Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslamofobiyanı yaradan səbəblər həm də müsəlmanlardan qaynaqlanır


Mehman İsmayılov: "Müsəlman dünyasındakı məzhəb qarşıdurmaları, dini radikalizm kimi səbəbləri görməmək olmaz"
İslamofobiya elə bir mövzudur ki, bu məsələ təkcə inanclı insanları deyil, hətta müsəlman ölkələrində yaşayan ateistləri belə narahat edir. Çünki, müsəlman coğrafiyasında yaşayan insanlar İslam dininə etiqad bəsləməsə belə İslam mədəniyyətinə mənsubdurlar. Yəni, bu mədəniyyətin formalaşmasında və inkişafında hamının payı var. Ona görə də bu mədəniyyətin sərhədlərindən kənarda islamofobiyanı bu mədəniyyətə mənsub olan hər kəs hiss edir. Müsahibimiz İlahiyyət üzrə fəlsəfə doktoru Mehman İsmayılovdur. 
 
-Mehman müəllim, İslamofobiyanı yaradan səbəblər nələrdir? Bu məsələdə müsəlmanların suçu nədən ibarətdir? 
-Dinlərarası və mədəniyyətlərarası ədavət orta əsrlərdə və sonrakı dövrlərdə də olmuşdur. Bu ədavət zamanın axarı istiqamətində artmış və azalmışdır. Lakin islamofobiya məsələsinin son 16 ildə populyarlaşması onun tamamilə siyasi məqsədlər üçün ortaya atılmış olduğunu göstərən ən əsas səbəbdir. İslamofobiya kəlməsi İslam və yunanca "phobos" sözlərindən törəmişdir. Phobos yunan mifologiyasında "dəhşət tanrısı"na verilən addır. İslama qarşı ön mühakiməli olmaq və müsəlmanlara qarşı irqçilik etmək deməkdir. Başqa cür desək, islamofobiya "İslama kin, nifrət və düşmənçilik bəsləmək, müsəlmanlara nifrət etmək" demək olan irrasional qorxunun adıdır. İslamofobiya özünü daha çox müsəlmanlara qarşı mənfi davranışlar, ayrı-seçkilik, fiziki və sözlü hücumlar şəklində göstərir. İslamofobiyanın meydana çıxmasını Əndəlüsun müsəlmanlar tərəfindən ələ keçirilməsinə qədər aparıb çıxarırlar. Bəzi araşdırmaçılar isə islamofobiyanın tarixini İstanbulun türklər tərəfindən fəthi ilə başladırlar. İstanbul fəth olunarkən Şərqi Romadan qaçan bir səyyah belə deyirdi. "İstanbul türklərin əlinə keçdi və mədəniyyət bitdi. Yaxşılıq, gözəllik, sənət adına nə varsa bitdi və günəş batdı. Dünyanın sonu gəlib çatdı". İslamofobiyanı ortaya çıxaran səbəbləri əsasən iki yerə ayırırlar: Qərblilərdən qaynaqlanan, onların müsəlmanlara baxışından qaynaqlanan səbəblər və müsəlmanlardan qaynaqlanan daxili səbəblər. Qərblilərdən qaynaqlanan səbəblər belə sıralayırlar: İslam-xristianlıq qarşılaşması, İslamdakı canlanma, irqçilik, ayrı-seçkilik, orientalizm, media və siyasət. Müsəlmanlardan qaynaqlanan səbəbləri belə göstərirlər: əlaqə qurma problemi, təmsil olunma problemi və təşkilatlanma problemi. İslamofobiyanı ortaya çıxaran səbəbləri başqa cür də təsnif edənlər vardır. Onlara görə İslamofobiyanı meydana gətirən əsas səbəblər bunlardır: tarix və mədəniyyətdən qaynaqlanan səbəblər, siyasi səbəblər, iqtisadi səbəblər, teoloji səbəblər, psixoloji səbəblər, KİV-in təsiri, terrorlar. İslamofobiyanın ortaya çıxmasında müsəlmanların günahı olub-olmaması məsələsində gəldikdə əvvəlcə onu deyim ki, müsəlmanlar heç vaxt qladiator döyüşləri keçirib, həmin qladiatorların bir-birlərini öldürməsini seyr edərək zövq almamışlar. Nəinki insanlara, hətta İspaniyada keçirilən buğa festivalındakı kimi heyvanlara belə əziyyət verməyi günah saymışlar. Müsəlmanların tarixində Holokost, Srebrenitsa və Xocalı kimi soyqırımlar yoxdur. İslam dünyası nə Hitler, nə də Stalin "yetişdirməmişdir". Müsəlmanlar müharibə etdikləri vaxt "səlib yürüşləri"ndəki kimi amansızlıqlar etməmişlər. Hər şeyin Allahın qoyduğu qanunlar çərçvəsində hərəkət etdiyini düşünən müsəlmanlar balıqları belə akvariuma salmağı Qərbdən öyrənmişlər. Lakin bütün günahı digərlərinin üstünə atmaq son dərəcə yanlışdır. Müsəlman dünyasındakı məzhəb qarşıdurmaları, dini radikalizm, təhsil, adət-ənənələr və s. kimi səbəbləri görməmək olmaz. Müsəlman dünyasının bu baxış tərzini dəyişməsi üçün ciddi addımlar atması son dərəcə vacibdir. Bu məsələdə atılacaq ən əsas addım isə "beynəlmiləl din" olduğunu iddia etdiyimiz İslamı "sıxışdırıldığı dar sahədən " xilas etməkdir. Çünki İslama və müsəlmanlar əleyhinə formalaşan fikirlərin xammalı bu "dar sahədə" ilişib qalanlar tərəfindən verilir. Unutmamaq lazımdır ki, vaxtilə Qərbdə antisemitizim də baş qaldırmış və bu "əsassız" düşüncə milyonlarla yəhudinin həyatını qurban verməsilə başa çatmışdır. Lakin əsrlərlə davam edən bu utandırıcı baxışın yanlışlığı nəhayət ki, XX əsrdə Avropada etiraf edilmiş və antisemitizm qadağan olunmuşdur. Ona görə də, İslamofobiya mifinin dağıdılması üçün müsəlmanlar qədər antisemitizmdə olduğu kimi qərblilərin də səy göstərməsi son dərəcə əhəmiyyət kəsb edir. 
-Bəs, dini fundamentalizm deyildikdə nə başa düşülür?
-Dini fundamentalizm dinin fundamental ünsürlərini sosial həyata hakim qılma təşəbbüsüdür. Dini fundamentalizm məfhumu əslində xristianlıqla bağlıdır. Bu məfhum Amerika protestantlığını ifadə etmək üçün ortya çıxmışdır. Amerika protestantlığına məsxus 12 cilddən ibarət olan və hər bir kitabı "The Fundamentals" adlanan kitablarda müqəddəs kitabın tənqid olunmasına, inqilab nəzəriyyəsinin müddəalarına, Nitşsenin fəlsəfəsinə və buna bənzər digər şeylərə qarşı çıxılmış və beləliklə İncilin xətasız təfsir və izah edilməsinə nail olunmuşdur.
Ümumiyyətlə xristian fundamentalizminin əsas prinsiplərini belə sıralamaq olar: Kitabi-Müqəddəsin mütləq şəkildə doğru olması və onun hərfi mənada izahı, Hz. İsanın çox yaxın vaxtlarda fiziki varlığı ilə yerüzünə qayıdacağı, Hz. Məryəmin bakirəliyi, hər kəsin öldükdən sora diriləcəyi, Hz. İsanın bəşəriyyətin günahlarına kəffarə olması. Fundamentalizmin ortaya çıxmasının müxtəlif səbəbləri olduğu deyilir. Onu ortaya çıxaran ən mühüm amil qloballaşma amilidir. Xüsusilə də iqtisadi qloballaşma. Fundamentalizm qloballaşma sayəsində xarici dəyərlərlə yerli dəyərlərin toqquşması nəticəsində meydana çıxmışdır. Dünyəviləşmə amili də fundametalizmin doğmasını sürətləndirən digər bir amildir. Çünki dünyəviləşmə dini dəyər və simvolların təsirini zəiflətməkdə, bu isə qarşı tərəfin daha da dirənməsinə gətirib çıxarmışdır.

- İslam fundamentalizmi üçün də eyni səbəblər keçərlidirmi?
-İslam fundamentalizminə gəldikdə dini fundamentalizmi ortaya çıxaran səbəblər onu da meydana gətirən əsas səbəblər hesab olunur. Lakin İslam fundamentalizminin ortaya çıxmasını yuxarıdakı səbəblərlə yanaşı keçmişdə bir çox müsəlman ölkəsinin müstəmləkə ölkəsi olmasına və bu ölkələrdə tətbiq olunan müstəmləkə siyasətinə də bağlayırlar. Müstəmləkə siyasəti nəticəsində yaranan narazılıqlar İslam fundamentalizmini daha da gücləndirmişdir. İslam alimlərinin əksəriyyəti İslam fundamentalizminin İslam dininin özündən deyil, müstəmləkəçiliyin doğurduğu səbəblərdən yarandığını iddia edirlər. İslam fundamentalizmini ortaya çıxaran amillərdən bir digəri isə sosial və mədəni dəyişikliklərə qarşı olan reaksiyadır. 
İslam fundamentalistlərinin əsas düşüncəsi Allahın mütləq hakimiyyətinə bağlılıq və bütün müasir dövlət quruluşlarının bütpərəstlikdən qaynaqlanan cəhalətlərinin şəriətin tətbiqinə maneçilik törətdiyinə olan inancları istiqamətində formalaşmışdır. Daha fərqli şəkildə desək, "Qərbə qarşı olmaq" və "Əsri-səadətə dönüş (İslamın ilkin dövrü)" İslami fundamentalizmin əsas meyarıdır. Fundamentalizmin ən geniş şəkildə yayıldığı müsəlman ölkələri krizislər yaşayan ölkələrdir. İslam fundamentalizmi modernləşmənin ziddi olaraq ortaya çıxdığı söylənsə də əslində o, ənənə (tradition) ilə modernləşmə arasındakı ziddiyətlərdən ortaya çıxmışdır və buna görə də hər iki baxışı da əhatə edir. Onu ənənə ilə qarışdırmaq olmaz. Ənənə ilə İslami fundamentalizminin arasında oxşar cəhətlər olsa da, onlar bir-birindən fərqli şeylərdir. Yəni, İslam fundamentalizmi İslam ənənəsinin yenidən şərh olunmuş formasıdır. 
 
- Ümumi olaraq dini radikalizm, xüsusi olaraq İslam radikalizmi barədə nə deyə bilərsiz?
-Dini radikalizm deyildikdə öz dini baxışını başqalarına zorla qəbul etdirməyə çalışmaq, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe tutmaq,başqalarının dini dünya görüşünə hörmət göstərməmək, öz dini görüşlərini cəmiyyətin bütün sahələrinə hakim qılmaq istəyi nəzərdə tutulur. Tarixdə dini radikalizmə əksər dinlərdə rast gəlinir. Hinduizm, Buddizm,Yəhudilik, Xristianlıq və s. dinlərin tarixinə nəzər saldıqda bu cür hallarla qarşılaşırıq.
İslam radikalizminin tarixi Hz. Peyğəmbərin vəfatından qısa müddət sonraya təsadüf edir. Belə ki, həmin dövrdə ortaya çıxan xaricilik (xəvariclik) cərəyanı İslam radikalizminin ilk nümunəsi hesab olunur. İslami radikalizmin ortaya çıxmasını əsasən fundamentalizm ilə əlaqələndirirlər. Dinin literal izahı dini radikalizm üçün şərait yaradır. İslam radikalizminin ortaya çıxmasında digər səbəb kimi iqdisadi-siyasi amilləri önə sürürlər.
Yaxın keçmişə qədər dini radikalizm deyildikdə əsasən Yaxın Şərq və Əfqanıstan-Pakistan coğrafiyası yada düşürdüsə, bugün artıq Avropanın ən inkişaf etmiş ölkələrində yaşayan insanların içərisində belə dini radikalizmə meyillənənlərin saylarının artması artıq bu məsələnin müəyyən ərazi ilə məhdudlaşmadığını, getdikcə qloballaşdığını göstərir. Dini radikalizm fərdin radikallaşması ilə başlayır, lakin burda bitmir. Növbə ilə ailəsini, qohum-əqrabasını, ətraf mühitini öz əhatəsi altına ala bilir.

- Məzhəblər məsələsi də aktual məsələlərdəndir. Məzhəbləri ortaya çıxaran amillər hansılardır və İslam məzhəblərini necə qruplaşdırmaq olar?
-Ərəb dilində "getmək" mənasına gələn "zəhəb" kəlməsindən əmələ gələn "məzhəb" sözü "gedilən yol" deməkdir. Məzhəblər bir çox dinlərdə mövcuddur. İslamda məzhəblərin ortaya çıxışı müxtəlif dünyagörüşünə sahib cəmiyyətlərin və fərqli mədəniyyətlərin İslamın inanc əsasları, ibadətlər və ictimai həyatla bağlı hökmlərinə baxış tərzləridir. Yəni, məzhəblər müxtəlif dövrlərdə müxtəlif siyasi, sosial, tarixi, dini, mədəni və s. səbəblər nəticəsində insanların dinə verdikləri izahlardır. İslam məzhəbləri əsasən iki yerə ayrılır: etiqadi və əməli (fiqhi) məzhəblər. Buna siyasi məzhəbləri də əlavə edənlər var. Etiqadi məzhəblər dinin etiqad yönü ilə bağlı fərqli görüşləri əhatə edir. Fiqhi məzhəblər isə adından da göründüyü kimi əməllə bağlı məsələləri ehtiva edir.Yaxış Şərqdə baş verən proseslər İslam dünyasında məzhəblər məsələsini yenidən gündəmə gətirib. Süni şəkildə məzhəb qarşıdurmalarının ortaya çıxmasında maraqlı qüvvələr var. Lakin bir şeyi bilmək və anlamaq lazımdır ki, məzhəblər dinlərin izahıdır. Ona görə də heç bir məzhəb tamamilə haqq olduğunu və ya; -"digərləri səhv mən doğruyam" - deyə bilməz. Bir məzhəbə mənsub olmaqla məzhəbpərəstlik fərqli şeylərdir. Yəni, məzhəbə mənsub olmaq normaldır, lakin məzhəbpərəst olmaq qeyri-normaldır və dinin özünə zərərlidir.
olaylar.az
    

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt