Allah səni əsla utandırmaz, üzməz. Çünki sən qohumuna kömək edərsən. Çarəsizlərin, gücsüzlərin yükünü daşıyarsan. Yoxsullara heç kimin vermədiyini verər, hər kəsdən daha çox yaxşılıq edərsən. Qonaq çağırar, fəlakətə uğrayanlara kömək edərsən”.Bunlar Peyğəmbərin (s) Quranda “üstün əxlaq sahibi”, “aləmlərə rəhmət” və “gözəl nümunə” olaraq xarakterizə edilən və uca şəxsiyyətinin hər çağa xitab edən ölçüsüdür.
Həzrət Məhəmmədin (s) gözəl əxlaqınun etibarlılığını, haqqa riayət etməsini, insana dəyər verməsini, üstün şəxsiyyətini, xoşniyyətli və səbirli olmasını özündə ehtiva edən dəyərlərdir. Allah Rəsulunun(s) üstünlüyü başqalarına verdiyi öyüd və nəsihətləri ilk növbədə öz həyatında tətbiq etməsidir. Onun əxlaqı Quran əxlaqıdır. Rəbbimiz Öz Peyğəmbərinin əxlaqını tərifləyərkən “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”, - deyə buyurmuşdur (Qələm, 4). Rəsulullah da (s) Allaha: “Allahım! Məni əxlaqın ən gözəlinə yönəlt, pis əxlaqdan uzaq tut”, - deyə dua etmişdir.
İnsanlararası münasibətlərin təməl nöqtəsi “empatiya” (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi) prinsipidir. Bu baxımdan, Allah Rəsulunun (s) yüksək şəxsiyyətində bu xüsusiyyətin çox maraqlı nümunələrini görürük. Quran onun varlıqlara olan şəfqətinə, insanlara olan mərhəmətinə belə işarə edir: “(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (Tövbə, 128). Allah-Təala bu ayədə gözəl adlarından olan “Rauf” (çox şəfqətli) və “Rəhim” (çox mərhəmətli) sifətlərini Peyğəmbərimizə (s) də vermişdir ki, əvvəlki peyğəmbərlərdən heç biri bu sifətlərin ikisi ilə birdən şərəfləndirilməmişdir. Bəşəri əlaqələrdə empatiyanın ən əhəmiyyətli cəhəti mülayimlikdir. Rəsulullah (s) da bu xüsusiyyəti ilə insanlar tərəfindən qəbul edilmiş, könüllərdə taxt qurmuşdur. Qurani-Kərimdə bu barədə deyilir: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...” (Ali İmran, 159).
Onun ailə fərdlərindən tutmuş, səhabələrinə və bütünlüklə insanlara qarşı şəfqət və mərhəmətlə davrandığını, əsla heç kimi incitmədiyini görürük. Özünə edilən hər cür haqsızlığa səbirlə yanaşmış, insanların səhvlərini bağışlamışdır. Çünki Allah-Təala ona “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”, - deyə buyurmuşdu (Əraf, 199).
Allah Rəsulu (s) öz təvazökarlığı və sadəliyi ilədə daim diqqət çəkmiş və gözəl nümunə göstərmişdir. Xəndək döyüşündə səhabələri ilə birlikdə xəndək qazmış, Quba məscidinin inşasında işçi kimi çalışmış, həmişə səhabələri ilə oturmuş, məclisdə yer seçimi etməyərək boş tapdığı yerə əyləşmişdir. Vida həccinə gedərkən kürəyində yalnız dörd dirhəmlik məxmər parça, dəvəsinin üzərində isə cırıq bir heybə olmuşdur.
Peyğəmbərimizin (s)əsas xüsusiyyətlərindən biri də etibarlı olması idi. O, gənclik illərindən etibarlılığı ilə tanınmış, bu səbəblə ona “Məhəmmədül-Əmin” deyilmişdir. İnsanlar həll edə bilmədikləri problemləri yoluna qoyması üçünHəzrət Məhəmmədin (s) yanına gələr, onun verdiyi qərarları hörmət və güvənlə qəbul edər, bundan məmnun olardılar. İnsanlar həmişə ədalətli olduğuna inanardılar. Şəxsi və ailə mənafelərini nəzərə almadan, maddi durumuna və soyuna baxmadan, hər kəsə ədalətli davranardı. Verdiyi sözü mütləq tutar, verilən əmanətləri sona qədər qoruyar, bir şey söyləyibsə, mütləq yerinə yetirərdi. Başqalarına zərər verməkdən çəkinməyi, başqalarına can və mal baxımından güvən verməyi İslamın və imanın şərti kimi görər, “Əmanəti qorumayanın imanı yoxdur” buyurardı. Düşmənləri belə, heç kimə əmanət edə bilmədikləri ən qiymətli əşyalarını Peyğəmbərimizə (s) əmanət edərdilər. O söyləmişdir: “Mömin insanların ona güvəndiyi kimsədir. Müsəlman dilindən və əlindən digər müsəlmanların güvəndə olduğu adamdır. Canım əlində olan Allaha and olsun ki, pis əməllərindən qonşusunun əmin olmadığı kimsə Cənnətə girə bilməz”.
“Rəhman” və “Rəhim” olan Allah-Təala mərhəmət və şəfqət duyğusunu yaratdıqlarının ən üstünü olan insanın fitrətinə də qoymuşdur. Şəfqət və mərhəmət duyğusunun ən yüksək mərtəbəsinə Allahın hidayət rəhbəri olaraq göndərdiyi peyğəmbərlərdə rast gəlinir. Onlar Uca Yaradanın ürəklərinə yerləşdirdiyi bu duyğu ilə özlərini ümmətlərinin qurtuluşuna həsr etmişlər. Ümmətinin halına yanma məsələsindəən zirvədə olan isə, şübhəsiz ki, son peyğəmbər Həzrət Məhəmməddir (s). Onun mərhəmət və şəfqətindən nəinki möminlərə, hətta düşmənlərinə belə, pay düşmüşdür.
Rəvayətə görə, Məkkənin fəthindən sonra müsəlmanlar Taifə yürüş edərək şəhəri mühasirəyə alırlar. Mühasirə uzun çəkdiyindən,əhali aclıqdan əziyyət çəkməyə başlayır. Düşmənin təslim olmağa hazırlaşmasına baxmayaraq, Peyğəmbər (s) şəhəri mühasirədən azad etməyi tapşırır. Çünki xalqın acından ölməsi sayəsində bir şəhəri fəth etməyə razı olmur. Halbuki bu şəhər illər əvvəl onu daş və tüpürcək yağışına tutaraq, özünün dediyi kimi, həyatının ən ağrılı gününü yaşatmışdı.
Peyğəmbərimiz (s) təkcə insanlara deyil, heyvanlara da şəfqət və mərhəmətlə yanaşmışdır. O, susayan bir pişiyə öz əlilə su içirmiş, heyvanların ac saxlanılmamasını, onlara yaxşı davranılmasını əmr etmişdir.
Peyğəmbərimiz (s) gülərüzlü, yumşaq xasiyyətli və son dərəcə nəzakətli idi. O, ömründə heç kimə ağır söz söyləməmiş, heç kimin qəlbini qırmamağa çalışmış və heç kimi danlamamışdır.
On il Həzrət Məhəmmədin(s) xidmətində duran Ənəs ibn Malik deyirdi ki, “Peyğəmbərimiz mənə heç vaxt “of” belə demədi. Etdiyim bir şey üçün “bunu niyə etdin” və ya etmədiyim bir işə görə “bunu niyə etmədin” - deyərək məni danlamadı”.
Allah Rəsulu (s) gördüyü qüsurları heç kimin üzünə vurmazmış. Bəyənmədiyi səhv bir davranış gördükdə “Bəziləri belə edir, belə söyləyir, halbuki bu doğru deyil” kimi ümumi nəsihətlər verər, bununla da kimisə utandırmadan qüsur və səhvlərini düzəldərmiş.
Allah Rəsulu (s) insanların irqinə, rənginə, mövqeyinə, zənginlik və kasıblığına baxmadan, onlara sırf insan olduqları üçün dəyər verərmiş. Çünki Allah-Təala belə buyurmuşdur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin, 4). Danışan insanları diqqətlə dinləyər, üzünü danışandan başqa yerə çevirməz, sözünü kəsməzdi. İnsanlarla rastlaşdıqda salam verər, əllərini sıxar, hal-əhval tutardı. İnsanlar haqqında pis zənnə qapılmaz, onların qüsurlarını araşdırmaz və üzlərinə vurmazdı. İnsanlara qarşı kin güdməz, intiqam almağı düşünməzdi. Heç kimə lağ etməz, pis ləqəb verməzdi. Dəvət edilən yerə gedər, oradakılarla söhbət edər, xəstələrə baş çəkər, dərdi olanların dərdlərinə şərik çıxardı. Kasıbı kasıb olduğuna görə kiçik görməz, zənginə də zənginliyinə görə iltifat etməzdi. Çünki onun gətirdiyi dinin Müqəddəs Kitabında “...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)...” (Hucurat, 13) buyurulmuşdu.
Məhəmməd peyğəmbərin (s) həyatından gətirdiyimiz bu nümunələr bu gün dünyada xüsusilə xoşniyyətlilik, birgəyaşayış və tolerantlıq sahəsində mövcud olan problemlərin həllində müsbət rol oynaya bilər. Ümumiyyətlə, onun gətirdiyi dinə “İslam” adının verilməsi bu dinin tolerantlıq, birgəyaşayış dini olduğunun göstəricisidir. Belə ki,“İslam” kəlməsinin müxtəlif mənaları arasında “sülh”, “barış” və “uzlaşma” kimi mənaları da tapmaq mümkündür.
Xoşniyyətlilik – paylaşmaq və fədakarlıq fəlsəfəsidir; dini, dili, mənşəyi nə olursa-olsun, hər kəsin yaşamağa və özünü ifadə edə bilməsinə imkan verilməsidir. İnsanlar arasındakı fərqliliklər qarşıdurma və düşmənçiliyə səbəb kimi deyil, mədəni zənginlik kimi anlaşılmalıdır. Yalnız bu yolla sevgi, hörmət və  xoşniyyətlilik cəmiyyətdə kök salıb, qol-budaq ata bilər. Halbuki bu günün insanı, başqalarını bir tərəfə qoyaq, demək olar ki, hətta özünü də sevməyi unutmuşdur...
Bir gün bir hindu ilə ağdərili atlarına minib, dörd nala çapırlar. Birdən hindu dayanır. Ağdərili çaşqın halda soruşur:“Niyə dayandıq, nəyi gözləyirik?” Hindunun cavabı çox mənalıdır:“Çox sürətli getdik, ruhlarımız geridə qaldı”.
Müasir dövrdə ruhlarımızdan sürətli şəkildə uzaqlaşırıq. Qloballaşma insanın ruhunun, vicdanının və qəlbinin böyük hissəsini əsir almışdır. Halbuki bu günümüzün və sabahımızın yeriyən bədənlərə deyil, yaradılış məqsədini qavrayan və bu yolda addımlar atan insanlara ehtiyacı var...Bu isə yalnız dinimizi yaxından öyrənmək və yaşamaqla, Allah-Təalanın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərin (s) yolundan getməklə mümkündür. Cavan-qoca, kasıb-zəngin, ağdərili-qaradərili hər kəsin onun həyatından götürəcəyi dərslər, ibrətlər vardır. Bəşəriyyət onun izi ilə gedərək bu dünyada həqiqi müvəffəqiyyətə, qurtuluşa və yaxşılığa nail ola bilər.
Nəticə etibarilə, Məhəmməd Peyğəmbəri (s) doğru tanısaq və tanıtdırsaq, Uca Yaradan sonsuz sevgisi və rəhməti ilə bizə gözlənilməz qapılar açar, bununla da, fərdi, ictimai və qlobal planda əsasını sevgi və mərhəmətin təşkil etdiyi yeni bir cəmiyyət qura bilərik.
 
Güney Namazova
DQİDK-nın əməkdaşı 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt