Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Səadət yurdu


Cənnət peyğəmbərlərin dəvətini qəbul edib, ilahi buyruqlara tabe olan, dünya və axirətə aid işləri ən gözəl şəkildə yerinə yetirənlər üçün hazırlanmış səadət yurdudur. Qurani-Kərim və hədislərdə müxtəlif şəkillərdə təsvir edilmiş o əbədi məkan bu dünyada edilən yaxşılıqlar qarşılığında Allah tərəfindən axirətdə insanlara verilən mükafatdır: “Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır”(Ta ha, 76).
Sonuncu Səmavi Kitabda Cənnətin bəzi xüsusiyyətləri belə təsvir olunmuşdur: “Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (möminlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər)” (ər-Rəhman 54 ); “(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır…” (əz-Zuxruf, 71); “Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər”(əl-Vaqiə, 25).
Qüdsi hədislərdən birində Uca Rəbbimiz buyurur ki, saleh insanlar üçün Cənnətdə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insan könlünün xatırlamadığı bir sıra nemətlər hazırlayıb (Mansur Əli Nasıf, “ət-Tacul-Cami”, əl-Məscidil-Usül, V, 402).
Bəs, görəsən, Cənnətlə mükafatlandırılanlar kimlərdir?
Müqəddəs Kitabımız namazını daim qılanların, malından bir qismini yoxsullara ayıranların, haqq-hesab gününə inananların, Allahın qəzəbindən qorxanların, namusunu qoruyanların, sözlərinə və əmanətə sadiq qalanların, doğru şahidlik edənlərin Cənnətə girəcəklərini bəyan etməkdədir (əl-Məaric, 23-27, 29, 33 ). Uca Yaradan həmçinin razılığını diləyərək səbir və (ər-Rəd, 20-23) şükür edənləri (əl-Əhqaf, 15-16 ), ürəkdən tövbə edənləri (ət-Təhrim, 8), Allah yolunda canından keçən şəhidləri də (əl-Bəqərə, 154 ) içində əbədi qalacaqları Cənnətlə müjdələmişdir.
Hədislərdə deyilir ki, Cənnətə ən son girənə bu dünyanın və ya dünyanın on misli qədər Cənnət nemətləri veriləcəkdir (“Səhihi-Buxari”, Müxtəsəri Təcridi-Sarih, II, 845). Bəzi mənbələrdə isə son sözü “Tövhid” olan şəxsin mükafatının Cənnət olduğu bildirilmişdir (“Səhihi-Buxari”, Müxtəsəri Təcridi-Sarih, IV, 264-275). Həmin mənbədə keçən hədisdə deyilir ki, günah işlədən şəxs günahı qədər Cəhənnəmdə cəza çəkdikdən sonra Cənnətə girəcəkdir. Muaz ibn Cəbəlin (r.a) Peyğəmbərimizdən (s) rəvayət etdiyi bir hədisdə məsələyə belə aydınlıq gətirilmişdir: “Elə bir şəxs yoxdur ki, ürəkdən inanaraq Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olduğuna şəhadət etsin və  Allah ona Cəhənnəmi haram etmiş olmasın” (Səhihi-Buxari Müxtəsəri Təcridi-Sarih, IV, 271).
Əksər İslam alimlərinə görə, “La ilahə illəllah, Muhəmmədən Rəsulullah” deyən və səmimi qəlbdən iman edib, hər əməlisaleh şəxs Allahın izni ilə Cənnətə girəcəkdir.
İbn Abbasdan (r.a) nəql olunmuş bir hədisdə Cənnətin yeddi qatlı olduğu xəbər verilmişdir. Bunlar “Firdovs”, “Ədn”, “Nəim”, “Darul-Huld”, “Məva”, “Darus-Salam” və “İlliyyun” Cənnətləridir. Bu təbəqələrdən hər birində isə möminlərin etdikləri yaxşı işlər qarşılığında girəcəkləri və ya yüksələcəkləri dərəcə və mərtəbələr vardır (əlBeydavi, “Ənvarut-Tənzil” ).
Bu rəvayətdə Cənnət təbəqələrinin sayının yeddi ilə məhdudlaşdırılmasına baxmayaraq, ayələrdən aydın olduğuna görə, onun daha çox təbəqəsi var. Burada qeyd edilən və ayələrdə də adları keçən Cənnət təbəqələri isə onun ən yüksək dərəcələridir. Bu, Müslimin Əbu Səid əl-Hudridən rəvayət etdiyi bir hədisdə Rəsulullah (s) tərəfindən də xəbər verilmişdir. Həmin hədisdə buyurulur ki, Allah yolunda cihad edənlər bu əməlləri ilə Cənnətdə yüz dərəcə yüksələcəklər. Hər dərəcənin arası isə yer ilə göy arasındakı məsafə qədər olacaqdır.
Ət-Təbərinin təfsirindən anlaşıldığına görə isə “Firdovs” Cənnəti mərtəbə baxımından ən yüksəkdə olandır. 
Bəşər övladı yeni və fərqli təamlardan dadmaq, yaxşı qidalanmaq, gözəl geyinmək, rahat yaşamaq həvəsiylə bəyəndiyi, özünə xoş gələn yerlərə üz tutar, işini asanlaşdıran əşyalar alar. İnsanların dünya həyatında həzz aldıqları bu nemətlərin ən gözəlini, ən mükəmməlini Allah-Təala Cənnətdə onlara təqdim edəcəkdir. Bu nemətlərə nail olmaq, qapıları sonsuzadək açılan Cənnət yurduna layiq, gözəl insan olmaq üçün məsuliyyətimizi dərk etməli, həqiqi gözəllik üçün içimizi təmiz, nəfsimizi həbsdə saxlamalıyıq.
 
Vüqar HÜMMƏTOV,
İlahiyyatçı


Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt